İnəklərdə dölsüzlük və qısırlıqla mübarizə- Fermerlərə tövsiyə
2020-11-24 00:00:00
Dölsüzlük və qısırlığın səbəbləri müxtəlif olduğu üçün onlara qarşı aparılan mübarizə tədbirləri də kompleks olmalıdır. Bu kompleks tədbirlər aşağıdakılardır:
Təşkilat-təsərrüfat tədbirləri, zoogigiyeniki tədbirlər və baytarlıq-sanitariya tədbirləri.
Təşkilat-təsərrüfat tədbirləri dedikdə əsasən heyvanlar üçün normal şərait yaratmaq nəzərdə tutulur. Buraya inək və düyələrin və eləcə də törədici buğaların tam keyfiyyətli yemlərlə, su ilə təmin edilməsi, saxlanma şəraitinin yaxşı olması aiddir.
Zoogigiyeniki tədbirlərə hesabatların düzgün aparılması, damazlıq işlərinin keyfiyyətli yerinə yetirilməsi heyvanların yem payına əsasən, tam keyfiyyətli yemlərlə təmin olunması, heyvanlara fəal hərəkətin verilməsi, inək və düyələrin vaxtında mayalandırılması, onların doğuma hazırlanması üçün bütün tələblərə əməl edilməsi və s. aiddir.
Baytarlıq-sanitariya tədbirlərinə əsasən ana heyvanlarda tam ginekoloji dispanser müayinələrinin aparılması, qısırlığın səbəbini aradan qaldırmaq üçün müalicə tədbirlərinin həyata keçirilməsi sinxronizəedici hormonlardan istifadə etmək və düzgün mübarizə tədbirlərinin kompleksindən ibarətdir. Sağlam məhsuldar ana qrupu yaratmaq üçün kliniki sağlam,yaxşı inkişaf etmiş, yüksək boylu, bədən ölçüsü normal, diri kütləli və ata-ana tərəfləri məlum olan düyələr seçilir. Belə təsərrüfatlarda düyələr mövcud zootexniki normalarla yemləndirilir, elmi əsaslandırılmış sxemlə böyüdülür. 14-15 aylığından müntəzəm olaraq sınaqçı buğalarla görüşdürülür və 16-18 aylığında isə mayalandırılır.
Boğazlığın, doğumun və doğumdan sonrakı mürəkkəbləşmənin profilaktikasında inəklərin süddən qurudulmaya vaxtında buraxılması (doğuma 65 gün qalmış), həmin dövrdə onların tam keyfiyyətli yem payı ilə yemləndirilməsi, normal zoogigiyeniki şəraitdə saxlanması və gündəlik fəal hərəkətlə (gündə 1,5-2 km) təmin edilməsi əsas tədbirlərdir. Belə ki, bunlar doğumdan sonrakı birinci ayda yüksək döllənmə şəraiti yaratmaq imkanı verir.
İnəklərin yem rasionu 6 göstəriciyə görə yox, 25 göstəriciyə görə tarazlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, inəklərdə süd məhsuldarlığı hər 1000 kq artdıqca onların balavermə qabiliyyətləri 8-10% aşağı düşür. Belə bir bioloji ziddiyyəti aradan qaldırmaq üçün məhsuldar heyvanın düzgün yemləndirilməsi əsas şərtdir.
Yemlərdə vitamin, makro və mikroelementlərin çatışmazlıqları zamanı çatışmayan maddələr müvafiq olaraq yemə qatılıb verilməlidir. Cinslik və damazlıq təsərrüfatlarında doğum şöbəsinin təşkili, qısırlığa qarşı mübarizə tədbirlərinin aparılması üçün çox əhəmiyyətlidir. Belə ki, doğum zamanı səmərəli mamalıq yardımı göstərməyə, ginekoloji dispanserzasiya və ginekoloji xəstəliklərə qarşı müalicə və profilaktika tədbirləri aparmağa imkan verir.
İnək və düyələrdə həvəs tsiklinin buraxılması, onların mayalandırma vaxtının düzgün təyin edilməsi dölsüzlük və qısırlıqla mübarizədə başlıca tədbirlərdəndir. Bunun üçün sınaqçı buğalardan istifadə etməli (hər 200 baş inəyə bir baş sınaqçı buğa) lazımdır. Sınaqçı buğalardan istifadə etdikdə onlar həm bioloji stimulyator kimi gizli həvəs keçirən inək və düyələri aşkar edir və dölləmənin miqdarını artırır.
Qısırlığın qarşısının alınmasında süni mayalanmanın bayatar-sanitar qaydalarına və təlimata düzgün əməl edilərək aparılması əsas şərtlərdəndir. Odur ki, bu işi düzgün aparmaq üçün ixtisaslı texniklər, boğazlığı təyin etmək üçün ginekoloq-baytar həkimləri tərəfindən aparılmalıdır. Cinsiyyət orqanlarının fəaliyyətini artırmaqdan ötrü stimuledici hormon preparatlarının işlədilməsi qısırlığı azaldan əsas tədbirlərdən biridir. Hormonlar işlətmək üçün baytar mütəxəssisləri cinsiyyət orqanlarının fəaliyyət pozğunluqlarını aydınlaşdırmalı və ona uyğun da preparatlar işlətməlidirlər.
Qısırlığın bir çox yoluxucu, parazitar və yoluxmayan xəstəliklərdən baş verməsini nəzərə alaraq onlara qarşı vaxtında ciddi tədbirlər aparmaq lazımdır. Məsələn, xüsusilə respublikamızda geniş yayılmış qan- parazitar xəstəliklərini keçirmiş buğaların spermasının keyfiyyəti yalnız 5-6 aydan sonra bərpa olunur, inəklərdə isə mayalanma 4-5 ay gecikir. Odur ki, xüsusilə kənardan gətirilmiş cins heyvanları qorumaq üçün mexaniki duş qurğularının qurulması vacib şərtlərdəndir. İnfeksion xəstəliklərdən xüsusilə bruselyoz, kampilobakterioz (vibrioz) trixomonoz, toksoplazmoz, xlamidioz, follikulyar vestibulit kimi xəstəliklərin qarşısı alınmalıdır. Qısırlığa qarşı mübarizə tədbirlərinin təşkilində bir çox kimyəvi, bitki mənşəli və zərərli göbələklərdən olan xəstəlikləri də nəzərdən qaçırmaq olmaz. Burada xüsusilə müəyyən zonalarda geniş yayılmış zəhərli və zərərli alaq otlarının, yemlərin xarab olmasının, yemlərin zəhərli kimyəvi maddələrlə qarışmasının qarşısının alınması kimi tədbirlər aiddir.
Qısırlığın əsas səbəblərindən biri də süd verən inəklərin maksimum istismarı, xüsusilə doğana yaxın günə qədər sağılmasıdır ki, onun orqanizmi sökülür. Odur ki, inəyi 240 gün sağandan sonra hökmən sağımdan kəsmək lazımdır.
Anadan gəlmə nöqsanlar, genetik çatışmazlıqlar və xüsusilə qocalıq və s. qısırlığa səbəb olan amillərdəndir. Odur ki, naxırda olan belə heyvanları daima çıxdaş edib təsərrüfatlardan təmizləmək lazımdır.
Qeyri-infeksion xəstəliklərə isə bir qrup ginekoloji xəstəliklər aiddir ki, qısır inəklərin 55-60 faizində belə xəstəliklər qeyd olunur. Ginekoloji xəstəliklərin qarşısının almaq üçün ginekoloji dispanserizasiyanın xüsusi əhəmiyyəti vardır.
Ginekoloji xəstəliklərin inəklərdə çox yayılması və ginekoloji dispanser üsulunun xüsusi əhəmiyyəti olması və daha yaxşı öyrənilməsi üçün onun haqqında xüsusi olaraq bəhs etməyi vacib bildik.
Qaramalın dölsüzlüyünü və qısırlığını aradan qaldırmaq üçün yuxarıda göstərilən tədbirlər kompleks formada və ardıcıl olaraq həyata keçirilməlidir. Bir sözlə təsərrüfatlarda kompleks şəkildə bütün təşkilatı, zoogigiyeniki, aqronomiki və baytarlıq tədbirləri görülməlidir.
Qısırlıqda səbəb olan xəstəliklərdən ən qorxulusu aşağıdakılardır:
Brusellyoz xəstəliyi. İnəklərdə balasalma boğazlığın 5-8–ci aylarda getməklə 1-2 gün əvvəl cinsiyyət üzvlərinin şişməsi, balalıq yolundan rəngsiz və ya azca bulanıq mayenin axması və yelenin həcmən böyüməsi müşahidə edilir.
Balasalmadan sonra sonun ləngiməsi və endometrit baş verir. Bundan əlavə bəzən serozlu, serozlu-kataral mastit əmələ gəlir. İltihab prosesində yumurtalıqların boruları tutulur, heyvanlarda cinsiyyət tsikli pozulur və qısırlıq əmələ gəlir.
Buğalarda bruselyoz zamanı və epidemit əlamətləri müşahidə olunur.
Profilaktiki olaraq peyin biotermiki zərərsizləşdirilməlidir. Dezinfeksiya məqsədilə 2%-li formaldehid, 20% yeni sönmüş əhəng, 2%-li natrium qələvisi, 3-5% hipoxlorit məhllularından istifadə edilməsi məsləhətdir.
Vərəm xəstəliyi. Vərəmin yayılmış formasında səthi lifma düyünlərinin böyüməsi, ağrılı olması nəzərə çarpır. Əgər yelin vərəmə tutulubsa onun arxa hissəsinin parenximası böyüyür, şişkinləşir və əllədikdə ağrılı olur. Süddə qan və şorvari kütlə görünür. Bağırsaq zədələnmələri zamanı ishal və intensiv arıqlıq baş verir. Cinsiyyət üzvlərinin zədələnmələri zamanı boğaz heyvanlarda balasalma və qısırlıq olur. Buğalarda orxit (xayaların iltihabı) müşahidə edilir.
Trixomonoz xəstəliyi. Törədicisi “Trixomonus fetus” uzunsov oval və iyə bənzər parazit olub, ön tərəfindən irəliyə doğru 4 qamçı ayrılır. Parazitlər əlverişsiz şəraitə düşdükdə öz qamçılarını itirib dairəvi formaya keçirlər.
Əsasən vaginada və vagina dəhlizində lokalizə edirlər. Bəzən balalıq boğazına və içəriyə də sirayət edə bilirlər.
Qaramalın trixomonozu protozoy xəstəliyi olub, tənəffüs orqanlarının iltihabına, balasalmaya və qısırlığa səbəb olur.
Dişi heyvanlar (inək və ya düyə) xəstə və ya parazit daşıyıcı buğa ilə cütləşmədən bir neçə gün sonra inəyin temperaturu 40ºC -ya qədər yüksəlir. İştahdan kəsilir, südü azalır, tez-tez arxaya baxır və narahatlıq hiss edir. Uzun müddətli qısırlıq və hətta dölsüzlük baş verir.
İnəklərin vibrioz xəstəliyi. Törədicisi Vibriofoetus parazitləridir.
Əsasən vaginanın selik qişasında olur. Bu xəstəlik zamanı da balaslama və qısırlıq baş verə bilir. Odur ki, bu xəstəlik də vaxtında diaqnostik müayinə olunmalı, müəyyən edildikdən sonra müalicə edilməli və profilaktik tədbirlər aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır