QIZIL BALIQLARIN FURUNKULYOZU
2020-08-25 00:00:00
Furunkulyoz qızıl balıq ailəsinin infeksion xəstəliyi olub, septisemiya, əzələ toxumasında yaralara çevrilən furunkulların əmələ gəlməsi və daxili orqanların müxtəlif patoloji dəyişiklikləri ilə özünü göstərir.
İqtisadi zərər. Furunkulyoz zamanı kütləvi tələfat baş verir ki, bu da təsərrüfatda böyük iqtisadi zərərə səbəb olur. Həmçinin xəstəlik zamanı təsərrüfatlarda balıqçılıq meliorativ və baytarlıq-sanitariya tədbirləri aparılır ki, buna da müəyyən qədər maddi vəsait, vaxt və işçi qüvvəsi sərf olunur.
Törədicisi. Xəstəliyi Aeromonas salmonicida bakteriyaları törədir. Bu 0,8x0,5 mkm böyüklükdə fakultativ anaerob, qrammənfi, hərəkətsiz olmaqla mikroskopun görünüş sahəsində tək-tək, cüt-cüt və bəzən zəncir şəklində görünür.
Epizootoloji xüsusiyyətləri. Xəstəliyə ən çox çay foreli, qızıl xallı forel və digər qızıl balıq ailəsinə mənsub olan balıqlar həssasdır. Bundan əlavə bu xəstəliyə alabalıq, karp, durnabalığı, xanı balığı və s. növ balıqlarda da təsadüf edilir. İstiqanlı heyvanlar xəstəliyə həssas deyil. Xəstəlik iki yaşdan yuxarı balıqlarda daha ağır formada gedir. Epizootiya əsasən yay fəslində nəzərə çarpır. Çünki yüksək temperatur suda amilin sürətli artımına səbəb olur və suyun qaz-duz tərkibinin pisləşməsi nəticəsində balıqların ümumi rezistentliyi aşağı düşür. Suyun temperaturu 7°C və daha aşağı olduqda xəstəlik latent formada keçir.
Xəstə balıqlar və bakteriyagəzdirənlər infeksiya mənbəyi kimi mühüm rol oynayır. Amillə çirklənmiş su, torpaq infeksiyanın yayılmasında mühüm rol oynayır. İnfeksiya mənbəyi kimi həmçinin bir çox vəhşi balıqlar, onurğasız hidrobiontlar və qurbağalar da nəzərə alınmalıdır. Yoluxma əsasən kontakt və alimentar yolla baş verir.
Xəstəliyin yayılmasında qeyri-sağlam təsərrüfatdan xəstə balıq, kürü və digər məhsulların nəzarətsiz olaraq digər təsərrüfatlara daşınması və bu zaman baytarlıq-sanitariya qaydalarının gözlənilməməsi xəstəliyin əmələ gəlməsinə səbəb olur.
Patogenez. Amil orqanizmə alimentar yolla, həmçinin qəlsəmələr və dəri zədələnmələri sahəsindən daxil olur. Qana daxil olmuş Aeromonas salmonicida septisemiya törədir, sonra isə kapilyarlardan ətraf toxumalara keçir və orada furunkulların əmələ gəlməsinə səbəb olur. Xəstəliyin iti gedişində furunkullar əmələ gəlməmiş balıqlar məhv olur. Bu hal onunla izah edilir ki, iti formada amil sürətlə artıb çoxalır və güclü toksin hasili nəticəsində iti toksikoz və ölüm baş verir. İldırımvarı formada balıqların ölümü amilin bağırsaq şöbəsində sürətli inkişafı və toksin hasil etməsi ilə əlaqədardır.
Gedişi və kliniki əlamətləri. Xəstəlik ildırımvarı, iti, yarımiti və xroniki formada gedir.
İldırımvarı forma əsasən kök və yağlı balıqlarda getməklə mühüm əlamətlər görünmədən qəflətən ölümlə özünü göstərir.
İti forma zamanı septisemiya və həzm sisteminin pozğunluğu əlamətləri özünü göstərir. Dəri örtüyü və qəlsəmələrdə nöqtəvari qan sağıntıları, sonra həmin sahələrdə hemorroji şişkinlik nəzərə çarpır. Bu dövrdə balıqların əksəriyyəti ölür və bir qismi isə yarımiti formaya keçir. Bu forma ekoloji şəraitdən asılı olaraq 1-3 gün davam edir.
Yarımiti forma zamanı iltihab sahəsində şişlər furunkullar görünür. Bu şişlər əzələ toxumasının dərin qatlarında inkişaf edir və əllə təsir etdikdə yumşaq konsistensiyalı olması nəzərə çarpır. Furunkulların daxilində irin kütləsi ilə bərabər çoxlu miqdarda Aeromonas salmonicida qanın formalı elementləri və nekroza uğramış əzələ toxuması hissəcikləri aşkar edilir. Furunkulların çırılması ilə əlaqədar olaraq onların yerində qırmızı rəngli yaralar əmələ gəlir. Xəstə balıqlarda çəpgözlük və qəlsəmələrin anemiyası müşahidə edilir. Xəstəliyin bu forması 3-7 gün davam etməklə əksərən ölümlə nəticələnir.
Xroniki forma zamanı gövdənin müxtəlif nahiyələrində saproleqnioz müşahidə edilir. Bundan əlavə pulcuqlar tökülür, üzgəclər qopur, gövdə qara rəngdə görünür və balıq tamamilə arıqlayır. Xəstə balığın anusundan qanlı-irinli eksudat axır. Qəlsəmələr solğun olmaqla bəzi yerlərində mərmərləşmə müşahidə edilir. Xəstəliyin bu forması bir neçə həftə və bəzən aylarla davam edir.
Patoloji-anatomik dəyişikliklər. İldırımvarı forma zamanı mühüm dəyişikliklər aşkar edilmir. Əgər balıq iti formalı xəstəlikdən ölübsə onun qarın boşluğunda qanlı eksudat, daxili orqanların, xüsusilə mədənin pilorik hissəsinin və bağırsağın son şöbəsinin hemorroji iltihabı ürək əzələsi və qaraciyərdə nekroz müşahidə edilir.
Yarımiti formada parenximatoz orqanlarda, bağırsaqda, qan sağıntısı və nekroz sahələri görünür. Qaraciyər palçıq rəngdə, dalaq böyüməklə açıq-albalı rəngində və böyrəklər boş konsistensiyalı vəziyyətdə nəzərə çarpır.
Xroniki forma üçün xarakterik dəyişikliklər, qaraciyərin anemiyası və ya öd rəngini alması, bağırsaqda ağımtıl-sarı rəngdə seliyin görünməsi, əzələ toxuması və böyrəklərdə nekrotiki ocaqlar və qan sağıntıları olmasıdır.
Müalicə. Xəstə balıqlara sulfanilamid preparatları və antibiotiklər işlədilir. Birinci 3 gün ərzində hər 100 kq canlı kütləyə 24 q sulfamerazin və 6 q sulfaquanidin götürülərək yemə qatılır və balıqlar yemləndirilir. Sonrakı 7 gün ərzində həmin müalicə vasitələri 100 kq canlı kütləyə müvafiq olaraq 8 və 12 q miqdarında işlədilir. Antibiotiklərdən xloramfenikol və ya terramisin hər kq canlı kütləyə 5-7,5 q hesabı ilə götürülərək yemə qatılır və iki həftə ərzimdə tətbiq edilir.
İmmunitet. Öyrənilməyib.
Profilaktika və mübarizə tədbirləri. Xəstəlik zamanı həmin təsərrüfatda karantin qoyulur və onun şərtlərinə ciddi şəkildə riayət edilir. Bütün xəstə balıqlar tutulur və qidalılıq dəyərini itirməyibsə ərzaq vəsaiti kimi istifadəsi məsləhət görülür.
Kəskin patoloji dəyişikliklərə uğramış balıq xüsusi texnologiya əsasında işlənərək ondan kənd təsərrüfatı və quşları üçün yem hazırlanır və yaxud yandırılır. hövzə və balıqlara qulluq əşyalarını zərərsizləşdirmək üçün sönməmiş və ya xlorlu əhəngdən istifadə edirlər. Son zamanlar ABŞ-da seleksiya yolu ilə xəstəliyə davamlı hibridlərin əldə edilməsinə çalışırlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır