Qoyunların sağım sanitar-gigiyenası
2020-07-02 00:00:00
Qoyun südü, inək südündən qidalıdır. Məsələn, qoyun südündə zülal 5,2 %, yağ isə 6,6 %-dir. Qoyun südündən keyfiyyətli pendir növləri, süzmə, şor, qaymaq, ayran, kəsmik, qatıq və s. məhsullar hazırlanır. Odur ki, sağım zamanı bir sıra sanitariya-gigiyena şərtlərinin və qaydalarının gözlənilməsi məsləhətdir.
Qaragül (xəz-dəri üçün quzusu kəsilmiş), sıqay, qabayunlu və quzusu ölmüş qoyunlar sağılır. Romanov, Hissar, zərifyunlu və damazlıq üçün bəslənən, habelə quzusu zəif olan qoyunlar sağılmır. Qoyunların laktasiya dövrü 3,5-4 ay olur. Qoyunlar doğduqdan 2-2,5 ay sonra 40-60 gün sağılır. Orta hesabla bir laktasiya dövründə sıqay qoyunu 100-130 kq, qaragül qoyunu 70-80 kq, Poltava qoyunu 42-140 kq, quyruqlu qoyun 144-176 kq süd verir. Bəzi qoyunlardan 200 kq-a qədər süd sağmaq mümkündür.
Quzulu qoyunlar gündə bir dəfə, quzusuz qoyunlar isə iki dəfə (səhər və axşam) sağılır. Doğuma 1-1,5 ay qalmış sağım dayandırılır.
Sağım məntəqəsi quru və hündür yerdə düzəldilir. Sağım fərdi dəzgahlarda aparılır. Belə dəzgahlarda döşəmə gildən və ya taxtadan düzəldilir. Dəzgahların üstü çardaqla örtülür. Dəzgahların ön və arxa tərəfində gəzinti yeri olmalıdır. Gəzinti yerinin bir tərəfinə sağılacaq, digər tərəfinə isə sağımdan qurtaran qoyunlar buraxılır. Otlaqlarda istifadə edilən sağım dəzgahları köçürülə bilən formada düzəldilir.
Sağım məntəqəsi, xüsusilə dəzgahlar təmiz saxlanmalı və həftədə bir dəfə dezinfeksiya edilməlidir. Sağım qabağı döşəmə təmizlənməli və azacıq isladılmalıdır. Sağıcılar isə sağıma başlamamış əllərini sabunlu su ilə yumalı və təmiz xələt geyməlidirlər. Sağıma başlayarkən qoyunun əmcəyi yaş dəsmalla silinir, südünün ilk payı çirkli olduğu üçün ayrıca qaba sağılır. Süd çirklənməsin deyə bidonlara tənzifdən süzülür, ağzına tənzif qoyulur və bağlanır.
Qoyunlar Moldova və Qafqaz üsulu ilə sağılır. Moldova üsulunda arxadan, Qafqaz üsulunda isə yandan sağılır. Moldova üsulunda qoyunu tez (45-50 saniyəyə) sağmaq olur, lakin süd çirklənə bilir. Südün çirklənməsinin qarşısını almaq üçün süd sağılacaq qabın ağzı ikiqat tənziflə bağlanır. Südü bidona boşaltdıqda yenə də tənzifdən keçirmək lazımdır.
Sağmal sürü baytarlıq nəzarəti altında olmalı, vaxtında baytarlıq-sanitariya müayinəsindən keçirilməli və xəstəliklərə qarşı müvafiq peyvəndlər aparılmalıdır. Bruselyoz xəstəliyi olan qoyun sürüsündə xüsusi təlimat əsasında xəstəliyə qarşı mübarizə tədbirləri aparılmalıdır. Sağmal qoyun sürüsü yaxşı otlaqlarda otarılmalı, otlaq sahəsi isə sağım məntəqəsindən 2-3 km-dən aralı olmamalıdır. Köklük dərəcəsi aşağı olan qoyunlara sağıma 2-3 həftə qalmış, habelə sağım müddətində əlavə konsentrat yemlər verilməlidir. Doğuma iki həftə qalmış boğaz qoyunun yelinin üstü və ətrafı qırxılır, doğum bölməsi qaydaya salınıb təmizlənir, dezinfeksiya edilir, döşəməyə isti və quru döşənək (saman) səpilir. Doğum bölməsi isidilir, burada temperatur 15 °C olmalıdır. Boğaz qoyunlar həmişə nəzarət altında olmalı və onlara xüsusi xidmət edilməlidir. Çalışmaq lazımdır ki, qoyun yataqlarında sistematik olaraq dezinfeksiya və dezinseksiya tədbirləri ciddi olaraq həyata keçirilsin.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır