LOBYA İSTEHSALININ ARTIRILMASININ SƏMƏRƏLİ TEXNOLOGİYASI- Fermerlərə tövsiyə
2020-05-22 00:00:00
Torpağa və sələf bitkilərinə tələbkarlığı: Başqa bitkilərə nisbətən lobya torpağa daha tələbkardır. Belə ki, lobya qrunt suları səthə yaxın olan gilli torpaqlarda, həmçinin turş torpaqlarda pis bitir. (PH-6,0-7,5 olduqda məhsuldarlığa pis təsir edir) Qaysaq bağlayan gilli torpaqlar da lobya üçün yararsızdır, çünki belə torpaqlarda lobya cücərtiləri qaysağın müqavimətini qırıb səthə çıxa bilmir və cücərti məhv olur.
Lobya üçün ən yaxşı sələf taxıl, cərgəaraları becərilən bitkilər, çuğundur, bostan bitkiləridir. Bu bitkilərdən sonra torpaqda lazımi miqdarda nəmlik və mineral elementlər qalır. Lobya bitkisini bir neçə il eyni sahədə əkmək məsləhət deyildir. Çünki bu, torpaqda xəstəliklərin artmasına və bitkilərin zəifləməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Tərəvəz lobyası bütün bitkilər üçün gözəl sələfdir. Belə ki, torpağa azot fiksasiya (hektara 40 kq-a yaxın) edir, özündən sonra sahədə alaq otları qalmır, torpağın fiziki quruluşunu yaxşılaşdırır, ona görə də ondan sonra əkilən bitkilərdən yüksək məhsul alınır.
Məhz buna görə də, o eyni zamanda cərgəarası becərilən bitki sayılır.
Toxumun səpinə hazırlanması: Toxumun səpinə yaxşı hazırlanması yüksək məhsul alınmasının rəhnidir. Toxum materialı səpindən qabaq qarışıq və qırıntılar varsa onlardan təmizlənməlidir. Toxumlar dolu, cins, yüksək cücərmə qabiliyyətinə malik, xəstəlik və zərərvericilərlə sirayətlənməmiş olmalıdır.
Səpinə 3-4 həftə qalmış toxumlar TMTD (2,5-3 kq/t hesabı ilə) və ya fenturam (3-4 kq/t) preparatları ilə dərmanlanmalıdır.
Səpin (səpin müddəti və səpin sxemi): Tərəvəz lobyası isti sevən bitki olduğu üçün, erkən yazda torpaqda hərarətin 10-12° C olmasını gözləmək lazımdır. Respublikanın ayrı-ayrı bölgələrində lobya müxtəlif vaxtlarda əkilir.
Lobya üçün səpin müddəti torpağın 5-6 sm dərinliyində hərarətin 10-12° C olduğu vaxt hesab edilir.
Ən yaxşı səpin üsulu: Gencərgəli-cərgəarası 45 sm-dir. (Çünki bu sxem öyrənilmiş digər sxemlər içərisində ən yaxşı nəticə verib). Ağır mexaniki tərkibli boz torpaqlarda toxumlar 4-5 sm, yüngül mexaniki tərkibli torpaqlarda 7-8 sm dərinlikdə basdırılmalıdır.
Hektarda lobya bitkisinin sıxlığı o zaman normal sayılır ki, orada bitkilərin sayı 260-300 min olsun (sxemdən və sortundan asılı olaraq). Hektara səpin norması 350-400 min toxum olmalıdır (hektara 70-100 kq)
Gübrələnməsi: Paxlalı tərəvəz bitkiləri, o cümlədən də lobya qida maddələrinə yüksək tələbkardır. Tərəvəz lobyası o zaman yüksək və sabit məhsul verir ki, torpaqda üzvi və mineral gübrələr lazimi miqdarda olsun.
Bu məqsədlə lobya səpiləcək sahəyə hər hektara əsas şum altına 30-40 ton peyin verilməsi məsləhət görülür. Bitkilərin qidalanmasında mineral gübrələrin də rolu böyükdür. Aparılan tədqiqatlara görə, hektara təsiredici maddə hesabilə N45P60K60 verdikdə yüksək məhsul almaq olar.
Əkinə qulluq: Lobya əkininə qulluq işləri torpağın yumşaldılması, alaqsız saxlanması, yemləmə gübrələrinin verilməsi, əgər bitki sıx səpilibsə seyrəldilməsi, xəstəlik və zərərvericilərlə mübarizə, vaxtlı-vaxtında suvarılmadan ibarətdir
Vegetasiya ərzində bitkiyə iki dəfə yemləmə gübrələri vermək lazımdır. Birinci yemləmə kütləvi çıxışdan 12-15 gün sonra, ikinci yemləməni isə qönçələmə dövründə vermək məsləhətdir. Təsərrüfatlarda alaqlarla mübarizədə mütləq herbisidlərdən istifadə etmək lazımdır. Lobya əkinində əsasən prometrin və linuron herbisidlərindən istifadə olunur. Lobya əkinində prometrini yüngül hunuıslu torpaqlara hektara 1,5-2,0 kq, qara torpaqlara isə 3,0 kq hesabı ilə səpindən qabaq şuma vermək lazımdır.
Linuron birillik alaqlara yaxşı təsir edir. O, səpindən sonra hektara 4,0 kq dozasında verilir.
Respublikamızın suvarılan zonalarında lobya bitkisinin cərgəaralarının becərilməsinə kütləvi cücərti alınandan sonra, yəni bitkilərin hündürlüyü 10 sm olduqdan sonra başlamaq lazımdır. Vegetasiya ərzində 3-4 dəfə yumşaltma və dibdoldurma aparılmalıdır.
Lobya bitkisi ümumiyyətlə suyu çox sevən bitkidir, torpaqda daima bitkiyə lazım olan nəmliyi yaratmaq lazımdır. Bitkinin fazalarından asılı olaraq ona verilən su norması müxtəlif, yəni 350 m 3-dən 900 m3-ə kimi olur.
Lobyanın xəstəlik və zərərvericiləri: Lobya əsasən göbələk, virus və bakterioloji xəstəliklərinə tutulur. Göbələk xəstəlikləri içərisində ən qorxulusu və yayılmışı antroknoz, bakterioloji xəstəliklərdən isə ən çox yayılmış bakterioloji yanıqdır. Bu xəstəlik nəmlik çox olanda daha sürətlə yayılır. Lobyanın xəstəliklərinə qarşı ən yaxşı mübarizə tədbiri 1-ci növbədə yüksək aqrotexniki qaydalara riayət etməkdir. Lobya üçün ən qorxulu zərərverici dən böcəyidir (faselovaya Zernovka). Bu zərərverici sahədə və anbarda çoxalır. İl ərzində 5-6 dəfə nəsil verir.
Buna qarşı mübarizə tədbiri-çiçəkləyən zaman və çiçəkləmədən sonra 80%-li xlorofosla (1-1,2 kq/hek) və ya roqor 1,0-1,5 litr/hek hesabı ilə çiləmə aparmaq lazımdır.
Məhsulun yığılması: Lobyanın texniki yetişmiş meyvələri kütləvi çiçəkləmədən 8-10 gün sonra yığılır. Məhsulun onun sortundan və bar vermə müddətindən asılı olaraq 6-8 dəfə yığmaq olar. Konserviləşdirmək məqsədilə məhsulu bir və ya iki dəfə kütləvi surətdə yığmaq lazımdır.
MQP çərçivəsində tətbiq olunan texnologiyanın nəticəsində orta hesabla 19-23 ton məhsul əldə olunmuşdur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır