Dezinfeksiya əhəmiyyətli mübarizə vasitəsidir
2020-12-14 00:00:00
Heyvandarlıqda profilaktik tədbirlərin vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir ki, bu işdə dezinfeksiyanın rolu böyükdür.
Müxtəlif materiallardan hazırlanmış heyvandarlıq obyektlərinin zərərsizləşdirilməsi üçün hər bir dezinfeksiya maddəsi müəyyən tələblərə cavab verməlidir. Belə ki, işlədiləcək maddə kifayət qədər bakteriosid (mikrobları öldürmək) xassəsinə malik olmalı, onda uzun müddət qalan pis iyi olmamalı, dezinfeksiya edilən əşyaları xarab etməməli, müxtəlif növ sularda yaxşı həll olmalı, ucuz və daşınması sərfəli olmalıdır.
Qeyd etmək lazımdır ki, istifadə ediləcək dezinfeksiya maddəsini seçmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:
- xəstəliyin növü və onu əmələ gətirən amilin davamlılığı;
- dezinfeksiya ediləcək sahənin xüsusiyyəti-heyvandarlıq binası, onun ətraf sahəsi, torpaq, peyin, su mənbələri, heyvanlara qulluq məqsədilə istifadə edilən əşya və ləvazimatlar və s.;
- dezinfeksiya aparılacaq yerlərin sahəsi;
- dezinfeksiya maddəsinin daşınması və işlədilməsi imkanı;
- dezinfeksiya ediləcək sahə və əşyaların xarab edib-etməməsi;
- dezinfeksiya vasitəsinin heyvanlara təsiri.
Dezinfeksiya maddəsinin mikrob hüceyrəsinə öldürücü təsir qüvvəsi və bu baxımdan zərərsizləşdirmənin effektliyi bir sıra səbəblərdən asılıdır. Bunlara əsasən mikroorqanizmin bioloji xüsusiyyəti, kimyəvi maddənin bakterisid xassəsi, kimyəvi maddə ilə mikroorqanizmin təmasda olduğu mühitin xassəsi, məhlulun işlədilmə hərarəti, qatılığı, miqdarı, onun təsir etmə müddəti və çilənmə üsulu aiddirlər.
Mikrob hüceyrələri özünün kultural, biokimyəvi və morfoloji quruluşuna görə olduqca müxtəlifdir. Hər bir mikrob hüceyrəsi mürəkkəb orqanizm olub tənəffüs, qidalanma, çoxalma, zülal və nuklein turşularının sintezi, lazım olmayan maddələrin ixracı və s. xassələrə malikdir. Adətən, onun quruluşunda divar, sitoplazmatik membran, sitoplazma və nukleoid hissələri vardır.
Sübut edilmişdir ki, bakteriyaların divarı 20000-ə qədər atmosfer təzyiqə davam gətirir, onların bəzi növlərində hüceyrə daxili osmotik təzyiq 15-20 atmosferə çatır.
Bir sıra mikroorqanizmlər öz inkişaf mərhələlərində spor əmələ gətirir ki, bu da onların xarici mühitdə yüksək davamlılığına səbəb olur.
Kənd təsərrüfatı heyvanların və quşların infeksion xəstəliklərinin törədiciləri kimyəvi dezinfeksiya maddələrinə davamlılığına görə 4 qrupa bölünür: az davamlılar, davamlılar, yüksək davamlılar və daha çox davamlılar.
Az davamlılar (1-ci qrup) mikroorqanizmlərə aşağıdakı xəstəliklərin amilləri aiddir: leykoz, bruselyoz, kolibakterioz, leptospiroz, pasterelyoz, salmonelyoz, tripanozomoz, qızıl yel, kampilobakterioz, toksoplazmoz, viruslu diareya, aqalaktiya və s.
Davamlı (2-ci qrup) mikroorqanizmlərə bu xəstəlikləri əmələ gətirən törədicilər daxildir: dabaq, çiçək, diplokokkoz, stafılokokkoz, streptokokkoz, quduzluq, nekrobakterioz, aspergilyoz, kandidomikoz, dəmrov, quşlarda infeksion bronxit, larinqotraxeit, taun və başqaları.
Yüksək davamlı (3-cü qrup) törədicilərə qaramal və quşlarda vərəm xəstəliyini əmələ gətirən mikroblar, həmçinin paratuberkulyozlu enterit amili aiddir.
Daha çox davamlı (4-cü qrup) mikroorqanizmlərə qarayara, quzuların dizenteriyası, çoşqaların enterotoksemiyası, emkar, koksidioz və s. xəstəliklərin törədiciləri daxildir.
Ayrı-ayrı qrupa aid olan xəstəlik törədicilərinə qarşı kimyəvi dezinfeksiya maddələrinin işlədilməsi qaydaları aşağıda qeyd olunur.
Birinci qrupa daxil olan infeksion xəstəlik amillərini (bura profilaktik dezinfeksiya da daxil edilir) xarici mühitdə zərərsizləşdirmək məqsədilə 2%-li natrium qələvisi, formaldehid, paraform, xlorlu əhəng, kalsium hipoxlorit, tərkibində 3 % fəal xlor olan natrium hipoxlorit, virkon-S, 5%-li kalsiumlu soda 20%-li sönmüş əhəng, terminator (1:150), 0,6%-li aseptol-2000, 1-2%-li terralin, yaxud perform və s. məhlullarından birinin işlədilməsi məsləhətdir.
Davamlılığına görə 2-ci qrupa aid olan xəstəlik törədicilərinə qarşı 4%-li natrium qələvisi, 2%-li formaldehid və ya paraform, 3%-li xlorlu əhəng, yaxud kalsium hipoxlorit və 20%-li sönmüş əhəng məhlulları işlədilir.
Yüksək davamlı mikrobları inaktivləşdirmək üçün 3%-li natrium qələvisi, formaldehid, paraform, 5%-li xlorlu əhəng, kalsium hipoxlorit və 20%-li sonmüş əhəng effektlidir.
Daha çox davamlı hesab edilən xəstəlik törədicilərini xarici mühitdə məhv etmək məqsədilə 10%-li natrium qələvisi, 4%-li formaldehid, paraform, 5%-li xlorlu əhəng və ya kalsium hipoxlorid məhlullarından birinin işlədilməsi yaxşı nəticə verir.
Yuxarıda göstərilən dezinfeksiya məhlulları hər 1 m2 sahəyə 1 litr hesabilə işlədilir. Dezinfeksiya işində vacib olan şərtlərdən biri də istifadə ediləcək kimyəvi maddənin mikroblara öldürücü təsir etmə xassəsidir. Bu birinci növbədə maddənin kimyəvi quruluşundan asılidır. Müəyyən ediimişdir ki, turşular, qələvilər, xlor tərkibli maddələr və s. mikroorqanizmlərə müxtəlif şəkildə təsir edərək onlarda xarakterik morfoloji dəyişikliklərə səbəb olur.
Dezinfeksiyanın keyfiyyəti aparılacaq sahənin xüsusiyyətindən də çox asılıdır. Belə ki, dezinfeksiya aparılacaq sahədə olan müxtəlif üzvü maddələr və duzlar onun keyfiyyətinə təsir edir. Məsələn, torpaq, peyin və peyin şirəsində olan küllü miqdarda üzvü maddələr dezinfeksiya vasitəsi ilə mikrobların təmasda olmasına maneçilik törədir və dezinfeksiyanın keyfiyyətini aşağı salır. Elə buna görə də dezinfeksiyadan qabaq mexaniki təmizləmənin ciddi aparılması vacibdir.
Dezinfeksiyanın keyfıyyətli aparılması üçün işlədiləcək məhlulun hərarətinə də fikir vermək lazımdır. Məhlulun hərarəti aşağı olduqda onun dissosiyası azalır və mikrob hüceyrəsi ilə təması çətinləşir. Sübut edilmişdir ki, 0oC hərarətdə əksər dezinfeksiya vasitəsi öz xassəsini itirir, hərarətin 10oC-yə qədər yüksəldilməsi kimyəvi reaksiyanı 2-3 dəfə artırır. Bu səbəbdən istifadə olunan dezinfeksiya məhlulları adətən 70-80oC qədər qızdırılıb işlədilir. Bu zaman qələvi məhlulları daha fəal olurlar.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi təsərrüfatlarda dezinfeksiya məqsədilə DUK avtomaşının qızdırıcı sistemi istifadəsiz qalır və məhlul ancaq soyuq şəkildə çilənir. Təbii olaraq belə üsulla dezinfeksiya aparıldıqda lazımi nəticə vermir. Ona görə DUK qurğusunun qızdırıcı qazanından məqsədyönlü istifadə edilməlidir.
Ona görə göstərmək vacibdir ki, xlor tərkibli maddələrin məhlullarını isə qızdırılmadan işlətmək məsləhətdir.
Dezinfeksiya aparan zaman məhlulun qatılığına nəzarət edilməli və bu barədə mövcud təlimata ciddi əməl olunmalıdır.
Dezinfeksiya prosesində işlədiləcək məhlulu miqdarına da diqqət yetirilməlidir. Bu baxımdan divar, tavan və döşəmənin hər bir kvadrat metr sahəsinə 1 litr miqdarında dezinfeksiya məhlulu işlədilir. Bəzən belə sahələrin hər bir kvadrat metrinə təlimata müvafiq olaraq 0,5 litr dezinfeksiya məhlulu da kifayət edir. Köhnə heyvandarlıq binaların zərərsizləşdirilməsi məqsədilə hər bir kvadrat metrə 2 litr, torpağın dezinfeksiyası üçün isə 5-10 litr və hətta, daha çox məhlul işlətmək lazım gəlir.
Dezinfeksiya aparılandan sonra nə qədər vaxt lazım olması işlədilən maddənin qatılığı və bakterisid xassəsindən asılıdır. Çalışmaq lazımdır ki, dezinfeksiyadan sonra tələb olunan vaxt az olsun. Xüsusilə qış dövründə, havalar soyuq olduqda dezinfeksiya müddəti qısaldılmalıdır ki, heyvanlar açıq havada az olsun. Dezinfeksiya etmə müddəti əksərən 30 dəqiqədən 3 saata qədər olur.
Dezinfeksiya işində məhlulun çilənmə üsulu da əsas şərtdir. Divar və tavanı zərərsizləşdirmək məqsədilə çalışmaq lazımdır ki, bütün sahələr məhlulla isladılsın. Bunun üçün isladılma və aerozol üsulları tətbiq edilir.
Hazırda profilaktik dezinfeksiya tədbirləri “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və ya avtomatik səyyar çiləyiçilərlə səpilir.
Əgər yuxarıda qeyd edilən dezinfeksiya rejimlərinə və şərtlərinə ciddi əməl edilərsə, onda kənd təsərrüfatı heyvanlarının və ev quşlarının infeksion xəstəliklərinə qarşı mübarizə tədbirləri daha səmərəli olar.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, dezinfeksiya tədbirlər yalnız baytar həkiminin təyinatı (məhlulun qatılığının təyini və aparılan sahənin ölçüsünün müəyyən edilməsi və s.) və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır