Qoyunların qırxılması qaydalarına və gigiyenasına əməl edilməlidir
2020-05-06 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, baytarlıq-sanitariya cəhətdən yazda qoyunlar yaylaq şəraitinə keçirilməzdən əvvəl qırxılmalı, qoturluq və digər dəri xəstəliklərinə qarşı çimizdirilməlidir. Heyvan sahibləri və heyvana baxanlar, xüsusilə çobanları ilk növbədə zərif, yarımzərif və yarımqaba yunlu qoyunları otlağa keçirməzdən əvvəl onların quyruq hissəsi, ayaqlarının yanı, anus ətrafı, yelin ətrafı, ayaq və baş nahiyələri qırxılmasına diqqət yetrməlidirlər. Heyvandan uzun yun almaq məqsədi ilə ildə bir dəfə (yayda) əsas qırxım aparılır. Qabayunlu qoyunlarla, zərifyunlu qoyunların mələzi ildə iki dəfə-yazda və payızda qırxılır. Zərif və yarımzərif yunlu qoyunlar bir yaşında da qırxılır. Qırxım yazda aparılır. Qabayunlu qoyunların quzuları doğulduğu müddətdən asılı olaraq 1-2 dəfə qırxılır. Qışda doğulan quzular 5-6 aylığında, yazın axırında və ya yayda qırxılır (avqustdan gec olmayaraq).
Yaz qırxımı iqlim şəraitindən asılı olaraq aprel ayından başlayaraq iyunun 15-nə, payız qırxımı isə sentyabrın 1-dən başlayaraq oktyabrın 1-nə qədər davam edir.
Yaz qırxımı çox tez aparılmamalıdır, çünki qoyunlar soyuqlayıb xəstələnə bilərlər.
Romanov cinsli qoyunlar ildə üç dəfə yazda (aprel, mart), yayda (iyul) və payızda (sentyabr ayının ikinci yarısı) qırxılır. Quzular isə 2 dəfə (5-6 aylıqda) yayda və payızda qırxılır. Payızda ətliyə verilən qoyunlar qırxılmamalıdır. Qırxım isti, küləksiz və quru havalarda xüsusi binalarda, çardaq altında və ya pəyədə təşkil edilməlidir. Qırxım yeri işıqlı və təmiz olmalıdır. Qırxım aparılan yerin döşəməsi taxtadan olmalıdır. Əgər döşəmə torpaqdan olarsa onu möhkəm tapdalamaq və üzərinə su çiləmək lazımdır. Çox isti və soyuq binalarda qırxım aparılmasına yol verilməməlidir. Qırxım aparılan yerdə tozun qarşısını almaq üçün döşəməyə tez-tez su çilənir. Eləcə də çox çirklənmış qoyunlar qırxımdan bir həftə qabaq çimizdirlir.
Qırxım kürsü üstündə aparılır. Kürsünün uzunluğu 1,5 m, eni 0,70—0,80 m, hündürlüyü 0,5-0.8 m olmalıdır. Qırxım yerində bir qoyuna 1 kvadratmetr sahə düşməlidir.
Qırxılacaq qoyun sürüsünə axşamdan su və yem verilməməlidir, çünki su və yem verilmiş qoyunları qırxarkən (ayaqlarını bağlayıb yerə yıxdıqda) onlarda mədə-bağırsağın peristaltikası pozulur, timpaniya baş verir. Bundan başqa, onlar nəcis və sidik ifraz edirlər ki, bu da yunun çirklənməsinə səbəb olur.
Yunu tamam quru olan qoyunlar qırxılmalıdır. Yağışdan və şehdən islanmış qoyunların yunu quruduqdan sonra qırxılır. Qırxımdan əvvəl sürü baytarlıq müayinəsindən keçirilməlidir. Qırxım zamanı əvvəlcə sağlam, sonra xəstə qoyunlar qırxılır. Xəstə (qoturluq, dəmrovlu və s. qoyunların qırxılması xüsusi ayrılmış qapalı yerlərdə aparılır. Belə qoyunların yunu ayrıca yığılır. Xəstə qoyunlar qırxıldıqdan sonra qırxım alətləri, kürsü, paltar və d. avadanlıqlar dezinfeksiya edilməlidir.
Qırxım əl (qayçı) ilə və elektromexaniki (maşın) üsullarla aparıla bilər. Maşınla qırxımın üstünlüyü çoxdur, çünki bu üsulda qırxım dərinin hər yerində bərabər gedir, yun daha uzun qırxılır, əmək məhsuldarlığı xeyli artır, yun az çirklənir və s.
Qırxımda baytarlıq baxışı və yardımı göstərmək üçün baytarlıq mütəxəssisi iştirak etməlidir.
Qoyunlar qırxımdan sonra yoxlanır, onların bədənində olan kəsiklər dezinfeksiya edilir.
Qırxmaq üçün qoyunlar boynundan və ya dal ayağından ehtiyatla tutulmalıdır. Qoyunu kürsünün üstünə ehtiyatla yıxmalı və təsbit edilməlidir.
Qırxım üçün istifadə edilən əl qayçısı və ya elektrik maşını saz olmalıdır.
Qoyun saxlanılan yerlərdə mərkəzləşdirilmiş iri qırxım məntəqələri tikilməlidir. Bu məntəqələr qırxım üçün lazım olan bütün avadanlıqlarla (kürsü, qayçı, konveyer və s.) və yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməlidir.
Qoyunun əvvəl sağ tərəfi—arxa və qabaq ayaqları, sonra isə qarın nahiyəsi qırxılır. Sağ tərəfdə qırxım qurtardıqdan sonra onu sol tərəfi üstə çevirərək qalan hissəsi qırxılır. Axırda baş və quyruq nahiyələri qırxılır. Son zamanlar Orenburq qırxım metodundan istifadə edilir. Bu metodla qırxımda qoyun bağlanmır, əlavə işçi qüvvəsinə ehtiyac olmur. Qoyunu qırxan özü onu tutub qırxır. Qırxım sürətlə aparılmalı və qısa vaxtda qurtarmalıdır. Qoyunun yunu mümkün qədər dərisinə yaxın və bir dəfə kəsimlə qırxılmalıdır. Lakin elə etmək lazımdır ki, dəri zədələnməsin. Uzunluğu 7-9 sm olan yun qiymətli, 3-4 sm olan yun isə ucuz yun sayılır.
Qırxımdan sonra qoyunlar çardaqlara və binaya salınır, quzusu olan qoyunlar isə quzunun yanına salınır ki, quzu anasını tanısın. Qırxılmış sürü 10 gün binanın yaxınlığında otarılmalıdır ki, yağışlı və soyuq havalarda sürünü tez binaya doldurmaq mümkün olsun. Cənub rayonlarında qırxılmış sürü, qızmar günəş şüasından və yüksək temperaturdan qorunmalıdır. Eləcə də qırxım aparılan yer dezinfeksiya olunmalıdır.
Qeyd edək ki, qırxımdan sonra mütləq qaydada heyvanlar baytar həkiminin göstərişi əsasında xüsusi hazırlanmış məhlulda çimizdirilməli və kölgəlidə quruması təmin olunmalıdır. Xüsusi vannalardan keçirilən heyvanların sağlamlığı (qızdırmaya görə) tam təmin edilmiş olur.
Heyvanlarda qırxım işləri təsərrüfat sahibinin hesabına aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, qoyunlarda qırxım aparılan zaman heyvanlar arasında mədə-bağırsağın peristaltikası pozulur, timpaniya xəstəliyi əmələ gəlir, bəzən isə ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda qırxım aparılan zaman mütləq şəkildə baytarlıq-sanitariya qaydalarına, tövsiyələrə ciddi əməl edilsin və təbirdə baytar həkiminin iştirakı təmin edilsin.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır