Heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi əsas profilaktik tədbirlərdən biridir
2020-06-04 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, yaz və yay mövsümlərində kənd təsərrüfatı heyvanlarının ektoparazitlərə (gənə, ağcaqanad, mığ-mığa, qara milçək, bit, birə və s.) qarşı çimizdirilməsi əsas profilaktik tədbirlərdən hesab edilir. Heyvanların çimizdirilməsi profilaktik və müalicəvi-terapevtik məqsədlə aparılır. Həmçinin heyvanlarda dəri təmizliyini qorumaq üçün adi su ilə çimizdirilmə də həyata keçirilir.
Xırdabuynuzlu heyvanların çimizdirilməsi xüsusi hazırlanmış vannalarda aparılır.
Çimizdirmə vannaları davarların yerləşə biləcəyi ölçülərdə (dərinliyi 110 sm., eni 70-80 sm., uzunluğu isə 6-8 metr) hazırlanır. Belə vannalar çardaqlı və ya çardaqsız, dəmir-beton, kərpic, üzəri suvaqla örtülən və ya örtülməyən formada olur. Hətta primitiv qaydada torpağı qazmaqla da vanna hazırlanır, lakin belə vannalarda dərman itkisi həddən artıq çox olmaqla ətraf mühitin çirklənməsinə səbəb olduğundan istifadəsinə icazə verilmir.
İribuynuzlu heyvanlar və qoyunlar yalnız isti yay günlərində vannalarda çimizdirilir, buna görə vannalar açıq havada təşkil olunur ki, bu zaman suyun temperaturunun 16-18 °C-yə qədər olması vacibdir.
Müalicəvi məqsədlər üçün (məsələn, dırnaq və ətrafların xəstəliyi, inək, qoyun və keçilərin yelin xəstəliyi zamanı) fərdi vannalardan istifadə olunur.
İribuynuzlu heyvanlar (xüsusi ilə mal-qara, at və dəvə) üçün duş qurğularında çimizdirmə yüksək effektli hesab olunur. Duş qurğularına xüsusi nasoslarla təzyiq altında su vurulur. Kiçik ailə təsərrüfatlarında su şlanqından istifadə etməklə heyvanları çimizdirmək mümkündür. Heyvanları, xüsusilə atları qidalanmadan dərhal sonra və günün istisində çimizdirmək olmaz.
İnəklər (ağciyər xəstəliklərinin təhlükəsi və ya yelin iltihabı səbəbindən) ən az 18 °C temperaturda olan su ilə çimizdirilir.
Qoyunlar qırxılaraq çimizdirdikdən sonra onları qurumamış gün altına buraxmaq məsləhət deyil. Qoyunların islanmış yunundan su buxarlanması nəticəsində qoyunlar böyük miqdarda istilik itirir və bu da kataral xəstəliklərə səbəb ola bilər. Buna görə də qoyunlar vannadan sonra ikitərəfli hava cərəyanından qorunmalıdır. Donuzlar başqa heyvanlardan daha çox istidən əziyyət çəkdikləri üçün çimməyi sevirlər və buna görə də onların dezinfeksiya məhlulları əlavə edilmiş vannalarda çimizdirilməsi aparılmalıdır.
Bütün vannalar təbii və süni su mənbələrindən (500 m-dən çox olmamaqla) uzaq olmalıdır. Vannalar heyvanların bütün cəmdək nahiyələrinin tam yuyulmasını təmin etməlidir (boyun qırışları, yelin ətrafı və quyruq altı). Eləcə də vannalarda heyvanların baş hissələrinin islanması tam təmin edilməlidir.
Heyvanların çimizdirilməsindən öncə preparatın işçi məhlulunun hər partiyasını toksiki təsirinə görə kiçik bir heyvan qrupunda sınamaq lazımdır. Əgər çimizdirilmədən 1 gün sonra heç bir toksiki təsiri olmasa, bütün sürünün kütləvi çimizdirilməsi aparılır. Vannadan çıxan heyvanlar ən azı 1-2 saat çardaq altında və ya kölgəli ərazidə saxlanmalıdır.
Heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi mütləq şəkildə baytar həkiminin iştirakı, nəzarəti, göstərişi və tövsiyəsi ilə aparılmalıdır Preparat təlimata uyğun qaydada hazırlanmazsa və baytar həkiminin iştirakı olmadan heyvanlar çimizdirilərsə, o zaman heyvanda zəhərlənmə, kütləvi ölüm halları və hətta, qapalı şəraitdə təsərrüfatda tədbir aparan insanın zəhərlənməsi baş verə bilər.
Yay dövründə respublikamızda heyvanlar arasında qan-parazitar (el arasında qızdırma deyilir) xəstəlikləri geniş yayılır. Bunun da əmələ gəlməsində ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərə qarşı mübarizə məqsədi ilə maddələrlə (xlorofos, neosidol, diazinon, kreolin, ektovil, sytrin və s.) işlənməsi (çimizdirmə, çiləmə və s.) zamanı işçi məhlulun düzgün dozada hazırlanması və işləmənin açıq şəraitdə günün sərin vaxtlarında aparılmasına çox ciddi diqqət yetirilməlidir. Əks halda hər hansı buraxılmış səhv heyvanların zəhərlənmədən kütləvi tələfatına səbəb ola bilər.
Ümumiyyətlə, dərman preparatları ilə heyvanların çimizdirilməsi baytar həkimin nəzarəti altında aparılmalıdır. Heyvan və quşlara hər hansı bir dərman maddəsi tətbiq edilərkən onun südündə, ətində və yumurtasında qalma müddətinə diqqət yetirməklə istifadə olunmalıdır. Son illərdə akarasidlər əleyhinə müasir preparatlar var ki, bu preparatlar heyvanların onurğa sütunu boyunca təlimat əsasında tökülməklə daha yüksək və uzunmüddətli təsir əldə etmək olar. Bunların süddə qalma müddəti və zəhərlənmə riski demək olar ki, yoxdur.
Heyvan saxlanılan binalar və ətraf ərazilərdə də dezinseksiya işləri aparılmalıdır.
Kimyəvi maddələrlə işləyən şəxslər işləmə haqda təlimatlandırılmalı və işə başlamazdan əvvəl xələt, rezin çəkmə, əlcək, qoruyucu eynək və respiratorla təmin olunmalıdır.
Heyvanlarda çiləmə üsulu effektivlik nisbətinə görə çimizdirilmə üsulundan geri qalır, çünki bu üsul yun örtüyünün tamamilə islanmasını təmin etmir.
Püskürmə və çiləmə üsulları maksimal nəticə əldə etməyə imkan vermir. Ən güclü püskürmə damcıları tük və ya yun səthini doyurur, dəri təbəqəsinə çatmır. Buna görə də püskürmə üsulu yalnız çimizdirilmənin qeyri-mümkün olduğu hallarda xırdabuynuzlular istisna olmaqla digər heyvanlarda istifadə edilə bilər.
İşçi məhlul açıq havada hazırlanmalıdır.
Aqrar Xidmətlər Agentliyi heyvandarlıqla məşğul olan fermer və təsərrüfat sahiblərinə tövsiyə edir ki, aparılan baytarlıq tədbirləri, o cümlədən heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi baytar həkiminin iştirakı və nəzarəti altında aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır