Xaşa qiymətli yem bitkisidir- Fermerlərə tövsiyə
2020-11-23 00:00:00
Xaşa qiymətli yem bitkisidir- Fermerlərə tövsiyə
Xaşa – (Onobryuçhis Adans) cinsi 140-dan çox növü əhatə edir. Mədəni formada 3 növü məlumdur:
1. Zaqafqaziya xaşası;
2. Gülül yarpaqlı xaşa;
3. Qumluq xaşası
Zaqafqaziya xaşası – Onobryuçhis antasiatica. Kolu qapalı (yığcam) dik vəziyyətlidir. Az hallarda yarım dağnıq olur. Ot örtüyündə 50-120 sm lazımı qədər nəmliyi olan dəmyə və suvarma şəraitində 170 sm hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif, içərisi boş, üzəri sıxılmış zəif tükcüklərlə örtülüdür.
Gülül yarpaqlı xaşa, yaxud səpin xaşası – Onobryuçhis viciafolia. Kolu dik vəziyyətli yarım dağınıqdır. Ot örtüyündə 50-70 sm hündürlüyündə olur. Gövdəsi nisbətən zəif budaqlanan orta dərəcədə zərif, içərisi yarım dolu, səthi çətin seçilən tükcüklərlə örtülüdür. Paxlaları orta irilikdə - 6-8 mm uzunluğunda, kənarı uzun tikanlıdır. Qışlıq növdür. Eyni zamanda quraqlığa davamlıdır.
Qumluq xaşası – Onobryuçhis arenaria. Kolu yarımdağnıq, dik dayanandır. Ot örtüyündə yaxşı becərmə şəraitində 100-110 sm hündürlüyündə olur. Gövdəsi budaqlanan qaba, içərisi dolu, üzəri sıxılmış vəziyyətli tükcüklərlə örtülür. Paxlaları – 4,5-5,5 mm uzunluğunda, kənarı qısa tikanlıdır.
Xaşa Respublikamızın dağ və dağətəyi rayonlarında dəmyə şəraitində habelə suvarma suyu ilə təmin olunmuş aran rayonlarında becərilən yüksək keyfiyyətli və məhsuldar çoxillik yem bitkisidir. Respulikanın Şamaxı, İsmayıllı, Qusar, Quba, Dəvəçi rayonlarında, həmçinin Naxçıvanın aran rayonlarında xaşanın bir çalınından 40-45 s quru ot məhsulu götürülür. Yüksək ot məhsulu verən xaşa bitkisi torpağın münbitliyini bərpa edir, onu bioloji azotla zənginləşdirir. Xaşa dənli bitkilər, kartof və başqa kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılır. Heyvandarlıq və arıçılığın inkişafında bu bitkinin effektli olduğu deyilir. Tərkibinə görə olduqca şirəli olan xaşa, heyvanlardan yüksək məhsul əldə etmək üçün güclü qida sayılır. Yoncadan fərqli olaraq, xaşa sahələrində otarılan heyvanlarda zəhərlənmə olmur.
Xaşa torpağı su və külək erroziyasından mühafizə etmək üçün ən dəyərli bitki olub, qidalılıq dəyərinə görə yoncadan geri qalmır.
Yanvar: Bu ayda payızda səpilmiş payızlıq xaşa sahələrinə erkən yazda yemləmə gübrəsi vermək üçün mineral gübrələr tədarük edilir.
Aran rayonlarında quraqlıq keçən vaxtı xaşa sahəsi bir-iki dəfə hektara 500-600 m3 su verməklə suvarılır.
Bitkilərin vegetasiya dövründə ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə aparmaq üçün preparatlar alınaraq tədarük edilir.
Fevral: Bu ayda yaz tarla işlərini mütəşəkkil başa vurmaq üçün bütün texnikalar traktor və kənd təsərrüfatı maşın və alətləri təmir edilərək saz vəziyyətə gətirilir.
Mart: Bu ayda səpin qabağı becərmə işləri aparılır. Səpinqabağı becərmədə əsas məqsəd toxumların yaxşı cücərməsi və bitkilərin sürətlə inkişaf etməsinə əlverişli şərait yaratmaqdır.
Dondurma şumu aparılmış sahələrdə rütubəti saxlamaq məqsədi ilə yazda tarlaya çıxmaq mümkün olan kimi iki iz malalama aparılmalıdır. Səpinqabağı becərməni yumşaldıcı alətlər – cizel, kultivator, diskili və ya laydırı çıxarılmış kotanla aparmaq və bu alətlərin arxasına “ziq-zaq” mala qoşmaq lazımdır.
Dağətəyi rayonlarda xaşanın yaz səpini martın 15-nə dək keçirilməlidir. Aran rayonlarında ən yaxşı səpin müddəti fevral ayının 25-dən martın 10-a qədərdir. Ot məhsulu yetişdirmək məqsədi ilə aparılan səpinlərdə hektara 70-80 kq birinci növ toxum səpilir örtük altında səpin zəruriyyəti meydana çıxdıqda bu norma artırılıb 100 kq-a çatdırılır.
Xaşa toxumu adi taxıl səpən maşınla səpilir. Ot almaq məqsədi ilə səpin başdan-başa üsulla keçirilir. Xaşa toxumu dağ və dağətəyi rayonlarda torpağın vəziyyətindən asılı olaraq 4-5, aran rayonlarında isə 3-4 sm dərinliyə basdırılır.
Aprel: Bu ayda xaşa əkinlərinə qulluq işləri başlayır. Sahə alaq otlarından təmizlənir, xəstəlikərə və ziyanverici həşaratlar əleyhinə mübarizə tədbirləri görülür.
Toxumluq xaşa sahələrinə hər il təsiredici maddə hesabı ilə 100-120 kq fosfor, 75-100 kq kalium gübrələri verilir. Gübrələri birinci il əsas şum altına, ikinci və sonrakı illərdə erkən yazda xaşa göyərənə qədər vermək, gübrələmədən sonra sahəni iki iz malalamaq lazımdır.
May: Bu ayda örtüksüz xaşa əkinlərinə ilk dəfə inkişaf dövründə qulluq alaq otlarını müntəzəm olaraq təmizləməkdən ibarətdir. Suvarılan dağətəyi rayonlarda xaşanın payız əkinlərindən yüksək ot məhsulu almaq üçün səpin zamanı verilmiş torpaq suyundan başqa bir dəfə mart ayının ortalarında və sonra aprel-may aylarında bir-iki dəfə su vermək lazımdır. Sonralar isə hər çalından sonra bir su vermək lazımdır. Xaşanın ot məhsulunu çiçəkləmə fazasının əvvəlində qısa müddətdə toplamaq lazımdır. Onu tam çiçəkləmə fazasında çalanda məhsuldarlıq artırsa da keyfiyyət xeyli aşağı düşür.
İyun: Bu ayda məhsulu toplayanda və qurudanda bitkinin yarpaqlarının tökülməməsinə xeyli diqqət yetirilməlidir. Xaşa mümükün qədər dibdən çalınmalıdır.
Dağ və dağətəyi rayonlarda birinci il xaşanın hər hektarından 30-40 sentner, ikinci il isə çalından 50-60 sentner quru ot məhsulu alınır.
İtkiyə və ya yarpaqların tökülməsinə yol verməməkdən ötürü çalından 5-6 saat sonra ot soluxan kimi onu dırmıqlayıb qotmanlara yığmaq və qotmanlarda qurutmaq lazımdır. Xaşa otunu bir gün ərzində qotmanlarda qurudduqdan sonra tarladan çıxarıb tayaya vurmaq və yaxud presləmək lazımdır. Otun dırmıqlanıb yığılması, tayalara vurulması və yaxud preslənməsi işi əsasən səhərlər görülməlidir.
İyul: Bu ayda yüksək keyfiyyətli xaşa toxumu toplamaq üçün gen cərgəli başdan-başa üsulla əkilmiş, alaqsız, xəstəliklərə tutulmamış, zərərli həşaratlarla zədələnməmiş, yalnız bir (rayonlaşdırılmış) “AZNİİKLİP-495” sortunu seçilməsi tövsiyə olunur.
Xaşanın toxumluq sahələrdə aprobasiya aparılacaq sortun adı botaniki növ müxtəlifliyi və əkinin olduğu yer müəyyən edilir. Aprobasiya edilən sortda sort və növ alaqları müəyyənləşdirilir. Sortun keyfiyyəti əla, xəstəlik və ziyanvericilərə yoluxması olmayan xaşa sahələri toxumluq üçün saxlanılır. Əsas sortda inkişaf etmiş gövdələrdən 320-330 ədəd götütülərək dərz bağlanır və aprobasiya aktı tərtib edilir. Aktda əsas sortlardan fərqlənən gövdələr və sort alaqlarının tərkibi göstərilir.
Əkinlərin s/elit, elit, birinci reroduksiya və i.a. hesab edilməsi haqqında komissya qərar verir. Aprobasiya dərzlərini saxlamaq üçün təsərrüfatın nümayəndəsinə təhvil verilir.
Avqust: Xaşa toxumunun yığılma vaxtının düzgün müəyyən edilməsi vacib məsələlərdəndir. Xaşanın toxumu tam yetişmə dövründə yığıldıqda itki çox olur. Odur ki, toxum 50-60 % yetişdikdə yığıma başlamaq lazımdır. Xaşa toxumunu taxıl biçən kombaynla yığmaq lazımdır. Yığım mütləq səhər çağı aparılmalıdır. Toxum yığıldıqdan sonra qurudularaq təmizlənməlidir. Qurudulmuş toxumun nəmliyi 13-14 %-dən artıq olmamalıdır. Toxum anbarlarda quru yerdə saxlanmalıdır. Təmizliyi, cücərmə qabiliyyəti təyin edilməlidir.
Sentyabr: Respublikamızın rayonlarında xaşa iki müddətdə səpilir. Payızda və yazda. Dağ rayonları üçün ən yaxşı səpin müddəti yaz fəslidir. Yaz səpinini 4-5 gün ərzində martın 25-nə, payızın səpinini 10 avqustdan sentyabrın 5-nə kimi başa çatdıtılmalıdır.
Dağətəyi rayonlarda xaşanın yaz səpini martın 15-nə kimi keçirilməlidir. Aran rayonlarında ən yaxşı səpin müddəti fevral ayının 25-dən martın 10-na qədərdir. Payızda ən yaxşı səpin müddəti dağətəyi rayonlarda sentyabrın 20-dən oktyabrın 20-nə kimidir. Ot məhsulu yetişdirmək məqsədi ilə aparılan səpinlərdə hektara 70-80 kq birinci növ toxum səpilir. Örtük altında səpin zəruriyyəti meydana çıxanda bu norma artırılıb 100 kq-a çatdırılır.
Oktyabr: Bu ayda yeni səpilmiş xaşa sahələri suvarılır. Seyrəkləşmiş xaşa sahələrinə payızda arpa, vəlmir və çovdar bitkiləri səpilir. Bunun üçün xaşa sahəsi oktyabr ayının ikinci ongünlüyündən gec olmayaraq eninə və uzununa 5-6 sm dərinliyində malalanır, hektara 90-100 kq arpa,vələmir və çovdar toxumu səpilir. Belə qarışığın ot məhsuldalığı xaşanın təmiz əkininə nisbətən 40-45 % yüksək olur.
Payızda və yazda orta dağ qurşaqlarında xaşanı səpmək üçün sələf bitkiləri sahədən yığıldıqdan sonra sahə 25-28 sm dərinlikdə şumlanır.
Noyabr: Bu ayda xaşa bitkisinin payızda, həm də yazda səpildiyindən yaz əkini üçün sələf bitkiləri sahədən toplanandan sonra şum altına 70-80 kq superfosfat və 60 kq təsiredici maddə hesabı ilə kalium gübrələri verilərək 25-30 sm dərinlikdə dondurma şumu aparılır. Payızlıq səpinlərə o, cümlədən xaşa sahələrinə gəmiricilər böyük ziyan vurur. Gəmiricilərə qarşı mübarizə aparmaq üçün zəhərləyici aldadıcı yem hazırlanır. Aldadıcı yemi hazırlamaq üçün buğda və yaxud arpa dəni götürülür və dən avtol yağı ilə isladılır. Üzərinə sink-fosfid zəhəri səpilərək qarışdırılır. Bu iş dənlər qara rəng alana kimi davam etdirilir. Hazırlanmış aldadıcı yemi sahələrə əl ilə vermək olar. Bu zaman hər işlək yuvaya 5-10 ədəd dən qoyulur və yuvanın ağzı torpaqla örtülür.
Dekabr: Bu ayda qarşıdan gələn yeni ildə görüləcək işlər planlaşdırılır və bu işlərin icra olunması ilə əlaqədar tədbirlər planı hazırlanır.
Suvarılan dağətəyi rayonlarda xaşanın payız əkinlərindən yüksək ot məhsulu almaq üçün səpin zamanı verilmiş torpaq suyundan başqa bir dəfə qışda (dekabırın axırında, fevralın əvvəlində), ikinci dəfə mart ayının ortalarında, sonralar isə hər çalından sonra bir su vermək lazımdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır