Payız və qış aylarında meyvə və üzüm bağlarında preventiv bitki mühafizə tədbirləri
2020-12-04 00:00:00
Bol və keyfiyyətli məhsul əldə etmək üçün bağa il boyu yüksək səviyyədə qulluq etmək lazımdır. Hətta bitkilərin nisbi sükünət dövründə belə aqrotexniki və bitki mühafizə işləri davam etdirilməlidir.
Payızda havaların soyuması ilə əlaqədar olaraq bitki orqanizmidə müvafiq fizioloji proseslər gedir və bunun nəticəsi olaraq bitkilər yarpaqlarını tökür və nisbi sükunət dövrünə keçirlər. Bu yazın əvvəlində bitkilərdə tumurcuqların oyanması dövrünə qədər davam edir. Nisbi sükunət dövrünə daxil olmuş bitkilərin kök, gövdə və zoğlarında, eləcə də torpağa tökülmüş bitki qalıqlarında sahib bitkiyə məxsus xəstəlik və zərərvericilərin qışlayan fazaları gələcək inkişaf və məhsuldarlıq üçün ciddi risk-təhdid mənbəyidir.
Bütün bunları nəzərə alaraq, bu təhdid mənbələrinin aradan qaldırılması üçün lazımı və ən uyğun olan – aqrotexniki, mexaniki və ya kimyəvi mübarizə üsullarından istifadə olunmalıdır. Burada aqrotexniki mübarizə üsulu xüsusi qeyd olunmalıdır.
Bu mübarizə tədbirlərinə, yerə tökülmüş infeksiya mənbəyi olan meyvələrin, yarpaqların, həmçinin bitki qalıqlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgəaralarının dərin (25-30 sm) şumlanması, ağacların qurumuş budaqlardan, köhnə qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və s. aiddir.
Bitkilərin normal böyümə və inkişafını təmin etmək və onlardan yüksək məhsul əldə etmək üçün onların mütəmadi yemləndirilməsinin də böyük əhəmiyyəti var. Torpaqda hər hansı bir qida elementi çatışmadıqda bitki orqanizmində fizioloji proseslər pozulur, inkişafı zəifləyir və məhsulun miqdarı azalır. Ona görə də bağ sahələrində torpağın qida tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə ilk növbədə torpaq analizi olunmalı və analizin nəticələrinə əsasən gübrə normaları tətbiq edilməlidir. Üzvi və mineral gübrələrin payızda və yazda tətbiq edilməsi tövsiyyə olunur.
Budama zamanı ağacların quru, xəstəliklərlə sirayətlənmiş budaqları və gövdə hissələri sağlam toxumayadək kəsilməli, kəsilmiş hissələr bağdan kənarda yandırılmalıdır. Zədələnmiş hissələri 3% -li göydaş (mis kuporosu) məhlulu ilə dezinfeksiya edib, üzərinə bağ məlhəmlərindən (petrolatum və s.) sürtmək lazımdır .
Ağacların quru qabıqlardan təmizlənməsi də vacibdir. Bu tədbir ilə qabığın altında gizlənmiş zərərvericilərin qışlayan mərhələlərini məhv etmək olar. Bunun üçün dəmir şotkadan və s. istifadə etmək lazımdır. Ağacların gövdələri təmizləndikdən sonra, qabıqlar kənarda yandırılmalıdır.
Nisbi sükunət dövründən şirə hərəkəti başlayana qədər, eləcə də havanın temperaturu çiləmə aparıması üçün optimal olduqda, xəstəliklərə qarşı profilaktiki tədbir olaraq 3%-li Bordo mayesi və ya digər mis tərkibli preparatlarla çiləmə aparılması tövsiyyə olunur. Bu xüsusən çəyirdəkli meyvələrə-gavalı, gilas, albalı, şaftalı və s. aid edilir. Tumlu meyvə bitkilərində-alma, armud, heyva və s. bu tədbirlər hava şəraitindən aslı olaraq tumurcuqlar açılana kimi aparıla bilər.
Son illər meyvə bağlarında karantin zərərvericilərə aid olan müxtəlif növ yastıcalar geniş yayılmışdır. Yastıcalar təhlükəli zərərvericilərdir, onunla mübarizə hər zaman çətin və uzun müddətlidir. Ağac və kollarda düzgün və vaxtında aparılmış fitosanitar tədbirlər, zərərvericinin 90%-ə qədər məhv edilməsinə səbəb olur.
Yastıcalarla ən səmərəli mübarizə qışda və erkən yazda, bitkilərin tumurcuqları açılana qədər olan dövrdə bu zərərvericilərin qışlayan fazalarını məhv etmək məqsədilə mineral yağ emulsiyaları ilə meyvə ağaclarının çılpaq çətirinin çilənməsidir.
Nisbi sükunət dövründən sonra zərərvericilərin sahələrdə fenoloji müşahidələrinin aparılması, yayılma arealını, sıxlığını müəyyənləşdirmək və ona qarşı qabaqlayıcı və digər mübarizə tədbirlərinin aparılma vaxtını dəqiqləşdirmək məqsədi ilə feromon tutucularından istifadə olunması məqsədəuyğundur. Bu məqsədlə bağlarda feromon tələlər asılmalı və müntəzəm müşahidələr aparılmalıdır.
Əgər qışda bağlarda lazımı tədbirlərin tam həyata keçirilməsi mümkün olmayıbsa, onda ilkin yazda müvafiq işlərin başa çatdırılması və mövsümə uyğun olaraq aqrotexniki, kimyəvi və digər mübarizə tədbirlərinin həyata keçirilməsi vacibdir.
Nisbi sükunət dövründə bağlarda və həyatyanı sahələrdə zərərvericilərə (meyvəyeyənlər, yastıcalar, mənənələr, gənələr, yarpaqbükənlər və s.) və xəstəliklərdən isə dəmgil, unlu şeh, meyvə çürüməsi, xərçəng və s. qarşı tərkibində insektisidlər olan mineral yağların emulsiyasından və 3%-li bordo mayesindən istifadə olunması tövsiyyə olunur.
Bağlarda kimyəvi mübarizə tədbirləri həyata keçirilən zaman təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı və fərdi mühafizə vasitələrindən (kombinezon, respirator, eynək, rezin əlcək) istifadə edilməlidir.
Bağlarda, həyətyanı sahələrdə nisbi sükunət dövründə xəstəlik və zərərvericilərə qarşı preventiv (qabaqlayıcı) tədbirlərin həyata keçirilməsi gələcəkdə sağlam, keyfiyyətli və bol məhsulun yetişdirilməsinin əsasıdır.
Bu tədbirlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsi ilə bağlı məsləhət və tövsiyələrin alınması üçün Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi üzrə fəaliyyət göstərən yerli qurumlarına müraciət edə bilərsiniz.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır