Gübrələrin tətbiqinə dair mütəxəssis tövsiyəsi
2020-11-06 00:00:00
Əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından kənd təsərrüfatı sahəsi iqtisadiyyatın əsas strateji sahəsi hesab olunur. Bu sahədə bitkilərin məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün gübrə, torpaq və bitki arasında qarşılıqlı təsirin öyrənilməsi və elmi əsaslandırılmış gübrələmə sisteminin tətbiq olunması mütləqdir. Buna görə də, torpaqda çatışmayan qida maddələrini müəyyən etmək üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması vacibdir.
Bitkilərin böyüməsi və inkişaf etməsi üçün lazım olan mikro və makro elementləri torpaqdan mənimsədiyini nəzərə alaraq, onları həmin qida maddələri ilə təmin etmək üçün torpağa gübrələr verilir. Gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur.
Tərkib və ya mənşəyinə görə gübrələr üzvi, mineral, üzvi-mineral, bakterial gübrələr qrupuna bölünür.
Üzvi gübrələr:
Üzvi gübrələrə peyin, torf, kompost, quşzılı, yaşıl bitkilər və müxtəlif məişət tullantıları aiddir. Torpaqda gec minerallaşdığına görə üzvi gübrələrdən daha çox payız-qış aylarında istifadə etmək məsləhətdir. Belə ki, bu gübrələr vegetasiya başlayana qədər parçalanaraq bitkinin istifadə edə biləcəyi formaya düşməklə yanaşı, həmçinin üzvi gübrələrdən ayrılan istilik qış aylarında bitkini şaxtadan qoruyur.
Peyin. Respublikanın bütün bölgələrində üzvi gübrələrdən ən geniş istifadə olunanı peyindir. Döşənəkli peyinin tərkibində orta hesabla 0,5 % azot, 0,25 % fosfor, 0,6 % kalium, 0,35 % kalsium vardır. Peyin torpağa verildikdə torpaq mikroflorası faydalı bakteriya qrupları ilə zənginləşir və üzvi maddələrin parçalanması nəticəsində yüksək miqdarda istilik alınır. Təzə peyini dərhal torpağa verdikdə sahələrdə alaq otları və heyvan xəstəlik törədicilərinin geniş yayıla biləcəyini nəzərə alsaq peyinin səmərəli təsirini artırmaq üçün iri tağlarda kip halda yığaraq bir müddət saxlamaq lazımdır.
Torf. Torf havada artıq miqdarda nəm olduğu şəraitdə çürümüş bitki qalıqlarının yarımparçalanması zamanı əmələ gəlir, istənilən növ torf parçalanmamış bitkilərdən, çürüntüdən və mineral maddələrdən ibarət olub, onların nisbətinə görə fərqlənir.
Kompost. Kompostun hazırlanmasında azot ilə zəngin olan üzvi tullantılardan, heyvan peyini və quş zılı, ərzaq, meyvə və tərəvəz qalıqları, paxlalı bitkilərin küləşi, kökümeyvəli- lər, biçilmiş ot və digər yaşıl bitkilərdən istifadə olunur. Kompostun tərkibində olan qida maddələri bitki tərəfindən asan mənimsənilən halda olduğu üçün bitkilər qida maddələrini tez mənimsəyə bilir. Kompost torpaqda olan mikroorqanizmlərin həyat fəaliyyətini gücləndirir ki, bu da torpağın fiziki və mexaniki tərkibinin yaxşılaşmasına səbəb olur.
Quş zılı. Bitkilər üçün lazım olan bütün qida elementlərinə malik üzvi gübrədir. O, torf və peyinə nisbətən daha qatılaşmış gübrədir. Tərkibində peyində olduğundan daha çox azot, fosfor və kalium mövcuddur. Quş zılı bitkilər tərəfindən asan mənimsənilən qida elementləri ilə zəngin və tez təsir edən üzvi gübrədir. Bu gübrənin tərkibində quşlara verilən qidanın keyfiyyətindən asılı olaraq 6%-ə qədər azot, 4,8%-ə qədər fosfor, 2,6%-ə qədər kalium ola bilər. Quş zılı torpağa əsas gübrə kimi şum altına və əlavə yemləmə kimi verilə bilər.
Yaşıl gübrələr. Torpaqda üzvi maddələrin və azotun miqdarının artırılması üçün torpağa yaşıl bitkilər əlavə olunur. Torpağın bu üsul ilə gübrələnməsi siderasiya adlanır. Torpağa yaşıl gübrələr verdikdə kül elementləri ona qayıdır, üzvi maddələrin miqdarı xeyli artır. Yaşıl gübrələr torpağın xassələrinə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına müsbət təsir göstərir.
Mineral gübrələr:
Mineral gübrələr sənaye üsulu ilə istehsal olunur. Mineral gübrələr mineral duzlar şəklində olan qida maddələrindən ibarət olub tərkibində bir və ya bir neçə qida maddəsini birləşdirir. Tərkibində yalnız bir qida maddəsi olan gübrələr sadə, bir neçə qida maddəsi olan gübrələr isə kompleks gübrələr adlanır. Təsir etməsinə görə mineral gübrələr tez və ya gec təsir edənlərə ayrılır.
Azotlu gübrələr. Bitki azotla yaxşı təmin olunduqda yarpaqlar tünd yaşıl rəngdə olur, yaxşı kollanır və normal bar orqanları əmələ gəlir. Azotun çatışmaması bitkinin inkişafdan qalması, yarpaqların ağ-yaşıl və sarımtıl-yaşıl rəng almasına səbəb olur. Azotu normadan artıq tətbiq etdikdə bitkinin vegetativ orqanları həddindən artıq böyüyür və fizioloji proseslər pozulur. Ərzaq və yemlərin keyfiyyəti pisləşir, saxlamağa yararsız olur. Bitkinin tərkibində canlı orqanizmlər üçün zərərli olan toksiki maddələr toplanır.
Fosforlu gübrələr. Fosfor ən çox bitkinin böyüməkdə olan cavan hissələrində və reproduktiv orqanlarında toplanır, köklərin erkən böyüməsinə və quraqlıq keçən dövrlərdə onların inkişaf etməsinə şərait yaradır. Bitkinin fosforla yaxşı təmin olunması nəinki bitkinin məhsuldarlığını çoxaldır, eyni zamanda onun keyfiyyətini də yaxşılaşdırır. Buğdada dənin kütləsi küləşə nisbətən artır. Lifli bitkilərdə liflər daha uzun, möhkəm və zərif olur. Fosfor gübrələrinin təsiri nəticəsində payızlıq əkinlərin soyuğa davamlılığı yüksəlir, qışı yaxşı keçirirlər. Kalium sulfat (50 % K2S04) xlora həssas bitkilər (kartof, tütün) üçün istifadə olunur.
Bu gübrələrin tərkibi suda həll olan və ya tez təsir edən maddələrdir. Kalium çatışmazlığı yarpaqların kənarlarının qonur rəng alması ilə müşahidə olunur. Yarpaqların kənarı yanmış görkəmi alır. Bitkidə kalium çatmadıqda reproduktiv orqanların inkişafı ləngiyir. Belə bitkidən alınmış toxum məhsulu zəif cücərir. Bitkilər pis kollanır, aşağı yarpaqlar, hətta rütubət yüksək olduqda belə saralıb tökülür.
Bioloji gübrələr:
Bio-üzvi gübrə, əsasən parçalanan, zərərsizləşdirilmiş üzvi maddələr və xüsusi funksional mikroorqanizmlər tərəfindən parçalanan heyvan və bitki qalıqlarından (heyvandarlıq peyin və məhsul budaqları) ibarət mikroorqanizm gübrəsi və üzvi gübrədir.
Gübrənin təsiri. Bio-üzvi gübrə resurslara qənaət etmək, ekoloji cəhətdən təmiz cəmiyyət yaratmaq, eyni zamanda kənd təsərrüfatının inkişafına nail olmaq üçün böyük əhəmiyyət daşıyır. Bio-gübrələr təbii mühit üçün tamamilə təhlükəsiz olduğuna görə onlardan istifadə edərək əkilən məhsulların ekoloji təmizliyinə zəmanət verilir ki, bu da onu yüksək keyfiyyətli kateqoriyaya aid etməyə imkan verir.
Bio-gübrələrin təsnifatı kifayət qədər zəifdir, belə ki eyni məhsul eyni zamanda bir neçə növün xüsusiyyətlərini daşıyır. Buna baxmayaraq, aşağıdakı qruplar fərqlənə bilər: bakterial gübrələr, göbələk gübrələri, biohumus.
Bioloji gübrələr torpaqda yığılmırlar və bir qayda olaraq, onların istehlakı üzvi və mineral gübrələrdən daha aşağıdur.
Bakterial gübrələr. Tərkibində bakteriya olan gübrələrdir. Onlar bitkilər üçün bilavasitə qida deyillər. Lakin torpaqda mənimsənilməsi çətin olan mürəkkəb üzvi maddələri parçalayaraq bitkilərin istifadə edə biləcəyi şəklə düşməsinə kömək edir.
Gübrələrin torpağa verilmə normaları: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün gübrələrin tətbiqi normalarının hesablanmasında bitkinin qida elementlərinə olan fizioloji tələbatı əsas götürülür. Müxtəlif bitkilərin torpaqdan qida elementlərini müxtəlif miqdarda və müxtəlif nisbətdə mənimsədiklərini nəzərə alaraq verilən gübrələrin norması əkilən bitkinin torpaqdan mənimsədiyi qida maddələrinin miqdarına görə tənzimlənir.
Gübrələrin torpağa verilmə üsulları: gübrələrin üç verilmə yolları fərqləndirilir: əsas gübrə (səpindən əvvəl), cərgələrə, çalalara (səpin zamanı) və yemləmə kimi (səpindən sonra).
Gübrələrin torpağa verilmə vaxtı və müddəti: Gübrələr torpağa payızda, yazda və yayda verilir. Üzvi və mineral gübrələr payızda, yazda yenidən şumlandıqda, yayda herik qoyulmuş tarlaya verilir. Gübrələr torpağa verilərkən suvarma üsulu mütləq nəzərə alınmalıdır. Əgər məhsul ilə torpaqdan hər hektardan 95 kq azot götürülürsə, onda karbamid gübrəsinin istifadə norması aşağıdakı kimi hesablanır: 95-100/46=206 kq/ha.
Gübrələrin torpağa verilmə dərinliyi: Gübrələrin verilməsinin ən yaxşı üsulu kotan ilə şumlama zamanı verilmədir. Belə olan halda üzvi və mineral gübrələrin bütün kütləsi 10-12 sm-dən az olmayan dərinliyə düşür. Gübrə torpağa səpindən əvvəl verildikdə gübrənin yer altına düşmə dərinliyi 0-dan 10 sm-ə qədər olur, işlənmə dərinliyi 10 sm-ə qədər olduqda 80 %-ə yaxın gübrə yuxarı, qurumuş torpaq qatına (0-5 sm) düşür. Bu da gübrələrin səmərəliliyini azaldır. Mineral gübrələri adətən payızda dərin şum altına və ya yazda yenidən şumlama zamanı vermək lazımdır (səpin zamanı cərgələrə verilmə istisna olmaqla). Üzvi gübrələr torpağın iqlim şəraitindən, torpağın üzvi maddə ilə təminatından, həmin sahədə əkilən sələf bitkisinin sortundan və s. asılı olaraq təyin olunan miqdarda əsasən şum altına verilməlidir.
Qeyd olunanları nəzərə alaraq aşağıdakılar tövsiyə edirik:
Üzvi gübrələrin tərkibindəki qida maddələrinin xeyli hissəsinin müəyyən bir zaman ərzində minerallaşdıqdan sonra bitkilər tərəfindən mənimsənildiyini nəzərə alsaq üzvi gübrə şumdan əvvəl əkin sahəsinə verilməli və daha yüksək məhsul əldə etmək üçün torpağa üzvi gübrə ilə bərabər mineral gübrədə verilməlidir.
Əkilən bitkinin növünü nəzərə almaqla torpağa verilən gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək vacibdir.
Bitkiləri vegetasiya dövründə daimi olaraq qida elementləri ilə təmin etmək üçün səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilməlidir.
Gübrə verilən zamanı torpağın nəmliyi və hava şəraiti nəzərə alınmalıdır.
Torpağa verilən gübrələrin normasını düzgün təyin etmək üçün əkindən əvvəl torpağın aqrokimyəvi analizinin aparılması mütləqdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır