Arı ailələrinin köçürülməsinin əhəmiyyəti-Fermerlərə tövsiyə
2020-10-08 00:00:00
Fevral ayının ikinci ongünlüyündə qışlamadan çıxmış arı ailələrinin birinci köçürülməsi təşkil edilir. Bu zaman arı ailələri dağətəyi bölgələrdən aran bölgələrinə köçürülür. Bu dövrdə aran bölgələrində hava şəraitinin başqa bölgələrə nisbətən isti keçməsi arı ailələriinin oyanmasına və ana arıların yuva daxilində daha erkən yumurta qoymasına səbəb olur. Arı ailələri bu zaman yuva daxilində ehtiyat baldan və çiçək tozundan istifadə edəcək inkişafa başlayır. Yuva daxilində şanlarda balın möhrünün arıçı tərəfindən az miqdarda açılması arıların inkişafa başlamasına güclü təsir göstərir. Möhrü açılmış balın iyi arıları özünə cəlb edir. Arıların balla qidalanması belə ailələrin daha tez oyanmasına və inkişafa erkən başlamasına səbəb olur. Arı ailələri mart ayının ikinci ongünlüyünə qədər yuva daxili qidanın hesabına inkişaf edərək keyfiyyətcə yeni, cavan nəsl ilə əvəz olunur.
May ayının 15-nə kimi aran bölgələrində işləyən arı ailələrini yenidən dağətəyi bölgələrə aparmaqla onların ikinci köçürülməsi təşkil edilir.
Arı ailələrinin əsasən bitkilərin nektar əmələ gətirmə dövründə dağətəyi bölgələrə və ilin ən isti aylarında isə (iyulda) dağlıq bölgələrə aparmaqla üçüncü köçürülməsi təşkil edilir.
Avqust ayında arı ailələrini aran bölgələrinə yenidən qaytarmaqla onların dördüncü köçürülməsi təşkil edilir.
Arıların son işləmə dövrü avqust və sentyabr aylarıdır. Bu dövrdə arılar nektar və çiçək tozunu pambıqdan, yoncadan, üzümdən və payız efemerlərindən toplayırlar. Oktyabr ayının əvvəlindən arı ailələrinin yuvası qış üçün yığılır və respublikanın dağətəyi bölgələrinə aparmaqla onların son-beşinci köçürülməsi təşkil edilir. Arıçılar arı ailələrini yerli şəraitdən asılı olaraq əsas nektar əmələ gəlmə dövründə bir dəfə əvəzinə, iki və ya üç dəfə köçürə bilərlər.
Arı ailələri vaxtında, planlı surətdə və şüurlu qaydada köçürülməlidir. Ona görədə də arıçı öz bölgəsinin hər bir hektarında olan bitki örtüyündəki nektarın təxmini nə qədər olmasını bilməlidir.
Bal arılarının əlverişli uçuş diametri 3 km-dir. Bu o deməkdir ki, pətəyin olduğu yerdən bütün istiqamətlərə tərəf 3 km uzaqlıqda olan bitkilərdən arılar nektar toplaya bilər.
Bal məhsuldarlığının artırılmasında birinci əsas amil arı ailələrinin nektar əmələ gəlmə dövrünə qədər inkişafının başa çatması və onun gücünün standarta uyğun gəlməsidir.
Arı ailələri payız dövründə qışlamağa qoyulduqda (noyabr ayının əvvəlində) 2,5 kq və ya 25 min arı, qışlamadan çıxdıqdan sonra (fevral ayının ikinci ongünlüyündə) 2,0 kq və ya 20 min arı, əsas nektar əmələ gəlmə dövründə isə (iyunun əvvəlində) 3,0-3,5 kq və ya 30-35 min arı olduqda həmin dövrdə ailə üçün standart güc hesab edilir. Mövcud standartlara uyğun gələn belə ailələrdən əlverişli hava şəraitində 50-60 kq bal istehsal etmək və 25-30 kq təmiz bal süzmək mümkündür.
Bal məhsuldarlığının artırılmasının ikinci amili arı ailələrinin planlı surətdə, mövsüm dövründə köçürülməsinin optimal təşkilidir. Köçürülmə işinin düzgün təşkil edilməsi ilk növbədə arı ailələrinin standart gücdə inkişaf etməsinə səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca, xaşa , şabdar bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, cökə və akasiya meşəliklərinin yaxınlığına köçürülməsinə üstünlük verməlidirlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır