Taxıl böcəyi və ona qarşı mübarizə tədbirləri
2020-10-30 00:00:00
Əsasən dənli bitkilərə zərər vuran taxıl böcəyi (Zabrus tenebrioides Goeze) növünün Azərbaycanda adi zaqafqaziya taxıl böcəyi (Z. tenebrioides ssp elongatus Men.), böyük taxıl böcəyi (Zabrus spinipes Fabr), dağ taxıl böcəyi (Z. spinipes ssp rugosus Men.) və cənub taxıl böcəyi (Z. morio Men.) yarımnövləri yayılmışdır. Bu böcəklərin xarici görünüşü, həyat tərzi və bitkiyə vurduqları zədələr oxşardır, lakin geniş yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə adi zaqafqaziya taxıl böcəyi durur. Zərərverici 20%-30%, bəzən 70%-80% məhsul itkisinə səbəb ola bilir.
Morfoloji əlamətləri. Taxıl böcəyinin uzunluğu 14-16 mm olub, adətən metal parıltılı qara rəngdədir. Bığcıqları, ağız aparatının hissələri və pəncələri qonur qırmızıdır. Qanadüstlüyü qabarıqdır, üzərlərində uzununa gedən çökəkciklərdən ibarət 9 zolaq vardır. Ayaqları qısa və qüvvətlidir. Sürfəsi çirkli ağ rəngdədir. Başı və döş buğumları tünd qonur rəngdədir. Qarıncıq buğumlarının üst tərəfində köndələninə gedən qəhvəyi ləkələr vardır. Qarıncıq getdikcə nazilir və iki çıxıntı ilə qurtarır. Axırıncı yaşda sürfənin uzunluğu 25 mm-ə çatır.
Bioekoloji xüsusiyyətləri. Dişi fərdlərin yumurta qoymaları avqust ayının sonu və ya sentyabr ayının əvvəllərindən başlayaraq oktyabrın II ongünlüyünə qədər davam edir. Yumurtaları torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyur, hər komada 10-15, bəzən daha çox yumurta olur. Bir dişi fərd 60-90, əlverişli şərait olduqda isə 200-dən artıq yumurta qoya bilir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin embrional inkişafı 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə (iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin surətdə azalır.
Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-dən, aran zonada isə sentyabrın 15- dən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr yumurtalardan daha tez çıxırlar və inkişafları payızda qurtarır. Yazda belə süfrələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur.
Qidalanmayan sürfələr digərlərindən rənglərinin ağ və ya sarı olması ilə fərqlənir. Payız quraqlıq olduqda və ya havalar tez soyuduqda sürfələrin inkişafı uzanır, qidalanması başa çatmamış kiçik yaşlı sürfələr qışlayır və əsasən yazda zərər vurur. Yumurtadan təzə çıxmış sürfələr əvvəlcə yerə tökülmüş dənlərin və yabanı taxılların cücərtiləri ilə qidalanır. Qidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır. Sürfələr müsbət 1°C-də inkişaf edə və qidalana bilir.
Adi zaqafqaziya taxıl böcəyinin sürfələri torpaqda düzəltdikləri yuvalarda yaşlayır. Günəş batdıqdan sonra yer üzərinə çıxan sürfələr taxıl cücərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Sürfələr bəzən yarpaqların uclarını yuvalara dartaraq gündüzlər də qidalanır. Bitkinin kök boğazı və kökü zədələnmədiyi üçün bitkilərin bir hissəsi böyüyərək bərpa olunur. Sürfələr çox acgöz və fəaldır.
Qidalanmanın və ətraf mühit amillərinin təsirindən asılı olaraq I yaş sürfələri 35-40, II yaş sürfələri 95-100, III yaş sürfələri isə 55-80 gün ərzində inkişaf edir. Azərbaycanda sürfələr bütün yaşlarda qışlamaya gedə bilir. Yazda orta gündəlik temperatur 7-8°C-ə çatdıqdan sonra inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin II ongünlüyündən etibarən sürfələr puplaşmağa başlayır (kütləvi mayın əvvəlindən). Pup mərhələsi 13- 19 gün davam edir.
May ayının əvvəllərindən başlayaraq sonuna qədər ardıcıl olaraq aran, dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə təsadüf edilir. Böcəklər də sürfələr kimi gecə həyat tərzi keçirir. Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerdən çıxaraq sünbüllərə daraşır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan dənlərlə qidalanır. Əsasən dağlıq ərazilərdə, tutqun havalarda gündüzlər də təsadüf edilir. Böcəklər iyulun II yarısından etibarən torpağın 25-30 sm dərinliyinə girərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir və yumurta qoymağa başlayırlar. İl ərzində 1 nəsil verir.
Zərərli fəaliyyəti. Buğda, arpa, çovdar, vələmir və qarğıdalı əkinlərinə ciddi zərər vurur, həmçinin yabanı dənli taxıl bitkiləri ilə qidalanır. Taxıl böcəyinin zərərvermə qabiliyyəti dəmyə əkinlərdə daha yüksəkdir.
Adi zaqafqaziya taxıl böcəyinin zərərvermə qabiliyyəti, əsasən buğdanın və zərərvericinin fenologiyasından və inkişaf intensivliyindən asılı olmaqla, öz təsirini bitkilərin sayının azalması ilə göstərir. Bu zaman populyasiya səviyyəsində kompensasiya baş verərək gövdələrin və sünbüllərin sayının artmasına səbəb olaraq, itkini qismən bərpa edir. Lakin sünbüldə dənin sayının və çəkisinin azalması hesabına əlavə itki törənir. Bir sürfə orta hesabla 5,29 q məhsul itkisinə səbəb olur.
Taxıl böcəyinin imaqolarının zərərvermə qabiliyyəti özünü sünbüldə dənin sayının və 1000 dənin çəkisinin azalması ilə büruzə verir. Bu halda itirilmiş məhsulun Kompensasiya edilməsi istiqamətində populyasiyanın bərpaedici reaksiyası baş vermir. Bir böcək orta hesabla 2,69 q məhsul itkisinə səbəb olur.
Adi zaqafqaziya taxıl böcəyinin sürfələri ilk növbədə bitkilərin sayının azaldılması yolu ilə məhsula birbaşa təsir edir. Lakin zədələnməmiş bitkilərin kollanma enerjisinin yüksəlməsi və qida sahəsinin artması hesabına populyasiya səviyyəsində kompensasiya baş verdiyi üçün gövdələrin və sünbüllərin sayı artır. Nəticədə itki qismən kompensasiya edilir. Ancaq sünbüldə dənin sayının və çəkisinin azalması hesabına əlavə məhsul itkisi baş verir.
Yetkin böcəklər dənlə qidalanaraq sünbüldə dənin sayının və çəkisinin azalması nəticəsində məhsul itkisinə səbəb olur. Bu halda itirilmiş məhsulun kompensasiya edilməsi istiqamətində populyasiyanın bərpaedici reaksiyası baş vermir.
Mübarizənin iqtisadi cəhətdən əsaslandırılması. Adi zaqafqaziya taxıl böcəyinin zərərvermə qabiliyyətinə dair əldə olunan nəticələr əsasında zərərvericinin iqtisadi zərərvermə həddi (İZH) (5%-li məhsul itkisi həddi) müəyyən edilmişdir. 25-35 sen/ha məhsul verən sahələrdə sürfələrin İZH 1 m2-də 2,4-3,3 sürfəyə, böcəklərin İZH isə 3,7-5,6 böcəyə bərabərdir. Toxumluq taxıl əkinlərində bu hədd iki dəfə azaldılmalıdır. Lakin nəzərə alsaq ki, Azərbaycanda yetkin böcəklərə qarşı mübarizə tədbirləri aparılmır və miqdarı İZH-dən aşağı olan sürfələr yetkin hala keçdikdən sonra əlavə məhsul itkisi törədir, onda zərərvericiyə qarşı mübarizə aparılarkən sürfə və böcəklərin məcmu zərərvermə qabiliyyətləri nəzərə alınmaqla hesablanmış İZH-nə əsaslanmalıdır. Bu hədd adi taxıl əkinlərində 1 m2-də 1,6-2,2 sürfəyə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfəyə bərabərdir.
Deməli, zərərvericiyə qarşı kimyəvi dərmanlanmalar adi taxıl əkinlərində hər m2-də 1,6-2,2 sürfə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfə müşahidə edildikdə aparılmalıdır. Mühafizə tədbirlərinin zərərvericinin İZH əsasında aparılması mühafizə xərclərini, pestisidlərin ətraf mühitə zərərli təsirini azaldır, mübarizə sistemi təkmilləşdirir və entomofaqların taxıl aqrobiosenozunda qorunub saxlanılmasına şərait yaradır.
Hesabat üsulu. Taxıl böcəyinin sürfələrinin miqdarını və yayılmasını qeydə almaq üçün avqust ayında sələfi dənli bitkilər olmuş, yenidən dənli bitkilər əkiləcək sahələrdə böcəyin yetkin fərdlərinin, yumurta və sürfələrinin qeydiyyatı (uçotu) aparılır. Yüz hektara qədər sahədən hər biri 0.25 m2 (50x50 sm) və dərinliyi 30 sm olan 16 nümunə götürülür. Növbəti hər 100 hektarlıq sahədən, əlavə olaraq 4 nümunə də götürülür. Nümunələr sahədən elə götürülməlidir ki, mərkəz və kənarlar da daxil olmaqla sahəni tam xarakterizə etmiş olsun. Götürülmüş nümunələr diqqətlə nəzərdən keçirilir, böcəklər, yumurta və sürfələr sayılaraq qeyd edilir. Nümunələrin heç birində zərərverici aşkar edilmədikdə sahə sirayətlənməmiş sayılır.
Əkin sahələrində bitiş alındıqdan sonra zərərvericinin fəaliyyəti nəticəsində zədələnmiş bitkiləri aşkar etmək üçün yenidən müşahidələr aparılır. Bu məqsədlə sahənin kənarından diaqonal xətt boyunca sahənin mərkəzinə doğru keçilir, zədələnmiş bitkilər aşkar edilmədikdə sahə sirayətlənməmiş hesab olunur. Vizual baxış zamanı zədələnmiş bitkilər aşkar edildikdə torpağın müayinəsinin aparılmasına başlanır. Bu zaman bitkilərin sıxlığı, inkişaf fazası, eləcə də sürfələrin miqdarını və yaşını öyrənmək tələb olunur.
Mübarizə tədbirləri:
Payızda bitkilərin kollanması dövrünə qədər 1 m2 də sürfələrin orta sayı adi taxıl əkinlərində 1,6-2,2 ədəd, toxumluq taxıl əkinlərində 0,8-1,0 ədəd, yazda payızlıq dənli bitkilərin boy atması dövründə isə 3-4 ədəd olarsa, adları aşağıda qeyd edilən insektisidlərdən biri ilə kimyəvi mübarizə aparılmalıdır.
Təsiredici maddəsi asetamiprid (200 qr/kq) olan preparatlarının biri ilə 0,15-0,175 kq/ha məsarif normasında; təsiredici maddəsi diazinin (600 qr/l) olan preparatlarının biri ilə1,5-1,8 l/ha məsarif normasında; təsiredici maddəsi dimetoat (400 qr/l) olan preparatlarının biri ilə 1-1,5 l/ha normasında, təsiredici maddəsi tiametoksam (250 qr/kq) olan preparatlarının biri ilə 0,1-0,15 kq/ha normasında; təsiredici maddəsi sipermetrin (250 qr/l) olan preparatlarının biri ilə 0,3 l/ha məsarif normasında dərmanlama aparılması yaxşı səmərə verir.
Təsiredici maddəsi İmidakloprid 150 qr/l + lyambda-siqalotrin 50 qr/l olan preparatlar 0,08-0,1 l/ha məsarif normasında təsiredici maddəsi bir tərkibli olan preparatlara nisbətən, taxıl böcəyinə qarşı həm bioloji, həm də iqtisadi cəhətdən daha səmərəlidirlər.
Cücərtilərin çilənməsi zamanı hektara 100-200 litir, vegetasiya müddətində yetkin böcəklərə qarşı mübarizə aparıldıqda isə 200-400 litr işçi məhlul sərf olunmalıdır. Tətbiq olunan insektisidlərə qarşı taxıl böcəyində davamlılıq yaranmaması üçün preparatlar mütləq qaydada növbələşdirilməlidirlər (qrup və təsiredici maddələr üzrə). Əks halda, eyni preparatlardan ardıcıl istifadə edilməsi zərərvericidə həmin qrup preparatlara qarşı davamlılığın yaranmasına gətirib çıxarır. Nəticədə tətbiq edilən kimyəvi dərmanlamalar az təsiri və ya təsirsiz olur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır