Yaz fəslində heyvanlarda zəhərlənmələrin qarşısının alınmasına dair tövsiyyələr
2021-03-31 00:00:00
Yaz fəslinin gəlməsi ilə əlaqədar heyvanlar tövlə şəraitindən otlaq sahələrinə çıxarılır. Bu zaman bəzən heyvanlarda zəhərlənmələr və ölüm halları baş verir. Bunun qarşısını almaq üçün fermerlər aşağıda qeyd edilən ilkin tövsiyələrə əməl edərlərsə, mövsümlə əlaqədar kənd təsərrüfatı heyvanlarında baş verə bilən zəhərlənmələrin qarşısını ilkin olaraq almış olarlar. Yemlərdən düzgün istifadə olunmaması da heyvanlarda ağır zəhərlənmələrə və kütləvi ölümə səbəb ola bilər.
Zəhərlənmələr zamanı heyvanda zəiflik, tənəffüsün tezləşməsi, əzələ titrəməsi, bədən temperaturunun aşağı düşməsi, həyəcanlanma, qıcolma, göz bəbəklərinin genişlənməsi, ürək ritminin zəifliyi, ishal və qusma əlamətləri müşahidə olunur.
Zəhərli maddələrin qana sorulduğu vaxt onun orqanizmdən xaric edilməsi qan buraxma yolu ilə, sidik qovucu dərmanların və 5 faizli qlükoza məhlulunun vena daxilinə yeridilməsi ilə əldə edilə bilər. Zəhərlənmələrin profilaktikası, yəni baş verməsinin qarşısının alınması çəmən və otlaqlarda zəhərli alaq bitkiləri ilə mübarizə zamanı tətbiq olunan dərmanların düzgün saxlanılmasından, istifadə olunmasından və yemlərin düzgün tədarük edilməsindən ibarətdir.
Heyvanlarda alkaloidlərlə zəhərlənmə müşahidə olunduqda palıd qabığının dəmləməsi (həlimi), qələvilərlə zəhərlənmə müşahidə olunduqda 1 %-li sirkə və ya duz turşusu (HCl) məhlulu ilə, turşularla zəhərlənmə müşahidə edildikdə zəif qələvi məhlulları (NaOH, CaOH) ilə müalicənin aparılması, ağır metalların duzları ilə ( civə, qurğuşun, nikel, xrom, arsen və digər ağır metallardan alınan duzlar) zəhərləndikdə isə onlara süd verilməsi müsbət nəticə verir.
Zəhərlənmə zamanı heyvanlar arasında timpaniya (köpmə) baş verə bilər. Heyvanlara qıcqırmış, xarab olmuş, turşumuş yemlər verildikdə, onları acqarına təzə şehli üç yarpaq yonca sahəsinə, təzə şehli xəsilə, qanqala və s. buraxdıqda iti timpaniya baş verə bilər. Bu zaman heyvanın qarnının həcmi böyüyür, vaxtında müalicə və ya operativ müdaxilə olunmadıqda heyvanlar boğulmadan (asfiksiyadan) tələf olurlar. Heyvanı xilas etmək üçün baytar mütəxəssisinin göstərişi və iştirakı ilə işkəmbəyə zond salınır, quru kömür və ya süd verilməklə masaj edilir, nəticə müsbət olmadıqda sol aclıq boşluğundan işkəmbə troakarla deşilir və içəridəki qazlar xaric edilir. Eləcə də mədə-bağırsaq yolunu boşaltmaq üçün işlətmə dərmanları verilir. Müalicə dövründə heyvanlara yem verilmir.
Timpaniyanın baş verməməsi üçün yemlərin keyfiyyətinə, yemlənmə qaydalarına nəzarət etmək və otlaqları düzgün seçmək lazımdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda zəhərlənməyə qarşı aparılan müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır Fermerlərə heyvanlar arasında zəhərlənmə baş verdiyi təqdirdə Aqrar Xidmətlər Agentliyinin rayon ( şəhər) baytarlıq idarələrinə müraciət olunması tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır