Qoyunların yaylaq, otlaq və otlaq-pəyə şəraitində saxlanması-Mütəxəssis tövsiyəsi
2020-07-08 00:00:00
ütün kənd təsərrüfatı heyvanlarına nisbətən qoyunlar yaylaqlarda olan otlaqlardan daha səmərəli istifadə edir. Ölkəmizin, xüsusən cənub və aran rayonlarında qoyunlar bütün ili otlaq (yaylaq və qışlaq) şəraitində saxlanılır. Qoyunlar otlaq şəraitində ucuz və qiymətli yem ala bilirlər. Yaxşı otlaq şəraitində qoyunların məhsuldarlığı və çoxalma qabiliyyəti artır, onlar xəstəliklərə davamlı olurlar.
Qoyunlar üçün quru, tozu olmayan, müxtəlif alçaq boylu bitkiləri olan sahələr, çəmənlik, meşə-düzənlik və düzənlik otlaqlar ayrılmalıdır. Qoyunlar dağ və yaylaq otlaqlarından daha yaxşı istifadə edirlər. Pis otlaqlarda qoyunlar doyunca yem ala bilmir, əlavə yemə ehtiyac artır, qoyunların məhsuldarlığı isə aşağı düşür. Qoyunlar üçün rütubətli, dəniz səviyyəsindən aşağı bataqlıq olan otlaqlar əlverişli sayılmır. Belə otlaqlarda qoyunlar arasında invazion və dırnaq xəstəlikləri daha çox müşahidə edilir. Eləcə də qoyunlar üçün kollu, tikanlı və qaba bitkilər, habelə tikanlı toxumu olan yapışqanlı (qatıqotu, aqot və s.) otlaq sahələri əlverişli hesab edilmir. Belə otlaqlar qoyunun yununu çirkləndirir, habelə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Fermerlər təbii otlaqların yaxşılaşdırılması haqqında müvafiq tədbirlər görməlidirlər. Bunun üçün otlaq sahələrini suvarmaq, zəhərli bitkilərdən təmizləmək, bataqlıqları qurutmaq, kiçik çeyillikləri və gölməçələri hasarlamaq, habelə otlaqda məhsuldarlığı artırmaq üçün tədbirlər görməlidirlər.
Yaylaq və otlaq şəraitində qoyunları su ilə təmin etmək üçün su mənbələri qaydaya salınmalı və suvarma məntəqələri düzəldilməlidir. Suvarma məntəqəsi ilə otlaqlar arasında 2-3 km-dən artıq məsafə olmamalıdır. Qoyunların suvarılması üçün səyyar su təknəsindən istifadə edilməlidir. Otlaq şəraitində su təchizatı və suvarmaya qoyulan gigiyenik qaydalar gözlənilməlidir. Qoyunların gecələməsi və gündüzlər istirahət etməsi üçün otlaqlarda yataqlar düzəldilir. Bu yataqlar hərəkətedici arakəsmələrlə (tirlər) kiçik hissələrə bölünür. Burada xəstə qoyunlar seçilib ayrı bölmədə saxlanır.
Yataqlar və ya bazalar köçürülə bilən yüngül yem və su qabları ilə, habelə bəzi avadanlıqlarla (bel, vedrə, zibil yeşiyi, arakəsmələr) təmin edilməlidir. Yataqlarda və ya duzlaqlarda qoyunlar üçün daş duz qoyulmalıdır. Eləcə də heyvanların yataq yerləri hər gün mexaniki təmizlənərək, heç olmasa iki həftədən bir həmin yerlər dezinfeksiya edilməli və baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmalıdır. Otlaq şəraitində qoyun sürüsü aşağıdakı sayda təşkil edilir: 1) quzulu qoyunlar 700-1500 baş; 2) süddən ayrılmış quzular 1000-1500 baş; 3) kökəldilən quzular 2000 başa qədər olmalıdır.
Xatırladaq ki, qoyunlar otlaq şəraitinə tədricən keçirilməli və müəyyən hazırlıq işləri görülməlidir.
Qoyunların otarılmasında küzlə otarma sistemi tətbiq edilməlidir. Otlaq şəraitində görüləsi işlər işçilər arasında bölünməli və bu işlərin vaxtında yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir. Otlaqda yem çatışmadıqda qoyunların otlaq-pəyə və ya otlaq-düşərgə şəraitində saxlanma sistemi təşkil edilir. Belə şəraitdə qoyunlara biçilmiş göy ot, qarğıdalı silosu, şəkər çuğunduru verilir. Ot və taxıl biçildikdən sonra həmin yerdə qoyunlar otarılır. Qoyunları fasiləsiz olaraq yaşıl yem kütləsi ilə təmin etmək üçün yaşıl konveyer sistemi də tətbiq edilir.
Quzulu qoyunlar şirəli bitkilərlə zəngin olan otlaqlarda otarılır. Belə otlaqlarda qoyunların südü artır. Bu da quzuların südlə yaxşı təmin edilməsinə səbəb olur.
Qoyunlar geniş sahələrdə bərabər otarılmalıdır. Bunun üçün çobanın biri sürünün qabağında, digəri isə arxada durmalıdır. Bu qayda ilə otarmada qoyunların çox irəli qaçmasına və geri qalmasına yol verilmir. Qoyunlarda köpmə xəstəliyinin qarşısını almaq üçün (yazda və payızda) onlar səhər tezdən ot üzərindən şeh çəkildikdən sonra otlağa aparılmalıdır, çünki qoyunlar şehli ot yedikdə onlarda köpmə əmələ gəlir. İsti havalarda qoyunları səhər tezdən otlağa aparmaq lazımdır. Qoyunları istivurmadan və hipertermiyadan qorumaq üçün yayın isti və bürkülü günlərində otlağa aparılmamalıdır. Belə vaxtlarda qoyunlar kölgəli, mehəsən, külək tutan, ağac və qaya kölgəsi olan yerlərdə saxlanmalıdır. Heyvanlar yay dövründə həm yaylaq, həm də otlaq-pəyə şəraitində saat 11-17 arasında kölgəli sahələrdə saxlanılmalı və təmiz bol su ilə təmin edilməlidir.
Ölkəmizin aran rayonlarında (isti günlərdə) qoyunların gecə otarılması təşkil edilməlidir. İsti yay günlərində (səhərlər) qoyunlar otlaq sahələrinə külək əsən istiqamətdə aparılmalıdır, çünki belə halda konvensiya yolu ilə istilikburaxma artır.
İsti havalarda qoyunların topa halında yığılmasına yol verilməməlidir, çünki onların yan-yana sıx durması istivurmaya səbəb olur.
Yayda günəş şüalarının qoyunun gözünə və başına düşməsinin qarşısını almaq üçün otarılma elə təşkil edilməlidir ki, günəşin şüaları onların üstünə arxadan, ya da yandan düşsün. Belə ki, çobanlar günəş şüalarının düşmə və küləyin əsmə istiqamətini müəyyən etməlidirlər.
İsti havalarda qoyunlar sərin yerlərdə dincəlməli, sonra isə suvarılmalıdır. Belə halda qoyunlar həvəslə otlayırlar. Eləcə də qoyunlar vaxtaşırı baytarlıq müayinəsindən keçirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır