Payızda arıxana işləri-Mütəxəssis tövsiyəsi
2020-11-04 00:00:00
Payızda arıçılar əsas hazırlıq işləri ilə məşğul olmalıdırlar. Bu məqsədlə aşağıdakı şərtlərə mütləq əməl olunmalıdır: əksəriyyəti payızda yetişmiş cavan, qüvvəli arı ailələrini qışa saxlamalı, qış üçün hər ailəyə gücünə görə kifayət qədər keyfiyyətli bal saxlamalı və yuvalar yandan və üstdən istiləşdirilməlidir. Axırıncı bal toplanışının əsas dövrü qurtaran kimi arıxanada arı ailələri yoxlanılmalıdır. Keçən yay məhsulu və arıxananın gəliri hesablanır.
Qışlamaya qədər arı ailələrini qüvvətləndirmək və cavan arıların sayını artırmaq vacibdir. Bu məqsədlə payız çiçəklərindən şirə çəkə bilən cavan arıların fəaliyyətindən səmərəli istifadə edilməlidir.
Arıların payızda qüvvətləndirilməsi. Arıların qışlamadan yaxşı çıxması və yazda sürətli inkişafı onların payızda yetişdirilməsindən çox asılıdır. Payızda arıçının əsas vəzifəsi qışlamaya güclü (9-10 çərçivədən az olmayaraq), çoxlu cavan arıları və kifayət qədər yemi olan ailə yetişdirməkdən ibarətdir.
Payızda ailənin güclənməsinin əsas şərtlərindən biri də ananın yumurtaqoyma qabiliyyətinin yüksək olmasıdır. Qoca və yararsız ananı cavan ana ilə əsas gəlir dövründə dəyişmək məsləhətdir. Çünki həmin vaxt ananın yumurta qoymasında fasilə yaranır. Bu isə ailənin məhsuldarlığının nəinki azaltmır, əksinə, bal toplanmasına müsbət təsir göstərir.
Arı ailəsinin payızda qüvvətləndirilməsinin başlıca şərtlərindən biri də təbiətdə əlverişli hava şəraitinin ( gül çiçəyin gec solması) olmasıdır. Nəzarət pətəyində gündəlik qida 100-200 q olduqda qida olmayan dövrə nisbətən ananın yumurta qoyması 50 %, şəkər şərbəti verdikdə isə 30 % artır.
Ana arının yumurta qoymasını sürətləndirmək tədbirlərindən biri də ailəyə az ballı şanlı çərçivələrin verilməsidir. Bu məqsədlə şanın möhürünü açıb arakəsmənin arxasına qoyurlar. Gündəlik saxlayıcı gəlirdən əlavə yuvada ehtiyat bal və güləm olmalıdır.
Qışlamaya əlavə cavan arılar yetişdirmək üçün təcrübəli arıçılar gəlirin axırına yaxın müvəqqəti ayırma beçələr yetişdirirlər. Payızda həmin ayırma beçələr əsas arı ailələri ilə birləşdirilir, qoca ana isə çıxdaş edilir. Müvəqqəti ayırma beçələrin yetişdirilməsi, payızda arı ailələrinin qüvvətləndirilməsi erkən yazda balverən çiçəklik üçün xüsusilə əlverişlidir. Belə hallarda an ailələri yazda daha sürətlə inkişaf edir və bağları səmərəli tozlandırırlar.
Payızda yuvada güləmin olmaması zülal aclığına, arı orqanizminin müqavimətinin zəifləməsinə, normal qışlamasına və yazda inkişafına mənfi təsir edir.
Qışlama üçün yem ehtiyatının yaradılması. Arıçılıqda bəzən payız-qış dövründə arıların ehtiyat yemini tamamlamaq, yaxud onun bir hissəsini dəyişmək lazım gəlir. Belə tamamlama və dəyişmənin ehtiyat saxlanan çiçək ballı şanların hesabına həyata keçirilməsi yaxşı nəticə verir. Bu olmadıqda arılara 2 hissə şəkər və I hissə sudan hazırlanmış şəkər şərbəti verilir. Bir arı ailəsi il ərzində 90-110 kq yem sərf edir. Yazda arısının çəkisi 1 kq olan və 35 kq satdıq bal verən ailə il ərzində 75-80 kq yem sərf edir.
Ailədən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatının qeydinə qalmaq lazımdır. Qış-yaz dövrü üçün ballı və ballıgüləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısında başlanmalıdır. Çünki həmin vaxt arılar yüksək keyfiyyətli bal toplayırlar.
Gəzəngi bal toplanmasına başlamazdan qabaq pətəkdən 5-6 çərçivə möhürlənmiş çiçək balı çıxarılır və müvəqqəti olaraq anbarda saxlanılır.
Arıların yemləmə norması və texnikası onlar yayılan zonaların, arı cinslərinin xüsusiyyətlərindən, saxlanma və xidmət sistemindən asılıdır. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir.
Açıq havada qışladıqda qüvvəli arı ailələri hər diri çəki vahidinə (1 kq) zəif arı ailəsinə nisbətən 2 dəfə az yem sərf edirlər. Qış-yaz dövrü üçün hər arı ailəsinə 25 kq-a qədər ehtiyat yem tələb olunur. Bunun 70-80%-i yuvada, qalan hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arılara verilməlidir. Arıları qışlamaya hazırlarkən hər çərçivə aralığı arı üçün 2-2,5 kq bal saxlanmalıdır.
Qışlama yeminin şəkərlə əvəz edilməsi. Arıçılıqda çox vaxt payız-qış dövründə arıların ehtiyat yemini tamamlamaq, yaxud onun bir hissəsini başqa yemlə əvəz etmək lazım gəlir, ehtiyat yemdə gəzəngi olduqda onun bir hissəsi keyfiyyətli yemlə əvəz edilir. Bu zaman arılara ehtiyat saxlanan çiçək ballı yem vermək lazımdır. Belə bal olmadıqda onlara 1 hissə şəkər və 1 hissə sudan hazırlanmış şərbət verilir.
Arıları qışda yemləmək üçün çoxlu müxtəlif yem qablarından istifadə olunur. Lakin qışlama dövründə onları kələflərinin (topalarının) dağılmasına səbəb olmayan, çərçivə üstünə qoyulan yem qablarında yemləmək əlverişlidir. Çünki belə yem qablarında pətəyin aşağısından qalxan istilik nəticəsində şərbət isinir. İsinmiş şərbəti arılar yaxşı götürürlər və həm də belə yem qabları üçün yuvada əlavə yer tələb olunmur.
Arıların ehtiyat yeminin bir hissəsini dağ rayonlarında avqustun sonuncu və sentyabrın birinci ongünlüyündə başyaraq yemlə əvəz edirlər, yaxud yemi az olduqda onu tamamlayırlar. Bu tədbiri aran zonalarında oktyabrın birinci yarısında aparmaq məsləhətdir. Gecikdirdikdə isə soyuq olduğundan arılar şərbəti və balı götürüb üzərini möhürləyə bilmirlər. Şəkər şərbəti axşamlar pətəyə qoyulur və arı “oğurğuluna” qarşı tədbirlər görülür.
Açıq havada qışlamanın təşkili. Respublikamızda yanvarda şaxtaların az-az hallarda 4-5°C-dən aşağı olduğu zonalarda an ailələri açıq havada qışlayırlar. Bu üsulun bir sıra üstün və mənfi cəhətləri vardır. Üstün cəhətlərdən biri ondan ibarətdir ki, arılar yazda hava sakit və nisbətən isti günlərdə uçuş edirlər, onlar kifayət qədər təmiz hava alırlar. İkincisi, qışlama binalarının tikintisinə xərc çəkilmir, pətəklərin qışlama binasına yığılmasına və oradan çıxarılmasına əmək sərf edilmir.
Açıq havada arı ailələrinin qışlamasmın çatışmayan cəhətləri ondan ibarətdir ki, payızın axırında və qışda güclü küləklərdən və nəm havadan yuva soyuyur. Yuvanın soyuması arıların çoxlu enerji itirməsinə səbəb olur. Buna görə də açıq havada qışlayan arı ailələri qışlama binasında qışlayan arı ailələrinə nisbətən 2-3 kq artım yem sərf edirlər.
Arıların açıq havada qışlamasmın təşkili arı ailələri qışlamaya hazırlanmasını, onların kifayət qədər keyfiyyətli ehtiyat yemlə təmin edilməsini tələb edir. Arıxana tikintilərlə, meşə və qalın kolluqlarla əhatə edilmiş olduqda arı ailələri yaxşı qışlayırlar. Kolluqlar yoxdursa, arıxananın ətrafı hasarlanmalıdır.
Arılar açıq havada qışlayarkən pətəyin yuxarısında diametri 2,5 sm olan oval deşik açılır. Aşağıdakı uçuş bacasını qar örtdükdə yuxarıdakı deşikdən arılar lazım gəldikdə çıxa bilirlər və oradan pətəyə təmiz hava daxil olur.
Pətəkləri xaricdən istiləşdirmək üçün toldan, nəm keçirməyən kağızdan, polietilen örtükdən istifadə edilir. Pətək içəridən (qapaq altında) və yandan istiləşdirici materialla istiləşdirilir. Uçuş bacası 5 sm-dək qısaldılır, pətəklərə siçanların və başqa ziyanvericilərin girməsinin qarşısını almaq üçün uçuş bacasının qabağına ancaq arılar keçə biləcək gözcükləri olan dəmir tor bərkidilir. Yuva üstdən və yandan istiləşdirilir.
Pətəkdəki yem ehtiyatının tamamlanması. Arı ailəsinin yaz yoxlanması zamanı yuvada 3-4 kq yem və 1,5 çərçivə güləm olduğu müəyyən edildikdə ailəyə əlavə 1-2 çərçivə ballı şan və 1-2 çərçivə güləmli şan verilməlidir. Ehtiyat yemdə gəzəngi olduqda da onun bir hissəsi keyfiyyətli yemlə əvəz olunur. Yem ehtiyatının tamamlanması növbəti baxış zamanı həyata keçirilir. Arı ailəsinə ballı şam verməzdən əvvəl onu bir gün isti yerdə saxlamaq məsləhət görülür. İsti balı arılar həvəslə qəbul edirlər və həm də yuva soyumur.
Yem ehtiyatını yuvanı genişləndirərkən də tamamlamaq olar. Arıxanada ehtiyat ballı şanlar yoxdursa, yem ehtiyatı az olan arılara şəkər şərbəti verilir. Şərbət 4-5°C-yə qədər soyuduqdan sonra arılara xüsusi yem qablarında, yaxud yarımlitrlik bankalarda verilir. Arıların şərbətə batmaması üçün qabın içərisinə taxta parçaları, yaxud quru ot dəstəsi salınır. Arıların yemləndirilməsi axşamlar arılar pətəyə yığıldıqdan sonra aparılır.
Yemləmə aparmazdan qabaq üzərini arılar örtmədiyi boş şanlar yuvadan çıxarılır. Yem qabı yuvada çərçivələrin üstünə qoyulur və pətək qapaq altından istiləşdirilir. Qüvvəli arı ailəsi bir gündə 3-4 kq şərbəti götürə bilirlər.
Arıların payız-qış yemlənməsi. Arıçılığın inkişafının ən vacib tədbirlərindən biri onları qışlamadan yaxşı çıxarmaqdan ibarətdir. Buna görə də təcrübəli arıçılar həmişə çalışırlar ki, yeni bal yığımı dövrünədək arıları keyfiyyətli yemlə təmin etsinlər. Yaxşı qışlama yüksək bal yığımının əsasıdır.
Qışlama dövrünün bal-şəkər qarışığı ilə keçirən arı ailələrində ölüm az olur, qış dövründə az yem sərf olunur, arılar yaza gümrah çıxırlar. Təkcə balla, yaxud təkcə şəkərlə qışlayan arılarda isə ölüm faizi çox olur, onlarda qəbizlik, ishal və nozematozla xəstələnmə halları çox olur.
Arıların qışda və yayda yem qəbul etmələri müxtəlifdir, belə ki, yayda arılar yemi bir-birinə verir, qışda isə onların fəallığı azaldığına görə belə əlaqə pozulur. Qışda hər bir arı özü qovuqcuqdan yemi götürüb yeyir. Qış topasından götürülmüş hər bir arının bal çinədanında 3-dən 16 mq-a qədər bal olur. Topanın daxilində temperatura 15-20°C olduqda bu yem ehtiyatı onlara 1-1,5 sutka kifayət edir.
Ana arının aktiv fəaliyyəti dövründə onu xüsusi yemləyici arılar yemləyir, qışlama dövründə isə o qovuqcuqdan yemi özü götürüb yemək məcburiyyətində qalır.
Qışlayan arılar yemi müəyyən ardıcıllıqla qəbul edirlər: əvvəlcə açıq, sonra isə möhürlənmiş qovuqcuqlardakı baldan istifadə edirlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır