Tovuz rayonunda epizootik tədbirlər yekunlaşıb
2020-11-27 00:00:00
Ölkəmizdə epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən mal-qara arasında yayıla biləcək xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktika tədbirləri davam etdirilir. Tovuz rayonunda da bu tədbirlər uğurla icra olunur. Epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımı vaksinlərlə, müalicə dərmanları, dezinfeksiya, dezinseksiya maddələri, müxtəlif növ baytarlıq avadanlıq və ləvazimatları, xüsusi geyim vasitələri və sairə ilə təmin olunublar.
Əsasən kənd təsərrüfatı rayonu olan Tovuz rayonunda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün mal-qaranın cins tərkibi süni mayalanma və xarici ölkələrdən gətirilən damazlıq heyvanların hesabına yaxşılaşdırılır.
Qeyd edək ki, hazırda Tovuz rayonu ərazisində 43 min başdan artıq iribuynuzlu, 170 min başdan artıq xırdabuynuzlu, 2500 baş təkdırnaqlı heyvan və 500 min başdan artıq ev quşları saxlanılır. Bu heyvanların xəstəliklərdən qorunması daim diqqət mərkəzində saxlanılıb. Odur ki, rayonda qabaqlayıcı tədbirlər həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır. 2020-ci ilin tədbirlər planına əsasən ilin əvvəlindən indiyə kimi, yəni cari ilin 10 ay ərzində baytarlıq idarəsi və 15 sahə baytarlıq məntəqəsinin həkim və texnikləri tərəfindən rayonunda 490451 baş (o cümlədən 6529 baş cavanlarda) iribuynuzlu, 154579 baş xırdabuynuzlu və 2569 baş təkdırnaqlı heyvanda qarayara, 99 baş iribuynuzlu heyvanda, 20 baş ana qoyunda və 7825 baş sahibli itdə quduzluq, 69909 baş (o cümlədən 11141 baş cavanlarda) iribuynuzlu və 128822 baş xırdabuynuzlu heyvan dabaq,4420 baş iribuynuzlu heyvanda leptospiroz, 192834 baş (o cümlədən 20569 baş cavanlarda) xırdabuynuzlu heyvanda çiçək, 42827 baş (o cümlədən 220 baş cavanlarda) iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 19486 baş iribuynuzlu (S-19 ştammı ilə) və 142939 baş xırdabuynuzlu(Rev-1 ştammı ilə) heyvanda brusellyoz, 494429 baş 3 ayığa qədər körpə cücədə (“La-sota” ştammı ilə) və 498910 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Artıq Tovuz rayonunda epizootik tədbirlər yekunlaşıb.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyinin müəyyən etmək məqsədi ilə 480 baş iribuynuzlu heyvandan, 1281 ana qoyundan, 150 keçidən, 4336 baş qoçdan qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Eləcə də 4336 baş qoçun qanı epididimitə görə laboratoriyada seroloji müayinə olunub.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda dezinfeksiya işləri həyata keçirilir. Cari ilin 10 ayı ərzində Tovuz rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 2197 obyektin 18543 kvadratmetr ərazisi profilaktiki dezinfeksiya edilib.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı informasiya verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmayır. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür.
Həmçinin rayon ərazisində baytarlıq müalicə və profilaktikasını günün tələbləri səviyyəsində aparmaq üçün Baytarlıq İdarəsi soyuducu kamera, sahə baytarlıq məntəqələri isə məişət soyuducuları, elektiriklə və adi şəraitdə işləyən termoçamadanlarla təchiz olunub.
Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır