Respublikada xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb
2020-05-02 00:00:00
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərdən olan xırdabuynuzlu heyvanların çiçək xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb. Bu məqsədlə rayon (şəhər) baytarlıq idarələrinə qoyun və keçilərin çiçək xəstəliyinə qarşı 4041200 doza miqdarında çiçək vaksini göndərilib. Vaksin bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılıb. Hal-hazırda peyvəndləmə tədbirləri aparılır.
Qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır.
Çiçək iti gedişli virus xəstəliyi olmaqla intoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.
Xəstəliyin inkubasiya müddəti 4-12 gündür. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra roziolalar (çiçək formaları), onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir. Çiçək səpgiləri çox vaxt dodaqda, göz ətrafında, qabaq və arxa ayaqların iç tərəfində, xaya torbasında, həmçinin yelinin dərisində və dişilərin cinsiyyət dodaqlarının(vaginanın) selikli qişalarında olur. 5-6 gün sonra toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək prosesi mürəkkəbləşərsə, o zaman tənəffüs yollarının və mədə-bağırsaq sistemini zədələnməsi ilə müşayiət olunan sekundar infeksiyanın yaranması ön plana keçir.
Qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin yaxşı proqnozu zamanı ölüm 2-3%, yayılmış və hemoroji çiçək zamanı isə 100 %-dək ola bilər.
Hal-hazırda Azərbaycanda xəstəliyə qarşı qoyun çiçəyi virusundan hazırlanmış heterogen (qoyun və keçi çiçəyi peyvəndi) peyvəndindən istifadə edilir. Vaksinlər dövlət vəsaiti hesabına alınır və ödənişsiz əsaslarla heyvanlara tətbiq edilir. Tədbirlərin heyvanlar yaylağa çıxana qədər yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Həmçinin, heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitdə aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 m məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən qoyun və keçilər məcburi surətdə karantində saxlanmalıdır. Eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.
Hazırda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına və epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı tədbirlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır