Dovşan balalarının bəslənməsi gigiyenası
2020-11-20 00:00:00
Təsərrüfat və fərdi şəkildə saxlanılan dovşanların doğumuna 5 gün qalmış ümumi qəfəslərə doğum üçün kiçik qəfəs qoyulur. Sonra bütün qəfəslər və avadanlıqlar təmizlənir və dezinfeksiya edilir. Dovşanın qəfəsdə yuva düzəltməsi üçün qəfəsin 2/3 hissəsi samanla doldurulur (yaxşı olar ki, vələmir samanı olsun). Ana dovşan bu döşənəyin üzərini öz döşü və qarınaltı tükü ilə örtərək yumşaq və isti döşənək yaradır. Soyuq havalarda qəfəsə ana dovşan üçün xüsusi yeşik (yuva) qoyulur, qəfəsin qapısı isə küləşdən hörülmüş pərdə ilə örtülür. Əgər 2-3 günə qədər ana dovşan özünə yuva düzəltməsə (belə hal cavan dovşanlarda olur), onda başqa dovşanın tükündən ona yuva düzəldilməlidir.
Ana dovşanda doğumdan əvvəl və sonra susuzluq əmələ gəlir. Əgər bu dövrdə ona su verilməzsə, o öz balalarını yeyə bilər. Buna görə də ana dovşanın qəfəsində həmişə təmiz su olmalıdır. Bundan başqa, ana dovşanın orqanizmində mineral maddələr çatışmadıqda da öz balasını yeyir. Ona görə də bu dövrdə onların yem payına kifayət qədər mineral maddələr qatılmalıdır.
Doğmuş ana dovşan öz balalarını yalayır, qəfəsdə onları yerləşdirir, yemləyir və üstlərini öz tükü ilə örtür. Yeni doğmuş ana dovşanlara birinci iki həftə xüsusi nəzarət edilməlidir. Çünki bəzən balalar qəfəsdə bir-birindən aralı düşür, bu da onların tələfatına səbəb olur.
Bəzən qəfəsi isitmək və ya qəfəsi isti binaya köçürmək lazım gəlir. Bu zaman dovşana baxan işçi qəfəsdə bir-birindən aralı düşmüş balaları bir yerə yığmalı, onların altına yumşaq döşənək sərməli, üzərini tüklə örtməlidir.
Doğumun birinci günü yuva yoxlanmalıdır. Dovşanları yoxlama və onlarla rəftar etmə zamanı əl sabunla təmiz yuyulmalı, sonra isə spirtlə silinməlidir.
Yoxlama zamanı narahat, hirsli dovşanlar, ölü və eybəcər dovşan balaları qəfəsdən çıxarılmalıdır. Əks-halda dovşanlar balasını əmizdirə bilməz. Əgər ölü və eybəcər dovşan balaları qəfəsdən çıxarılmazsa, ana dovşan belə balaları yeyə bilər.
Dərisində irinli proseslər olan dovşan balaları qəfəsdən çıxarılmalı və ana dovşan qəfəslə birlikdə izolə edilmiş yerə köçürülməlidir.
Yoxlama zamanı bala dovşanların ana südündən doymalarına fikir verilməlidir. Lazımı qədər süd əmmiş dovşan balalarının qarnı yuvarlaq olmalıdır. Yaşlı ana dovşanların altında 6-8 bala, cavan ana dovşanların altında isə 4-6 bala saxlanır. Bala çox olduqda, yaxud ana dovşanın südü az olduqda balanın bir hissəsi başqa südlü ana dovşanların altına buraxılmalıdır. Ögey anaların altına buraxılan dovşan balaları 3 günlükdən artıq olmalıdır. Anası ölmüş dovşan balalarını ögey ana altına buraxmaq üçün əvvəlcə balalar təmizlənir, üzərinə ögey ananın tükü səpilir, sonra ögey ana dovşan qəfəsindən çıxarılır, balalar isə qəfəsə salınır. Bu əməliyyat başa çatdıqdan sonra ögey ana dovşanı balalar olan qəfəsə salmaq lazımdır. Birinci 2-3 gün balalar ağız südü ilə, 17-20 günlüyə qədər isə ananın südü ilə yemlənir. Bundan sonra onlar yuvadan çıxmağa başlayırlar. Bu zaman onlar başqa yemlərlə qidalanmağa cəhd göstərirlər. Bu dövrdə dovşan balalarına quru ot, xırdalanmış qüvvəli yemlər, doğranmış meyvəköklülər (yerkökü, çuğundur), bişirilmiş və əzilmiş kartof verilir.
Balalı ana dovşanlara qüvvəli yemlər verilməli, onlara yaxşı qulluq edilməli və əlverişli saxlama şəraiti yaradılmalıdır. Ana dovşanlar doğumun ikinci günü cütləşdirilir (sıx doğumda). Buna görə də onlarda laktasiya boğazlıq dövrü ilə birlikdə gedir. Bu dövrdə ana dovşanların yemlənməsinə daha çox qayğı göstərilməlidir.
Bala bəsləyən ana dovşanın saxlandığı qəfəs yuva dağıldılmadan gündə iki dəfə, ön tərəfdəki deşikdən təmizlənməlidir. Həftədə bir dəfə döşənəyi bütöv dəyişmək, avadanlıqları (yem və su qabları) və qəfəsi qaynar qələvi məhlulu ilə dezinfeksiya etmək lazımdır. Dovşan balaları tüksüz və gözüyumulu doğulurlar. Onların gözü 9-10-cu günü açılır. 5-7 günədək tüklənir və normal inkişaf edirlər. Dovşan balaları 30-35 günlükdə, çox doğumda isə 28-29 günlükdə süddən ayrılır. Süddən ayrılmış dovşan balaları dezinfeksiya edilmiş təmiz və xüsusi qəfəslərdə qrupla saxlanır. Qruplar yaşı, cinsi və çəkisi eyni olan dovşan balalarından təşkil edilməlidir. Hər qəfəsdə 3-4 baş dovşan yerləşdirilir. Qışda qəfəsləri isti saxlamaq üçün onların içərisinə quru saman döşənməlidir. Yayda isə həmin qəfəsləri qızmar günəş şüasından qorumaq üçün onları kölgəli yerə qoymaq lazımdır.
Cavan dovşan balaları saxlanan qəfəslərdə hər gün yem və su qabları təmizlənməli və 5 gündən bir qəfəsin içinə təmiz, quru döşənək döşənməlidir.
Qəfəsdə saxlanılan dovşanlar və dovşan balalarının dırnaqlarına daim nəzarət olunmalı və sanitar tələblərə uyğun uzanan dırnaqların kəsimi təşkil edilməlidir. Eləcə də qəfəsdə saxlanılan dovşanların yem qabları yerdən, döşəmədən nisbətən 3-5 sm hündürdə olması vacibdir. Bu da onunla əlaqədardır ki, yemə qabına dovşanın tullantıları qarışmasın.
Dovşan balaları hər gün yoxlanmalıdır. Zəif və inkişafdan qalan dovşan balaları qəfəsdən çıxarılmalı və ayrıca yemlənməlidir. Əgər yoxlama zamanı xəstə balalar aşkar edilmişsə, onları izolə edilmiş qəfəslərə köçürmək lazımdır.
Südəmmədən ayrılmış balalar bir müddət ana altında olduğu dövrdə aldığı yemlərlə qidalanır. Sonra onlara tədricən başqa yemlər verilir. Südəmmədən ayrılmış dovşan balaları üçün köy ot, dənli, paxlalı bitkilərdən hazırlanan quru ot, vələmir, bişirilmiş kartof, buğda kəpəyi, duz, yerkökü, üzlü və üzsüz süd, balıq unu, ipək qurdlarının sürfəsi yaxşı yem sayılır. Südəmmədən ayrılmış balalara yemləmədən qabaq gündə iki dəfə su verilməlidir. Qışda su çatışmazsa, onda dovşan balalarına su əvəzinə qar da verilə bilər.
3-3,5 aylığında olan dovşan balaları fərdi qəfəslərdə tək-tək, bəzən isə 2-3 baş bir yerdə saxlanır.
Cavan dovşanların cinsi yetişkənliyi 3-4 aylıqdan başlayır. Dişi cavan dovşanlar 4-5 aylıqda, erkək dovşanlar isə 6-7 aylıqda cütləşməyə buraxılır. Onlar həftədə bir dəfə həvəsə gəlir.
Dovşanların döşaltı və arxa ətrafındakı tükü vaxtaşırı (10-15 gündən bir) taxta və ya metal daraq ilə daranmalıdır.
Cavan dovşanlar yayda gündə 5-6 dəfə, qışda isə 4-5 dəfə yemləndirilir.
Bir ana dovşan 6-8 bala bəsləyə bilir. Beləliklə, ildə bir ana dovşan 50-yə qədər bala verir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır