Kartof güvəsindən necə qorunmalı? -Fermerlərə tövsiyə
2020-10-26 00:00:00
Kartof güvəsi kartofun, badımcanın, tütünün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin potensial təhlükəli zərərvericisidir.
Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur.
Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.
Kartof güvəsi yetkin tırtıl və pup halında torpağın üst səthində bitki qalıqları altında qışlayır. Anbar və digər saxlanma yerlərində il boyu çoxala bilir. Kəpənəklər erkən yazdan uçmağa başlayırlar. Onlar gün batdıqdan sonra və səhər gün çıxana qədər daha fəaldırlar
Cütləşdikdən sonra dişi kəpənəklər yumurtalarını açıq sahədə tək-tək və bəzən kiçik qrup halında yarpağın alt səthinə, gövdəyə, pomidorun meyvələrinə, torpaq kəsəklərinin altına, torpaqla örtülməmiş kartof yumrularına, digər örtülü yerlərə, anbarlarda isə kisələrin üzərinə, divar çatlarına və kartof yumrularının gözlərinə qoyurlar.
Çıxan tırtıl 20-30 dəqiqə hərəkətsiz qalır, sonra isə hərəkət edərək yarpağın alt tərəfindən yarpağın yumşaq hissəsinə keçir, qidalanaraq lağımlar (minalar) əmələ gətirir.
Gövdə zədələndikdə bitkinin zədədən yuxarı hissəsi quruyur. Yumruda bir göz rüşeymini yeyən tırtıl ikinci gözə tunelə bənzər yol açır, qidalandıqdan sonra isə eyni qayda ilə digər gözlərə keçir.
KARTOFÇULUQLA MƏŞQUL OLAN SAHİBKARLARIN NƏZƏRİNƏ: Kartof yumrularının kartof güvəsi ilə ən çox sirayətlənməsi kartof yumruları yığılaraq sahələrdə uzun müddət qaldıqda, eyni zamanda saxlama qaydalarına düzgün əməl edilmədikdə baş verir.
Bu məqsədlə torpaqdan çıxarılan kartof yumruları seçilərək tez bir zamanda sahədən çıxarılmalı və fumiqasiya olunmuş anbarlarda və ya müvafiq soyuducularda saxlama qaydalarına riayət olunmaqla saxlanılmalıdır.
Potensial təhlükəli zərərverici olan kartof güvəsinin təcrid və məhv edilməsi məqsədilə tədbirlər sisteminin həyata keçirilməsi məqsədəuyğundur:
əkindən əvvəl toxum materialı seçilməli, yoluxmuş yumrular məhv edilməlidir. Torpağın tipindən asılı olaraq əkin maksimum dərinlikdə aparılmalı, növbəli əkin tətbiq edilməli, ən tezi 3 ildən sonra kartof əkini aparılmış sahədə təkrar kartof əkilməlidir.
yeni əkilmiş kartof sahəsi əvvəlkindən ən azı 1 km məsafədə olmalıdır;
dibdoldurma və suvarma qaydalarına düzgün riayət olunmalıdır. Sistematik olaraq yığım vaxtı torpaqda qalan yumrulardan əmələ gələn kartof kolları və quşüzümü fəsiləsinə aid alaq otları məhv edilməlidir;
yığıma 5-7 gün qalmış yerüstü yaşıl kütlə biçilib məhv olunmalı, məhsul ən qısa vaxtda toplanmalı, yığılmış məhsul sahədə saxlanılmamalıdr. Zərərverici ilə yoluxmuş sahədən yığılmış məhsul digərlərindən təcrid edilməlidir;
yığımdan sonra sahə kartof, pomidor, badımcan və digər quşüzümü fəsiləsinə aid bitkilərin qalıqlarından təmizlənməli, torpaq mala ilə diskləndikdən sonra ön kotancıqlı kotanla 25-30 sm dərinlikdə şumlanmalıdır;
kartof yumruları +10ºC- dən aşağı, ən yaxşısı +4-5º C temperaturda saxlanılmalıdır;
kartof yumrularına yoluxmuş zərərvericini məhv etmək üçün fumiqasiya tədbirləri aparılmalıdır. Əgər yumruların mühafizəsi üçün fumiqasiya aparılmasına və ya onların +10º C-dən aşağı temperaturda saxlanılmasına şərait yoxdursa, onda lepidosid bioloji preparatından istifadə olunur. Çıxarılmış yumrular preparatın 1 %-li suspenziyasında 4-5 dəqiqə saxlanılır, sonra isə kölgədə qurudulur, qablaşdırılır və anbara yığılır. Preparatın təsiri 5-6 ay davam edir, fitotoksik təsiri yoxdur. İnsan və istiqanlı heyvanlar üçün zərərsizdir, ən əsası isə preparatın gözləmə müddəti yoxdur;
veqetasiya müddətində kartof güvəsinə qarşı sipermetrin, deltametrin, dimetoat tərkibli insektisidlərdən, həmçinin lepidosid (0,7 kq/ha) bioloji preparatından istifadə edilərək mübarizə aparılması məqsəduyğundur
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır