Heyvan orqanizminin xəstəliklərə qarşı müqaviməti necə artırılmalı?- Mütəxəssis tövsiyəsi
2020-11-17 00:00:00
Respublikada heyvandarlığın hazırki inkişaf mərhələsində heyvanların cins tərkibinin yaxşılaşdırılması və damazlıq-seleksiya işlərinin aparılmasının çox böyük elmi və praktik əhəmiyyəti vardır. Bununla əlaqədar olaraq heyvandarlıq məhsullarına artan tələbatı təmin etmək məqsədilə son illərdə respublikamızda xarici ölkələrdən cins heyvanlar gətirilir. Hazırda həmin düyələrdən xeyli sayda bala alınmışdır. Bu qrup heyvanların baş sayının artırılması və xəstəliklərə davamlı olması vacib məsələlərdəndir. Odur ki, belə məhsuldar heyvanların və onların törəmələrinin xəstəliklərə qarşı davamlı olmasını və müqavimət qüvvəsinin yüksəldilməsinə çox böyük ehtiyac vardır.
Bunun üçün sanitariya-gigiyena şərtlərinə düzgün əməl olunmalıdır. Belə ki, heyvandarlıq təsərrüfatlarında sanitariya-gigiyenanın tələblərinə cavab verməyən, rütubətli, qeyri-normal mikroiqlimi olan binalarda heyvanların saxlanılması və bəslənilməsi düzgün hesab edilmir. Çünki belə şəraitdə heyvanların məhsuldarlığı aşağı düşür, müxtəlif xəstəliklər –vərəm, bruselyoz, paratif, dəmrov, oynaq və dırnaq xəstəlikləri, bronxopnevmoniya, dispepsiya və s. xəstəliklər baş verir. Zoobaytarlıq tədbirlərinin lazımı səviyyədə aparılmaması heyvanlar arasında mədə-bağırsaq, tənəffüs orqanlarının xəstəliklərinin baş verməsinə və tələfata səbəb olur.
Heyvanların birtərəfli yemləndirilməsi, tövlə şəraitində saxlanılması, gəzintinin azlığı, onlarda qan durğunluğuna, çətin doğuma, qısırlığa, ağciyər tutumunun azalmasına, mədə önlüklərinin atoniyasına, maddələr mübadiləsinin pozulmasına şərait yaradır.
Tövlələrdə optimal mikroiqlim olmadıqda süd məhsulu 10-15% azalır, həvəsəgəlmə, bala alınma zəifləyir, qısırlıq artır, heyvanların ümumi sağlamlığı fizioloji normalara cavab vermir.
Normal mikroiqlim isə fizioloji proseslərin fəal getməsini təmin edir, bu da heyvanların müxtəlif xəstəliklərə qarşı davamlı olmasına və onların yüksək məhsul verməsinə səbəb olur.
Mal-qara saxlanılan tövlələrdə sanitar-gigiyenik vəziyyəti məhsuldarlığa müsbət təsir göstərir. Sanitar-gigiyenik normalara cavab verməyən tövlələrdə isə heyvanlarda dırnaq və oynaq xəstəliklərinin əmələ gəlməsinə səbəb olur, bu isə öz növbəsində məhsuldarlığa mənfi təsir göstərir.
Məlum olduğu kimi, son vaxtlar respublikaya gətirilən heyvanlarda dırnaq xəstəliklərinə daha çox təsadüf olunur. Odur ki, tövlələrdə döşəmələrin taxta materiallarından, bişmiş kərpiclərdən və asfalt üzərinə rezin döşənəcəklərin salınması yaxşı nəticə verir.
Normal mikroiqlimi təmin etmək üçün tövlələrdə temperatur və nəmliyin normada olması əsas şərtlərdəndir. Havanın toz və mikroflora ilə çirklənməsi heyvanlar arasında xüsusən buzovlarda keratit, dəmrov, bronxopnevmoniya, mədə-bağırsaq pozğunluğu və s. xəstəliklərə səbəb olur. Ona görə də tövlənin təmizlənməsində, peyinin çıxarılmasında, yemin paylanmasında əlverişli gigiyena, hava şəraiti yaranmalıdır.
Heyvandarlıq binalarında xoşa gəlməyən pis iyin yayılmasının qarşısını almaq üçün ventilyasiya sistemi düzgün qurulmalı, havanın təmiz və tez-tez dəyişdirilməsi təmin edilməlidir.
Mal qaranın sağlamlığı, onların xəstəliklərə və xarici amillərin mənfi təsirinə qarşı davamlılığı, yüksək məhsuldarlığın sabitliyi üçün yemləmənin düzgün təşkilinin çox böyük əhəmiyyəti vardır.
Belə ki, heyvandarlığı daha da yaxşı inkişaf etdirmək, sağlam bala almaq, onları yetişdirmək, xəstəliklərdən qorumaq və məhsuldarlığın artırılmasında yemləmənin sanitar-gigiyenik qaydalarına riayət olunması mühüm məsələlərdən biridir. Bu problem həll edilmədikdə heyvandarlığa ciddi ziyan dəyir. Belə ki, heyvanların məhsuldarlığı aşağı düşür, infeksion xəsətliklərə qarşı həssaslıq artır. Bu da təsərrüfatda heyvanların qısırlığına, müxtəlif xəstəliklərə tutulmasına, ölüm hallarına, baş sayının və məhsuldarlığın azalmasına səbəb olur. Heyvanların tam dəyərli və balanslaşdırılmış keyfiyyətli yemlərlə yemləndirilməsi, orqanizmin normal həyat fəaliyyəti üçün çox vacib olub, onların yüksək məhsuldarlığına və xəstəliklərə davamlılığının artmasına zəmin yaradır.
Heyvanları yemləyərkən zülal, mikro və makro elementlərlə zəngin olan digər qarışıq yemlərdən istifadə etmədikdə maddələr mübadiləsi pozulur, məhsuldarlıq aşağı düşür, qısırlıq halları baş verir, heyvanların həyat fəaliyyəti zəifləyir, xəstəliklərə qarşı həssaslıq artır. Odur ki, heyvanları yemləyərkən yem paylarına mikro-makro elementlər, vitaminlər və digər tərkibində dəyərli maddələr olan qarışıqlar əlavə olunmasına xüsusi fikir verilməlidir.
Heyvandarlıqda əsas iqtisadi ziyan keyfiyyətsiz yemləmə nəticəsində baş verir. Mədə-bağırsaq xəstəliklərinin baş verməsi bu amildən çox asılıdır. Təsərrüfatlarda yemlər nəzarət altında saxlanılmadıqda zəhərlənmə hallarına daha çox təsadüf olunur. Odur ki, yemlərin qidalılıq dəyəri və sanitariya keyfiyyəti vaxtlı-vaxtında xüsusi laboratoriyalarda yoxlanılmalıdır.
Heyvanlara yem rasionu tərtib olunarkən onların müxtəlif qida maddələrinə-zülallara, yağlara, sulu karbonlara, mineral maddələrə və vitaminlərə olan ehtiyacı tam ödənilməklə, yüksək kolorilik xüsusiyyətinə malik olmalıdır. Belə yemləmə çox vacib amilərdən olub, heyvanların yoluxucu xəstəliklərə qarşı immun vəziyyətinin normal səviyyədə olmasına, orqanizmin möhkəmlənməsinə və məhsuldarlığın yüksəlməsinə şərait yaradır.
Qeyd etmək lazımdır ki, heyvanlarda maddələr mübadiləsi pozğunluqları nəticəsində baş verən xəstəliklərin başlanğıcında xəstəliyi müəyyən etmək üçün dispanserizasiyadan geniş istifadə edilməlidir.
İnək və düyələrin dispanserləşdirilməsi müasir heyvandarlıqda planlı şəkildə, ildə iki dəfə - yaz və payızda aparılmalıdır.
Dispanser müayinələr kompleksinə naxırın ümumi tərkibi, klinik müayinələr, qan, sidik, süd və yemlərin laborator müayinələri, yemləmə, saxlama şəraiti, heyvanların qruplarla müalicə və profilaktikası daxildir.
Dispanserləşdirmə müasir heyvandarlıqda planlı şəkildə aparılan ən vacib tədbirdir. Vaxtında dispanserizasiya şərtlərinə əməl etməklə heyvanları maddələr mübadiləsi pozğunluğu xəstəliklərindən qorumaq və məhsuldarlığı artırmaq mümkündür.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi fermerlərin bir daha nəzərinə çatdırır ki, heyvanları xəstəliklərdən qorumaq, məhsuldarlığın kəmiyyət və keyfiyyətini yüksəltmək, onların baş sayını artırmaq üçün ilk növbədə düzgün yemləmə və saxlanma şəraitini təmin etməli və sanitariya-gigiyena tələblərini vaxtlı-vaxtında əməl etməlidirlər. Belə olduğu halda heyvandarlıq kənd təsərrüfatının ən rentabelli sahəsinə çevrilə bilər. Odur ki, yuxarıda göstərilən məsələlərə ciddi yanaşmaları tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır