Torpağın aqrokimyəvi analizi bol və keyfiyyətli məhsul istehsalının əsas şərtlərindəndir
2020-09-24 00:00:00
Aqrar sahədə məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında əkinəyararlı torpaqların və suvarma sularının aqrokimyəvi tədqiqatının aparılması mühüm rol oynayır. Odur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan 11 rayonda - Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda regional aqrokimya laboratoriyaları yaradılıb. Laboratoriyalar müasir cihaz və avadanlıqlarla təchiz olunub.
Bu məqsədlədə Bərdə Regional aqrokimya laboratoriyasında iş prosesi ilə tanış olunub. Torpaq və suvarma sularının aqrokimyəvi analizi şöbəsinin müdiri Tutu Aslanova bildirib ki, laboratoriya Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Xocalı rayonlarına xidmət edir. Yuma, distillə və yandırma, analitik əməliyyatlar, çəki və titrləmə, reaktiv saxlama və xidməti otaqlardan ibarət laboratoriyada ən müasir cihaz və avadanlıqlar vasitəsilə torpağın pH-ı, duzluluq dərəcəsi, karbonatlığı, eləcə də makroelementlərin (kalium, natrium, kalsium, maqnezium), mikroelementlərin (mis, dəmir, sink, manqan), ümumi azotun, fosforun və humusun təyini üzrə analizlər aparılır. 2018-ci ilin avqustundan indiyədək ümumilikdə 606 fermer və sahibkara xidmət göstərilib, 1414 torpaq nümunəsi götürülərək müvafiq analizlər aparılıb. Analizlərdən sonra əldə edilən nəticələr əsasında vətəndaşlar onlara məxsus olan torpaq sahələrinin son vəziyyəti barədə məlumat əldə edir və müvafiq tədbirlər görürlər.
T.Aslanova torpaq analizlərinin düzgün aparılmasında nümunələrin götürülməsinə xüsusi diqqət yetirildiyini deyib: “Torpaq nümunəsi düzgün götürülməli, sahəni tam səciyyələndirməlidir. Fermerlərin müraciəti əsasında mütəxəssislər əkin sahəsinə gedir və torpaq nümunələri götürürlər. Torpaq analizi üçün bir sahədən ən azı 25 nümunə götürülür. Nümunələrin götürülməsi müxtəlif formalarda (ziqzaq, paralel, perpendikulyar və sair) həyata keçirilir. Analiz nəticələrinin daha dəqiq olması üçün nümunələr əsasən ziqzaq formada götürülür. Bitkinin növündən asılı olaraq torpaq nümunələrinin götürülməsi müxtəlif dərinliklərdə aparılır. Məsələn, pambıq və taxıl bitkilərinin kök sistemləri çox dərinə getmədiyi üçün həmin bitkilərin əkiləcək sahələrindən torpaq nümunələri 30-60 santimetr aralığında götürülür. Ağacların kök sistemi torpağın daha dərin qatlarına getdiyindən bağlardan torpaq nümunələrinin götürülməsi 30, 60, 90 santimetrlərdə həyata keçirilir. Sahənin müxtəlif yerlərindən və dərinliklərindən götürülmüş torpaq nümunələri laboratoriyaya gətirildikdən sonra əvvəlcə qarışdırılır. Nümunə nəmli olarsa, xüsusi quruducu şkafda qurudulur. Sonra həvəng dəstə ilə döyülərək ələkdən keçirilir. Ələkdən keçirilmiş torpaq nümunəsi üzərində analizlər aparılır. Aparılmış analizlər nəticəsində torpaqda hansı kimyəvi elementin az və ya çox olduğu müəyyən olunur və fermerlərə əkin planlaşdırılması üçün tövsiyələr verilir”.
T.Aslanova deyib ki, laboratoriyada torpağın analizi ilə kifayətlənmir, fermerlərə gübrələrin verilməsi və suvarılmanın aparılması ilə bağlı tövsiyələr də verilir: “Aqrokimyaçılar tərəfindən əhali arasında mütəmadi olaraq torpaq analizlərinin götürülməsinin əhəmiyyətinə dair maarifləndirici söhbətlər aparılır. Fermerlərə izah edilir ki, torpağın tərkibini bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır. Odur ki, torpağın hansı maddəyə daha çox ehtiyacı olduğunu bilmək üçün mütləq aqrokimyəvi analiz olunmalıdır. Ola bilər ki, torpaqda yetərincə fosfor maddəsi var. Amma fermer bilmədiyi üçün həmin sahəyə yenə də fosfor gübrəsi verir. Əgər fermerlər torpaq analizlərini etdirərlərsə, daha keyfiyyətli məhsul əldə edər, yüksək məhsuldarlığa nail olarlar”.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır