Yerfındığı qiymətli ərzaq bitkisidir
2020-11-26 00:00:00
Yerfındığı bitkisi qiymətli yağlı, zülallı ərzaq bitkisi olmaqla toxumunun tərkibində 60 %-ə qədər yağ, 30 %-dən çox zülal, 10 %-ə qədər şəkər, xeyli miqdarda mineral elementlər (Ca, Mg, R, K, Fe) və bir çox vitamin qrupları (E, K, B və s.) vardır. Respublikamızda ərzaq ehtiyatlarının artırılmasında və onun çeşidinin genişləndirilməsində, eləcə də əhalinin maddi rifahının yaxşılaşmasında digər paxlalı bitkilər kimi yerfındığı bitkisinin istehsalının artırılması da mühüm yer tutur. Yerfındığı digər kənd təsərrüfatı bitkilərinə nisbətən az əkin sahəsi tutsa da, məhsul istehsalının həcminə, iqtisadi səmərəliliyinə, xüsusən də qənnadı sənayesində geniş istifadə olunmasına görə böyük əhəmiyyətə malikdir. Bundan başqa yerfındığı paxlalı bitki olduğu üçün əkinçilikdə bitkilərin növbələşdirilməsində qiymətli sələf bitkisi hesab olunur.
Hazırda dünyada 100-dən çox ölkədə yerfındığı becərilməklə onun ümumi əkin sahəsi 26.4 milyon hektardır. Orta məhsuldarlıq 1.4 t/ha olmaqla, hər il təqribən 37.1 milyon ton məhsul əldə edilir. Ən çox əkin sahəsi Hindistanda olmasına baxmayaraq ixrac baxımından Çin və ABŞ birinci yer tutur.
Respublikamızda yerfındığı bitkisinin əhəmiyyətli xüsusiyyətləri nəzərə alınaraq 1950-ci illərə qədər onun öyrənilməsinə dair müəyyən tədqiqat işləri aparılmaqla nisbətən geniş sahələrdə becərilmişdir. Hətta, yerli şəraitə uyğun Pərzuvan 46/2 və Zaqatala 294/1 sortları yaradılaraq nəinki Azərbaycanda, hətta Mərkəzi Asiya Respublikalarında da rayonlaşdırılmışdır. Respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra da yeyinti sənayesinin tələbatının ödənilməsində yerfındığı bitkisinə diqqət yenə də artmışdır. Belə ki, müxtəlif dəmyə və suvarma bölgələrində bu bitki üzrə seleksiya işləri aparılaraq yerli şəraitə uyğun “Çərəz” sortu yaradılmış, rayonlaşmış və seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Respublikamızın Şəki-Zaqatala (dəmyə), Qarabağ, Muğan (suvarma) və s. bölgələrində fermer təsərrüfatlarında yerfındığı becərilir. Bu aylarda əsas görüləcək iş təmizlənmiş toxumların seçilməsi və sahənin səpinə hazırlanması hesab olunur. Sahədə payız şumu aparılıbsa sahə çizellənməli, malalanmalı və növbəti ayda aparılacaq səpin işlərinə tam hazır vəziyyətə gətirilməlidir. Hektara 20-25 ton peyin, fiziki çəkidə 166-220 kq fosfor, 56-75 kq kalium gübrələrinin verilməsi məsləhətdir.
Yerfındığı səpinlərində SK-NM-20 markalı (Türkiyə istehsalı) toxumsəpəndən istifadə etməklə hektara fiziki çəkidə 100-150 kq mürəkkəb gübrə (nitrofoska və ya ammofoska) verilir. Yerfındığının səpininə torpağın 10 sm dərinliyində 14-150C temperatur olduqda başlanılır. Səpin norması hektara 50-80 kq təşkil edir.Torpaq-iqlim şəraitindən asılı olaraq cərgə arası 50-70 sm, bitki arası məsafə isə 8-10 sm götürülür. Toxumlar orta hesabla 5-8 sm dərinlikdə basdırılır. Suvarılan bölgələrdə səpin işləri yerinə yetirildikdən sonra çıxış almaq üçün sahə suvarılmalıdır. Temperaturdan asılı olaraq 12-15 günə tam çıxış alınır. Dəmyə şəraitində tam çıxışın alınması 20 günə qədər davam edə bilər.
Tam çıxış alındıqdan sonra cərgə aralarında birinci kultivasiya aparılır. Bitkilərin normal inkişafı üçün hektara fiziki çəkidə 100-150 kq yemləmə şəklində azot gübrəsi (amonium şorası) verilir. Bundan sonra torpağın yumşaldılması, mineral gübrələrin torpağa qarışması, alaq otlarının məhv edilməsi və torpaqda hava rejiminin yaxşılaşdırılması məqsədilə ikinci dəfə kultivasiya aparılması məqsədəuyğun hesab olunur. Temperaturun tədricən yüksəlməsi ilə əlaqədar suvarılan bölgələrdə hava şəraitindən asılı olaraq 1-2 dəfə suvarılır. Suvarmadan sonra mümkün olduqda torpaqda qaysağın əmələ gəlməməsi üçün kultivasiya çəkmək lazımdır.
İyun ayında ilkin çiçəklər bitkinin yerə yaxın hissəsində başlayır və mayalanmadan sonra əmələ gələn homoforlar sallanaraq torpağa sancılır və orada ilkin paxlanı formalaşdırmağa başlayır. Bu vaxt torpağın yumşaq olması vacibdir. Torpağın yumşaq olması həm homoforun torpağın alt qatına keçməsini asanlaşdırır, həm də torpağın altında əmələ gələn paxlanın surətlə böyüməsinə və iri olmasına şərait yaradır.
İyul ayında növbəti suvarmadan sonra kolların dibləri doldurulmalıdır. Bu vaxt bitkilərin yuxarı hissələrində çiçəkləmədən sonra əmələ gələn homoforlar torpağa asanlıqla sancılır. Torpaq yumşaq olmadıqda homoforlar torpağın alt qatına keçə bilmir və quruyaraq məhv olur. Bu isə məhsuldarlığa ciddi olaraq mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, yerfındığı bitkisində vaxtında suvarma aparılmaması və kolların dibinin doldurulmaması vegetasiya müddətinin uzanmasına və məhsuldarlığın aşağı olmasına səbəb olur.
Avqust ayında növbəti suvarma və dib doldurma işləri davam etdirilir. Kolların dibləri doldurulduqca alaqlar da məhv olunur. Sahədə cərgələrdə bitkilər arasında olan alaqlar əl ilə çəkilir. Bu ayda ilkin paxlalarda dəndolma prosesi də başlayır.
Kolların tədricən saralması və yarpaqların quruması yerfındığının yetişməsini bildirən əsas əlamətlərdən hesab olunur. Yerfındığı yığımında kartofçıxardan qoşqudan da istifadə etmək olur. Əl ilə yığımda isə kollar torpaqdan çıxardılır və torpağa sərilir. Bir az hava dəydikdən sonra paxlalar kollardan qopardılır və kisələrə yığılaraq asfalt örtüklü meydanaçalarda sərilərək qurudulur. Sonra anbarlara daşınır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır