Emfizematoz karbunkul xəstəliyi və onunla mübarizə-Mütəxəssis tövsiyəsi
2020-12-10 00:00:00
Heyvanların gövdəsinin müxtəlif nahiyələrində xışıltılı şişlərin əmələ gəlməsi, temperaturun yüksəlməsi və tez ölümlə nəticələnən emfizematoz karbunkul (emkar) iti gedişli yoluxucu xəstəlikdir. Xəstəliyə qaramal, camış, donuz, qoyun və keçi, təcrübə heyvanlarından isə hind donuzları həssasdırlar. Dovşan, siçan və siçovullar az həssasdırlar.
Emfizematoz karbunkulla qoyun və keçilər bütün yaşlarda yoluxurlar. Hal-hazırda torpaq-iqlim şəraitindən və coğrafi yerləşməsindən asılı olmayaraq, dünyanın əksər ölkəsində qeyd olunur.
3-4 yaşlı cavan heyvanlar daha yüksək həssaslıq göstərirlər. Kök heyvanların əzələsində mikrobun inkişafına lazım olan qlikogenin miqdarı yüksək olduğu üçün onlar arıq, zəif heyvanlara nisbətən xəstəliyə daha tez tutulurlar.
İnfeksiya törədicisinin mənbəyi xəstə heyvanlardır. Keçirici faktorlar isə amilin sporları ilə sirayətlənmiş otlaq, torpaq, su, yem və ölmüş heyvanların cəsədlərinin vaxtında yığılıb zərərsizləşdirilməməsi və s. hesab olunur. Yoluxma əsasən alimentar yolla və dəri zədələnməsi ilə baş verir.
Emkar xəstəliyi baş verdikdə təsərrüfatlara əhəmiyyətli dərəcədə iqtisadi ziyan verə bilir. Bunlar xəstəlikdən ölmüş heyvanların dəyəri sağlamlaşdırıcı və karantin tədbirlərinin aparılmasına, sərf olunan xərclərə və s. görə hesablanılır.
Xəstəliyi əmələ gətirən mikroblara qaramalın, qoyunların, quşların, balıqların bağırsaqlarında, torpaqda, yemdə, suda və s. rast gəlmək olur.
Xəstəlik törədicisinin xarici mühitdə əmələ gətirdikləri sporlar çox davamlıdırlar, belə ki, torpaqda bir neçə il, peyində 6 aya qədər, suyun dibində 10 ildən yuxarı, yoluxmuş hüceyrənin qurudulmuş materialında 9-18 ilə qədər həyat fəaliyyətlərini saxlaya bilirlər. Günəş şüası isə 24 saata öldürür. Mədə şirəsi spora heç bir təsir göstərmir.
Törədicinin orqanizmə daxil olmasına həzm sistemi selikli qişasının tamlığının pozulması səbəb olur. Qoyunlar axtalanma və qırxım zamanı daha çox xəstələnirlər.
Xəstəliyin inkubasiya müddəti 1-5 gündür. Bədən temperaturu 41-42 oC-dək yüksəlir. Xəstəlik əsasən sporodik, bəzən isə epizootiya halında baş verir.
Xəstəlik zamanı ümumi zəiflik, yemdən imtina müşahidə olunur. Heyvanın burnundan köpüklü maye axır.
Heyvanın cəsədi köpmüş olur və çürümə zəif gedir. Xüsusilə bud, boyun, sağrıda, çənəaltı sahədə və digər müxtəlif nahiyələrdə ağrılı, qazla dolu şişlər əmələ gəlir. Bu şişlər perkusiya edildikdə timpanik səs, əllədikdə isə xışıltılı səs verirlər. Ürək fəaliyyəti tamamilə pozulur. Vurğuların sayı dəqiqədə 100-120 olur, qaraciyərin funksiyası pozulur və təngnəfəslik müşahidə edilir, orqanizmdə ümumi intoksikasiya baş verir, heyvan tezliklə ölür. 3 aylığadək danalarda xəstəliyin septiki formasına rast gəlinir ki, bu halda ölüm faizi çox yüksək olur.
Ətraf mühiti çirkləndirmək üçün emfizematoz karbunkuldan ölmüş heyvan cəsədlərinin yarılması qadağandır.
Xəstəliyə diaqnoz qoymaq üçün klinik, epizootoloji, patoloji anatomik məlumatlar, həmçinin laborator müayinələrin nəticələri nəzərə alınmalıdır.
Müayinə üçün patoloji material (əzələ hissələri, qaraciyər, dalaq, ürəkdən qan və s.) heyvan öldükdən 2-3 saatdan gec olmayaraq götürülməlidir. Əgər ehtiyac olduqda 40%-li qliserində konservləşdirilə bilər.
Xəstəliyi qarayaranın karbunkulyoz formasından və yaman şişdən təfriq etmək lazımdır.
Profilaktik məqsədlə hiperimmun serumdan istifadə olunur. Hiperimmun serum iribuynuzlu heyvanların vena, yaxud əzələ daxilinə 100-200 ml dozada yeridilir, 10-14 gündən sonra isə aktiv peyvənd aparılır.
Xəstəliklə mübarizə məqsədilə qeyri-sağlam təsərrüfatlarda qaramal 3 aylıqdan 4 yaşa qədər, qoyunlar isə 6 aylıqdan etibarən profilaktik peyvəndləməyə cəlb olunurlar. Emfizematoz karbunkul xəstəliyi müşahidə edilmiş təsərrüfatlarda peyvəndlənmə bir aylıq və ondan böyük yaşda olan qoyunlar arasında aparılır. Vaksin qaramal və qoyunların yaşı və çəkisi nəzərə alınmadan buddaxili səthinə bir dəfə 2 ml vurulur.
Axtalanma və buynuzun kəsilməsindən dərhal sonra, həmçinin doğumdan 7-10 gün keçənədək və boğazlığın son ayında heyvanların peyvənd edilməsi məsləhət görülmür. Peyvəndləmədən 14 gün sonra immunitet formalaşır və 6 aydan az olmayaraq davam edir. Göstərilən müddət qurtardıqdan sonra heyvanlarda təkrar peyvəndləmə aparılır.
İmmunizasiya edilmiş, məcburi kəsilmiş heyvanların ət və süd məhsulları məhdudiyyətsiz istifadə edilir.
Qeyd etmək lazımdır ki, iribuynuzlu heyvanların qarayara və emkar, həmçinin bruselyoz və emkar xəstəliklərinə qarşı peyvəndləmə aparılması məsləhət görülür. Xəstəlik iti formada getdiyinə görə müalicə çox vaxt səmərəli olmur.
Xəstəliyin əvvəlində 5-7 gün ərzində antibiotiklərdən xlortetrasklin, dibiomisin, ampisillin, bisillin streptomisin və s. ilə müalicə aparılır.
Həmçinin xəstə heyvanlara kamfora yağı, kofein tətbiq edilir. İltihab nahiyəsinə və onun ətrafına dezinfeksiyaedici maddələrdən 0,1%-li kalium-permanqanat, 1,2%-li hidrogen-peroksid, 3-5% karbol turşusu, 5%-li lizol və ya fenol və s. məhlullar yeridilir.
Xəstəlik baş verdikdə ərazi idarəetmə orqanının qərarı ilə təsərrüfata karantin qoyulur, xəstə və şübhəli heyvanlar təcrid edilərək müalicəyə cəlb edilir, qalan heyvanlar isə peyvənd olunurlar.
Xəstə heyvanların ətindən və südündən istifadə etmək olmaz. Ölmüş heyvan cəsədləri dərisi ilə birlikdə, peyin və yoluxmuş yem qalıqları yandırılmaqla məhv edilməlidir. Heyvan cəsədləri 2 m-dən az olmayaraq qazılıb basdırıla da bilər.
Karantin şərtlərinə görə heyvanların təsərrüfatdan çıxarılması, gətirilən heyvanların karantin sahəsindən sürülməsi, başqa təsərrüfatlara satılması, təsərrüfat daxili dəyişdirilməsi, karantin zonalarından yığılmış ot və digər yemlərin təsərrüfatdan çıxarılması yol verilməzdir.
İnfeksiya baş vermiş təsərrüfatlarda xəstəliyə həssas bütün heyvanlar termometriya və klinik müayinə edilməlidir. Xəstə və xəstəliyə şübhəli heyvanların kəsimi, ölmüş heyvanların dərisinin soyulması qadağandır.
Xəstəliyin klinik əlamətlərinin itməsindən, axırıncı xəstə heyvanın sağlamasından və ya ölümündən və son dezinfeksiyadan 14 gün sonra ərazi icra orqanının qərarı ilə karantin götürülür və təsərrüfat sağlam elan edilir. Peyin şirəsi hər 20 litrə 1 kq xlorlu əhəng qarışdırılaraq zərərsizləşdirilir. Heyvan binaları və gəzinti yerlərində mexaniki təmizləmə və dezinfeksiya işləri aparılır. Dezinfeksiya əsasən tərkibində 5% aktiv xloru olan xlorlu əhənglə, 4%-li formaldehid məhlulu, 10%-li isti kükürd və karbol qarışığı, 10%-li birxlorlu yod, natrium hidroksidin 10%-li isti məhlulu, 10%-li natrium qələvisi və tərkibində 5% aktiv xloru olan xlorlu preparatlarla aparılır. Kimyəvi maddələrdən 1-500 nisbətində süleymani 10 dəqiqəyə və formalinin 5%-li məhlulları isə 15 dəqiqəyə cl.chauvoei sporlarına güclü təsir edərək, onu parçalayır. Dezinfeksiyadan sonra heyvan saxlanılan damların 20%-li xlorlu əhəng məhlulu ilə ağardılması məsləhət görülür.
Emfizematoz karbunkul xəstəliyindən ölmüş, məcburi kəsilmiş və cəsədlərdə yarma aparılan yerlərdə törədicini məhv etmək məqsədilə torpaq yandırılır, sonra hər kvadrat metr torpaq sahəsinə, 10 l hesabı ilə xlorlu əhəng çilənir. Sonra torpaq 25 sm dərinliyində qazılaraq tərkibində 25% aktiv xlorlu olan quru xlorlu əhənglə qarışdırılmalı (3 hissə torpaq, 1 hissə xlorlu əhəng hesabı ilə) və torpaq su ilə isladılmalıdır.
Emkar xəstəliyinin baş verməsinin qarşısının alınması məqsədilə kompleks baytarlıq-sanitariya tədbirləri həyata keçirilməlidir. Belə ki, xəstəliyin profilaktikası üçün heyvan saxlanılan binalar və otlaqlar yüksək sanitar vəziyyətdə saxlanılmalı, heyvanların zədələnməsinin qarşısı alınmalıdır.
Hal-hazırda ölkəmizdə heyvanların xəstəliklə yoluxması nəzərə çarpacaq dərəcədə deyildir. Lakin yüksək effektli vaksinlərin tətbiq edilməsinə və profilaktik tədbirlərin aparılmasına baxmayaraq, qeyri-sağlam ərazilərdə hələ də bu xəstəlik problem olaraq qalmaqdadır.
Bütün bunları nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha diqqətinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda emfizematoz karbunkul xəstəliyinə qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır