Payızlıq taxıl əkinlərində bitki mühafizəsi işlərinin əsas istiqamətləri- fermerlərə tövsiyə
2020-09-24 00:00:00
Payızlıq taxıl əkinlərində keyfiyyətli aqrotexniki və bitki mühafizəsi tədbirlərin aparılması gələcəkdə yüksək məhsul əldə edilməsinə zəmin yaradır.
Belə ki, əkinin növbələşdirilməsi, sələf bitkilərdən istifadə, müəyyənləşdirilmiş normaya uyğun olaraq şum altına üzvi və mineral gübrələrin verilməsi, lazimi dərinlikdə və keyfiyyətli şumun aparılması, səpiləcək toxumun xəstəlik və zərərverici orqanizmlərdən qorunması üçün əvvəlcədən dərmanlanması, optimal səpin normasının, konkret torpaq-iqlim şəraiti üçün səpin vaxtının düzgün müəyyənləşdirilməsi, yüksək kondisiyalı səpin materialının istifadə yüksək məhsul əldə edilməsi üçün əsas faktorlardır.
Alaqlarla mübarizə
Bitki mühafizəsi tədbirlərinə daxil ən önəmli məsələlərdən biri alaqlarla mübarizədir. Azərbaycanda payızlıq taxıl zəmilərində 152 növə yaxın alaq bitir. Vaxtında mübarizə işləri aparılmadığı halda alaqlar əkinlərə böyük zərər verir. Becərilən bitkilərə lazım olan qida maddələrini, suyu, işığın xeyli hissəsini alır, zərərverici və xəstəliklərin inkişafı üçün münbit şərait yaradır, becərmə və məhsul yığımını çətinləşdirir, məhsuldarlıq və məhsulun keyfiyyətini aşağı salır.
Alaqlar ilk dövrdə mədəni bitkilərə nisbətən daha güclü kök sistemi yaradır. Onlar bu səbəbdən torpaqda olan su və qida maddələrindən daha çox yararlanaraq, öz inkişafında həmişə mədəni bitkiləri qabaqlayır. Enliyarpaqlı alaqlar yüksək transpirasiya əmsalına malikdir və torpaqda olan suyun sərfini artıraraq onun tez buxarlanmasına səbəb olur. Alaqlar sahədə sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibarı ilə zəif inkişaf etməsinə səbəb olur.
1 hektar taxıl sahəsindən payızlıq buğda bitkisi 75 kq azot, 52 kq fosfor, 82 kq kalium götürdüyü halda, amarat-ağ pencər 190 kq azot, 14 kq fosfor və 286 kq kalium götürür.
1 hektar əkin sahəsində alaqların mənimsədiyi qida maddələrinin və suyun miqdarı həmin sahədən 20-25 sentner taxıl məhsulu götürülməsinə ekvivalentdir.
Payızlıq taxıl əkinlərində bitkiləriin irəlidəki fenoloji inkişaf fazalarında birləpəli və ikiləpəli alaq otlarının zərərlərindən qorumaq üçün səpindən sonra çıxış öncəsi təsiredici maddəsi Pendi-metalin 330 q/l (5 l/ha) və Terbutrin 500 q/kq (2-4 kq/ha) herbisidlərindən və ya yabanı otların çıxışı öncəsi Xlor sulfuron 750 q/kq herbisidindən 10q/ha normasında istifadə etməklə yüksək bioloji səmərə əldə etmək olar.
Toxumun dərmanlanması
Əksər kənd təsərrüfatı bitkilərinin toxumları infeksiya daşıyıcılarıdır. Belə ki, toxumların həm daxilində, həm də səthində müxtəlif növ xəstəliklərin törədicilərinin sporları, göbələklərin mitselləri və s. olur. Belə toxumlarla səpin aparıldıqda ya bitki tamamilə məhv olur və ya alınmış cücərtilər zəif olur ki, bu da vegetasiya müddətində bitkilərin zəif inkişaf etməsinə və ciddi məhsul itkisinə səbəb olur.
Bundan başqa toxum əkildikdən sonra da torpaqda olan bir çox xəstəlik və zərərvericilərlə sirayətlənməsi baş verir. Bu halların qarşısının alınması məqsədi ilə toxumların səpinqabağı dərmanlanmasının böyük əhəmiyyəti vardır.
Dərmanlanmanın üstünlükləri və səmərəsi:
Yüksək gəlir -dərmanlanmış toxumlar sayəsində itkisiz və güclü inkişafa malik bitkilər əmələ gəldiyindən bitkilərin məhsularlığı artır. Kompleks şəkildə aparılmış dərmanlamalar nəticəsində hətta əlverişsiz şəraitdə belə toxumların yaxşı cücərtiləri əmələ gəlir. Dərmanlama üçün düzgün seçilmiş preparatlar toxumun və cücərtilərin bəzi fizioloji proseslərinə təsir etdiyindən bitkinin inkişafını stimullaşdırır;
Məhsulun keyfiyyəti yaxşılaşır-dərmanlanmış toxumlardan vaxtında cücərtilər alınır, cücərtilərin inkişafı ləngimir, güclü inkişaf etmiş bitkilər xəstəliklərə yoluxmur, stressə qarşı davamlı olur və nəticədə keyfiyyətli məhsul alınır;
Zərərverici və xəstəliklərdən qorunur- dərmanlama toxumları həm daxildən, həm də torpaq patogenlərindən qoruyur. Cücərtilərin kök çürümə xəstəliyi, eləcə də torpaq zərərvericiləri ilə zədələnməsi azalır. Payızlıq əkinlərdə bitkilərin soyuğa qarşı davamlılığı artır;
Ətraf mühitə mənfi təsiri azalır -insektisidlərin və fungisidlərin səpin materialında olması, sonradan torpağa veriləcək və ya vegetasiya müddətində ətrafa çilənəcək pestisid yükünü azaldır, kimyəvi maddələrdən az istifadə olunur.
Səpin üçün nəzərdə tutulan toxumluq materialın dərmanlanması fiziki, bioloji və kimyəvi üsullarla həyata keçirilir. Kimyəvi maddələrlə dərmanlama üstünlük təşkil edir və bu məqsəd üçün müxtəlif fungisidlərdən istifadə olunur.
Kimyəvi dərmanlama:
Preparatın növündən, zərərli orqanizmin biologiyasından, toxumun vəziyyətindən və ya digər xüsusiyyətlərindən asılı olaraq bitki mühafizəsi praktikasında əsasən quru, yarım quru, yaş və nəmləndirmə yolu ilə dərmanlama aparılır.
Toxumların dərmanlanması vaxtının düzgün seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhsul sahədən yığılıb çeşidləndikdən, təmizləndikdən, müvafiq nəmliyə çatdırıldıqdan sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun üzərində və ya daxilində olan xəstəlik törədiciləri geniş inkişaf etməmiş məhv edilir və toxum steril qalır. Toxumluq material tədarük edilərkən onların vaxtında dərmanlanaraq anbarlara yığılması toxumun sağlam və itkisiz saxlanmasının başlıca şərtlərindəndir.
Toxumların səpinqabağı dərmanlanması toxumun öz qabığında, epidermisin altında, rüşeym və endosperm daxilində yayılan xəstəlik törədicilərinin ehtiyatının məhv edilməsinə yönəlmişdir. Səpinqabağı dərmanlanmış toxumların üz qabığında preparatlar qaldığı üçün torpaqda olan xəstəlik törədiciləri, həmçinin zərərvericilər toxuma ziyan vura bilmir.
Dərmanlama üçün dərman seçildikdə toxum səpiləcək sahənin fitosanitar vəziyyəti, zərərverici və xəstəliklərin bioloji xüsusiyyətləri, toxumların xəstəliklərlə sirayətlənmə dərəcəsi, sortun xüsusiyyətləri, bitkinin planlaşdırılmış məhsuldarlığı, yetişdirmə texnologiyası və məhsulun təyinatı nəzərə alınmalıdır.
Taxıl əkinlərində dərmanlamanın keyfiyyətini yüksəltmək, dərmanların toxumların səthindən axmasının qarşısını almaq və sanitar-gigiyenik tələbləri yaxşılaşdırmaq üçün qeyd etdiyimiz kimi örtük əmələ gətirən (plenka) maddələrdən (polivinil spirti (PVS), eləcə də maye kompleks gübrələr) istifadə olunur: Bir ton toxum dərmanlamaq üçün hazırlanacaq 10 litr məhlulun alınması üçün 100-200 qram PVS və ya 1.0-1.5 litr kompleks gübrə, lazimi miqdarda fungisid və ya insekto-fungisid və su əlavə olunur.
Adətən maye halında olan müasir toxum dərmanları digər əlavələr olmadan istifadə edildikdə müəyyən olunmuş normada su ilə qarışdırılır.
Qoruyucu-stimullaşdırıcı preparatlarla dərmanlanma aparıldıqda müxtəlif növ universal dərman preparatlarından Selest top 1.5 kq/ton (262.5 q/l tiametoksam+25 q/l difenokonazol+25 q/l fludioksonil), Divident 0.36 FS (92.3 q/l tiametoksam+36.92 q/l difenokonazol+3.08 q/l mefonoksam), Vitavaks 75% (karboksin 200q/l+tiram 200 q/l) istifadə olunur. Belə toxum dərmanları ikili və üçlü təsiredici maddəyə malik olduğundan həm zərərvericini, həm də xəstəliyi məhv edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır