Patogen mikroblarla yoluxmuş yemlərdən baş verən xəstəliklər və ona qarşı mübarizə tədbirləri-Fermerlərə tövsiyə
2021-01-21 00:00:00
Yem vəsaitləri müxtəlif şəraitdə bəzi patogen mikroblara yoluxa bilir ki, belə yemləri yeyən heyvanlar arasında müxtəlif xəstəliklər əmələ gəlir. Patogen mikrobların inkişafına yemlərin yağışlı havalarda saxlanılması və onların düzgün tədarük olunmaması da kömək edir. Belə yemlər də heyvanların kütləvi xəstələnməsinə və tələfatına səbəb ola bilir.
Yemlərə yoluxan başlıca patogen mikroblardan Bas. anthracis, Litseria monosytogenes, Bas. botulinus və Salmonellanı və s. gostərmək olar. Bunların da içərisində heyvanlar üçün ən təhlükəlisi Bas. botulinusdır.
Botulizm (Botilismus) - yemdən zəhərlənmə kənd təsərrüfatı heyvanlarının və quşların kəskin və ağır keçən yoluxucu xəstəliyi olub, xəstəlik törədicisinin Bas. botulinusun ifraz etdiyi toksinin təsirindən mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində udlağın, dilin, alt çənənin iflic və skelet əzələsinin parezi ilə səciyyələnir. Bas. botulini toksininə insanlar da həssasdırlar.
Xəstə heyvanların ölümündən dəyən iqtisadi zərər əksər hallarda 70-100%-ə çatır. Botulizm ayrı-ayrı heyvan növlərində demək olar ki, dünyanın bütün ölkələrində qeyd olunur.
Botulizm mikrobu təbiətdə çox geniş yayılmışdır. İnfeksiyanın əsas rezervuarı torpaqdır, xəstəlik törədicisi yemə torpaq hissəcikləri ilə, nəcis və s. vasitəsilə düşür. Mikrob anareob şəraitdə, müəyyən temperaturda, nəmlikdə və mühit reaksiyasında iylənmiş, xarab olmuş və qızışan yemlərdə (arpada, buğdada, vələmirdə və s.) çoxalaraq toksin ifraz edir. Onu da qeyd etmək lazımdır ki, həmin mikrob bir qayda olaraq heyvanların mədə-bağırsaq sisteminə alimentar yolla düşdükdə orada toksin ifraz etmir. Odur ki, heyvanlar törədicinin hazır toksinini yem vasitəsilə qəbul etdikdə xəstələnirlər.
Yemlə birlikdə orqanizmə daxil olan toksini qanda, nazik və yoğun bağırsaq sistemində, öddə, qaraciyərdə, sidikdə bəzən də beyində müəyyən etmək olur. Botulizm toksininin güclü və arası kəsilməz qıcığı nəticəsində beyin qabığının fəaliyyəti pozulur, bu da müvazinətin pozulmasına, bəzən mərkəzi sinir sistemi hüceyrələrinin həddindən artıq zədələnməsinə və ağır nəticələrə səbəb olur.
Mikrobun toksininə qarşı atlar, iri və xırdabuynuzlu heyvanlar, quşlar, hind donuzları, ağ siçanlar, pişiklər, dovşanlar və itlər həssasdırlar.
Atlarda adətən botulizm toksini ilə yoluxmuş yemləri yedikdən 2-3 gün sonra xəstəlik əlamətləri meydana çıxır. Belə ki, toksin əvvəlcə mərkəzi sinir sisteminə təsir edir. Ona görə zəhərlənmiş atlarda bəbəklər genəlir, dilin, çənənin, udlağın, bağırsaqların, çeynəmə və hərəkət əzələlərinin iflici müşahidə edilir. Xəstəlik əksərən ölümlə nəticələnir.
İribuynuzlu heyvanlarda botulizm bulbar ifliclə, quşlarda boyun əzələlərinin boşalması və ayaqların parezi ilə müşayiət olunur. Qoyun və keçilərdə xəstəlik ildırımvari və ya kəskin gedişə malikdir. Buna görə də xəstəliyin klinik əlamətləri yaxşı öyrənilməmişdir. Heyvan tez yorulur, hərəkəti çətinləşir, çeynəmə və udma aktı pozulur, qəbzlik, ürək fəaliyyətinin zəifləməsi, süstlük və s. müşahidə edilir. Donuzlarda botulizm nadir hallarda müşahidə olunur. Onlarda səsin itməsi, şiddətli selik axıntısı, hərəkət koordinatsiyasının pozulması, qismən, yaxud da tam korluq əlaməti müşahidə edilir. Heyvan çeynəmə və udlaq əzələlərinin iflici ilə əlaqədar olaraq yem qəbul edə bilmir və 2-3 gün müddətinə ölür.
Xəzdərili heyvanlardan təbii şəraitdə su samurunda botulizm qeyd olunur. Bu növ heyvanlarda yorğunluq, əzələlərinin zəifləməsi hərəkətin çətinləşməsi, yaxud da tamam itməsi, göz yarığının və həmçinin bəbəklərin genişlənməsi əlamətləri müşahidə olunur. Nəhayət, komatoz vəziyyət inkişaf edir və ölür. Xəstəlikdən sağalma hadisəsi nadir hallarda müşahidə olunur.
Hind donuzlarında toksin orqanizmə daxil olduqdan 24 saat sonra əzələ zəifliyi inkişaf edir və 2-3 günə heyvan ölür. Ağ siçanlarda qarın əzələlərinin iflici və dal ayaqların parezi baş verməklə ikinci gün heyvan tələf olur.
Botulizm insanda adətən, pis keyfiyyətli, xarab olmuş qida məhsullarından istifadə etdikdən 12-14 saat, bəzi hallarda isə bir neçə gün gizli dövr keçdikdən sonra başlayır. Xəstəlik baş gicəllənməsi, baş ağrısı, bəzən qusma göz əzələlərinin iflici, bəbəklərin genişlənməsi, çəpgözlülük, korluq və s. əlamətləri ilə meydana çıxır.
Xəstəliyin diaqnozu epizootoloji və anamnezə məlumatlarına, kliniki əlamətlərə, laborator müayinələrinə və bioloji sınağa əsasən təyin olunur. Əsas kliniki əlamətlərdən əzələlərin kəskin zəifləməsi, dilin və alt çənənin iflici, udma aktının pozulması, bədən temperaturunun normal olması, refleksin və huşun saxlanması nəzərdə tutulur.
Botulizm xəstəliyini əsasən Nyukasl, quduzluq və atlarda infeksion ensefalomielitdən təfriq etmək lazımdır.
Müalicə simptomatikdir. Xəstəliyin başlanğıc mərhələsində vena daxilinə botulizm əleyhi mono, yaxud polivalent serumun yüksək dozada yeridilməsi yaxşı nəticə verir. Güclü təsirə malik olan işlətmə dərmanlarından: arekolin, nilokarpin, ezerindən istifadə edilir. İşlətmə dərmanlarının təsirindən sonra, burun-udlaq zondu ilə 10-15 litr su qlükoza ilə verilir.
Xəstəliyin son mərhələsində, ürək fəaliyyətinin zəifliyi zamanı natrium xloridin 10%-li məhlulundan 100-150 ml gündə iki dəfə vena daxilinə yeridilir. Həmçinin düz bağırsaqdan kalı təmizləmək və ilıq su ilə imalə etmək, mədəni yumaq üçün 5%-li soda məhlulundan, eyni zamanda ürəyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qlükoza və kofeindən istifadə edilir. Botulizmin müalicəsində həmçinin spesifik immun serum tətbiq olunur. Xəstəliyin profilaktikasında əsasən heyvanları tam keyfiyyətli yemlərlə təmin etmək lazımdır.
Botulizmin spesifik profilaktikası üçün atlara anatoksin, xəzdərili heyvanlar üçün isə botulizm və pasterelyoza qarşı assosiasiya olmuş vaksin təklif edilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanları botulinus zəhərlənməsindən qorumaq üçün yemlər düzgün yığılmalı və saxlanılmalıdır. Çürümüş, kiflənmiş, qaralmış yemlər, xüsusən saman və silos heyvanlara yedizdirilməməlidir. Yemlər müxtəlif çirklənmələrdən, məsələn siçan və siçovul cəsədlərindən, ifrazatlarından qorunmalıdır. Quşlar botulinus mikrobunu gəzdirdikləri üçün onların peyini yem mənbələrinə yaxın tökülüb yemə qarışmasından qorunmalıdır. Xəstəliyin müalicəsi yalnız baytar həkiminin iştirakı və nəzarəti altında aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır