Heyvanları yaylaqlara necə aparmalı?- Fermerlərə tövsiyə
2020-05-22 00:00:00
Havalar istiləşdikcə heyvanların yaylaqlara aparılması zərurəti yaranır. Odur ki, heyvanlar yaylaqlara aparılarkən onların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə çatdırılması vacib şərtlərdən biridir. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) aşağıda göstərilənlərə əməl olunmasını tövsiyə edir:
-xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;
-köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli sonra lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;
-köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;
-xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və s.) heyvanlar yaylağa köçürülə bilməz və onlar baytarlıq mütəxəssislərinin göstərişi ilə kökəltməyə qoyulmaqla çıxdaş edilməlidir;
-köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir;
-köç zamanı sürüdən geri qalan heyvanlar (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınmalıdır;
-köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır;
Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və ya yaylaq otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarını itirməsinlər. Heyvanların şose və ya torpaq yolu ilə aparılması çobanların bacarığından və iş təcrübəsindən xeyli asılıdır.
Heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu xəritəsi müəyyən edilir. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün öncədən müəyyən edilmiş məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa (digər sürülər, yerli heyvanlar) heyvanlarla qarışmasına yol verilməməlidir.
Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.
Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5-2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlaqlı sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5-2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.
Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşam çağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməlidir. Günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.
Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba), ilkin baytarlıq yardımı üçün dərman vasitələri və duzla ilə təmin edilməlidir.
Çobanlar heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalıdırlar. Onlar yolda müxtəlif təhlükələrə qarşı hazır olmalıdırlar. Heyvanlar təhlükəli yerlərdən (çaylardan, dərələrdən, dağlardan, körpülərdən, qumsal yerlərdən, dağlı-çaylı yerlərdən, kolluqlardan, zəhərli bitkilər olan yerdən, epizootik xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan və s.) keçdikdə öncədən müvafiq ehtiyat tədbirləri görülməlidir.
Qeyd etmək lazımdır ki, Agentliyin baytar həkimləri və mütəxəssisləri yaylaqlara qalxan heyvan sürülərinin düşərgələrində “səyyar baytarlıq xidməti” təşkil edir və tez-tez yaylaqlarda olurlar. Həmçinin heyvan düşərgələrində və yaylaqlarda keçirilən görüşlərdə təsərrüfat sahiblərinə və çobanlara həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə məlumatlar verilir. Onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması, mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) barədə ətraflı məlumatlar, eləcə də baytar həkimlərlə daim əlaqəli fəaliyyət göstərmələri tövsiyə edilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır