Qoyunların yemləndirilməsinə və saxlanmasına qoyulan tələblər-Fermerlərə tövsiyə
2020-11-26 00:00:00
Heyvanların bol və yüksək keyfiyyətli qida maddələri ilə zəngin olan balanslaşdırılmış yemlərlə yemləndirilməsi məhsuldarlığa (süd, yun və balanın alınması) təsir edən ən vacib amillərdən biridir. Pəyə şəraitində saxlanan qoyunlar müxtəlif yemlərlə yemləndirilir. Qış aylarında qoyunlara paxlalı, dənli bitkilərdən hazırlanmış yarma, quru ot, yaxşı keyfiyyətli saman, şirəli yemlər (silos, çuğundur, yer kökü və s.) konsentratlar (jmıx, arpa, kəpək) və mineral yemlər (tabaşir, sümük unu, xörək duzu) verilməlidir. Yemlər həyətdə yem axurlarında verilir. Yemləmə və otarma elə təşkil edilməlidir ki, qoyunlar yüksək və orta köklük dərəcəsində olsunlar.
Qoyunlar gündə iki dəfə-səhər ot verdikdən, eləcə də günorta-ot və ya şirəli yemlər verildikdən sonra suvarılmalıdır.
Qoyunçuluqda çox böyük əhəmiyyəti olan amillərdən biri də dölün təşkil edilməsidir. Doğuşun eyni dövrə, yəni qış və yaz aylarında olması üçün bu işə ciddi fikir verilməlidir.
Doğumun bu dövrə düşməsi üçün qoyunlar otlaq şəraiti dövründə (avqust və ya sentyabr aylarında) cütləşdirilməlidir. Bu dövrdə cütləşdirilən qoyunların hamısı mayalanır, qısırlıq yox dərəcəsinə düşür, rüşeym ana bətnində yaxşı inkişaf edir, iri çəkili quzular doğulur, əkiz doğan qoyunların faizi artıq olur. Doğulan quzular südəmər dövründə və ya bu dövrdən sonra otlaq şəraitinə düşdüklərindən, yaxşı yemlənə bilirlər. Nəticədə onlar sürətlə inkişaf edirlər və yaylaq dövrünə qədər lazımı köklük dərəcəsinə çatırlar. Belə quzular gümrah və ağciyər xəstəliklərinə davamlı olurlar. Erkən doğmuş qoyunlardan daha çox süd və yun almaq olur.
Qoyunların yunu çirklənməsin deyə yemlər axurlarda verilməlidir. Un yemləri isladılmış halda verilməlidir. Küləşdən hazırlanmış döşənək uzun doğranılmalıdır.
Toxumu tikanlı olan otları vaxtında yığmaq və onu qabayunlu qoyunlara və keçilərə vermək lazımdır.
Qoyunlar Azərbaycan şəraitində ilin bütün fəsillərində çöl otlaqlarında otarıla bilər. Qoyunların otarılmasında dağ, düzənlik və yarımdüzənlik otlaqlardan səmərəli istifadə etmək lazımdır. Qoyunlar bitkisi az olan otlaqlarda otarılarkən, habelə qışda yem az olduqda əlavə yemlənddirilməlidirlər. Boğaz qoyunlar qışın yaxşı havalarında bütün günü çöl şəraitində otarılmalıdır. Otlaq sahəsi 1,5 km-dən uzaqda olmamalıdır.
Qoyunlar yazda otlaq şəraitinə tədricən öyrədilməlidir. Təsərrüfatın otlaq sahəsi az olduqda, qoyunlar pəyə şəraitində saxlanmalı, silos və yaşıl yemlərlə təmin olunmalıdır. Qoyunlar saxlanan binalar təmiz və işıqlı olmalı, binada iki tərəfli hava axınına yol verilməməlidir. Qoyunlar yaylağa köçürüldükdə binalar təmir edilməli, həyət təmizlənməli və dezinfeksiya işləri aparılmalıdır. Qışda qoyunların altına isti, quru döşənək (saman) səpilməlidir.
Qoyun binalarında havanın çox isti və nəmli olmasına yol verilməməlidir, çünki belə mühitdə qoyunlar soyuqdəymə və dəri xəstəliklərinə tez tutulur, onların dırnaqları çürüyür, pis inkişaf edir və tökülür. Qoyun binalarında temperatur 3-5°C-dən artıq olmamalıdır.
Qoyun sürüləri 2 yaşdan yuxarı və ya 1-2 yaşlı qoçlardan, bir yaşa qədər olan erkək toğlulardan, 2 yaşdan yuxarı ana qoyunlardan, 1-2 yaşdan olan şişəklərdən, 1 yaşına qədər olan dişi və axtalanmış toğlulardan təşkil edilir.
Qoyunlar üçün quru, soyuq hava qorxulu deyildir, bu şəraitdə olar açıq havada saxlanmalıdır. Nəmli, küləkli və yağışlar çox olan havada qoyunları saxlamaq olmaz, belə hava çox qorxuludur.
Qoyunlar pəyə şəraitində saxlandığı müddətdə vaxtaşırı onların dırnaqları yoxlanmalı, təmizlənməli, çox uzundursa kəsilməlidir. Çirkli və baxımsız olan qoyunlar pəyə şəraitində dırnaq xəstəliyinə daha tez tutulurlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır