Xızı rayonunda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
2020-05-08 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Xızı rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların infeksion nodulyar dermatiti, xırdabuynuzlu heyvanların qarayarası, çiçəyi və quşların nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır.
2020-ci ilin əvvəlindən indiyə kimi Xızı rayonunun ayrı-ayrı təsərrüfatlarında 8407 baş iribuynuzlu, 23909 baş xırdabuynuzlu və 582 baş təkdırnaqlı heyvanda qarayara, 19093 baş iribuynuzlu heyvanda dabaq, 8259 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 1636 baş itdə və 2052 baş vəhşi heyvanda (oral vaksinlə) quduzluq, 2576 baş xırdabuynuzlu heyvanda çiçək, 3792 baş iribuynuzlu heyvanda dabaq, 2040 baş xırdabuynuzlu heyvanda (Rev-1 vaksini ilə dişi quzular arasında) bruselyoz, 3168 baş iribuynuzlu heyvanda leptospiroz, 37782 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 15434 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya, dezinseksiya və heyvanların müalicə işləri həyata keçirilir. Cari ilin müvafiq dövrü ərzində Xızı rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 23 obyektdə 9300 kvadratmetr ərazidə dezinfeksiya, 11 obyektdə 9350 kvadratmetr ərazidə dezinseksiya işləri görülüb. Eləcə də heyvanların daxili yoluxmayan xəstəliklərinə qarşı 56 baş iribuynuzlu və 39 baş xırdabuynuzlu heyvanlarda ambulator müalicə tətbiq edilib və sağalmalarına nail olunub.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitində aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən heyvanlar məcburi surətdə karantində saxlanmalı, eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır