Dəmrov (Trichophitia) xəstəliyi və ona qarşı aparılan mübarizə tədbirləri-Fermerlərə tövsiyə
2021-01-25 00:00:00
El arasında dəmirov kimi tanınan xəstəlik elmi dildə “Trixofitiya” adlanır. Bu xəstəliyi Tr.verrucosum, Tr.gypseum və Tr.egvinum göbələkləri törədir.
Dəmrov heyvan və insanların göbələk xəstəliyi olmaqla, dəri üzərində (müəyyən nahiyələrdə) tökülən qartmaqların, tüklərin dibindən qırılması və ya serozlu irinli eksudatın ayrılması nəticəsində qalın qartmaqların əməl gəlməsi ilə özünü göstərir və nəticədə dərinin iltihabı ilə səciyyələnir. Xəstəlik əsasən payız və qış aylarında daha çox körpə heyvanlarda müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 3-6 gün təşkil edir.
Dəmrov zamanı heyvanların məhsuldarlığı aşağı düşür, gön-dəri məmulatlarının keyfiyyəti pisləşir və xammal dəyəri aşağı düşür.
Xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları, gəmiricilər, quşlar, xəzdərili heyvanlar həssasdırlar. Yoluxma əsasən heyvanlarda baş və boyunun dərisində, bədənin yan tərəflərində, belində, çanaq nahiyəsi və quyruq dərisində özünü biruzə verir. Cavan heyvanlar yaşlılara nisbətən tez yoluxurlar və ağır formada keçirirlər. Xəstəlik əsasən antisanitariya zamanı, heyvanların saxlanma və yemlənmə rejimi pozulduqda geniş miqyasda yayılır. Dəmrov xəstəliyinin törədiciləri kerotin toxumalarında çox yaxşı inkişaf edirlər. Onlar orada toksin və kerotolitik fermentlər hasil edərək, dərinin iltihabının baş verməsinə səbəb olurlar. Törədicilər tük follikullarına daxil olaraq, kutikulaları dağıdır, qidalanmanı pozur və nəticədə tüklər tökülür.
Dəmirov xəstəliyini qoturluqdan ekzemadan, favus və dermatitdən təfriq etmək lazımdır. Qoturluqda iltihablı dəri sahəsini mikroskopla müayinə etdikdə gənələr aşkar edilir. Favusda xəstəlik əsasən versal formada gedir. Ekzema və dermatitlərdə yoluxduruculuq qabiliyyəti yoxdur, məhdud ləkələr olur, aparılan simptomatik müalicə səmərə verir.
Yaz və yay aylarında heyvanların açıq havada saxlanması və günəş şüalarının təsiri nəticəsində xəstəliyin sayı kəskin surətdə azalır. Xəstəliyin mənbəyi xəstə heyvanlardır. Xəstə heyvanlar sağlam heyvanla təmasda olduqda xəstəliyə yoluxurlar. Xəstəliyin yayılmasında (kontakt yolu ilə) heyvana xidmət əşyalarının, yemin, peyinin və s. böyük rolu vardır. Həmçinin xəstəliyin yayılmasında əsas səbəblərdən biridə gəmiricilərdir.
Dəmrov xəstəliyi ilə mübarizə aparmaq üçün ilk növbədə fermalarda baytarlıq-sanitariya və gigiyena tədbirləri ciddi surətdə və keyfiyyətli həyata keçirilməlidir. Xəstə heyvanların müalicəsi, dezinfeksiya tədbirləri və heyvanlara qulluq edənlərin şəxsi gigiyenası gözlənilməli və kompleks tədbirlər aparılmalıdır. Dəmrovlu heyvanlar sağlamlardan ayrıca saxlanmaqla müalicə olunmalıdır. Müalicə üçün bir xlorlu yod, formalin ağ neft emulsiyası, herbisidlər, naftalan nefti, 10%-li kükürd-karbon turşusu qarışığı, formalin-kreolin emulsiyası qarışığı və s. preparatlardan istifadə olunur. Peyin biotermiki üsulla zərərsizləşdiriməlidir.
Dəmrov xəstəliyinin profilaktikası və müalicəsi üçün LTF-130 (ЛТФ-130) vaksinlərdən istifadə etmək lazımdır. Bu vaksinlər müalicə profilaktika məqsədilə işlədilir. Vaksinlər 10-14 gün fasilə ilə 2 dəfə vurulur. Uzun müddətli immunitet yaranır. Qeyri-sağlam təsərrüfatlarda mütləq heyvanlar peyvənd olunmalıdırlar.
Təsərrüfatda heyvanlar arasında xəstəlik baş verərsə, onlar kliniki müayinədən keçirilirlər və xəstələr müalicə olunurlar. Müalicə zamanı tük və qartmaqlar toplanaraq yandırılıb məhv edilir. Xəstəlik müəyyən edilən gün 5%-li formalin məhlulu, 10%-li kükürd karbol turşusu qarışığı, formalin-kerosin emulsiyası ilə cari dezinfeksiya aparmaq lazımdır.
Metal avadanlıqlar 30 dəqiqə suda qaynadılır və ya alov üzərində yandırılır. Taxta materiallar isə isti kül suyu və sabun məhlulları ilə yuyulurlar. Geyim vasitələri 40-45 dəqiqə müddətində formaldehid buxarı ilə və ya 30 dəqiqə formalin emulsiyası ilə isladılır. Axırıncı xəstə heyvanın sağalmasından 15 gün sonra təsərrüfat sağlam hesab olunur.
Göstərilənləri nəzərə alaraq bildiririk ki, fermerlər təsərrüfatlarında yuxarıda qeyd edilən əlamətləri müşahidə etdikdə mütləq sahə baytarlıq məntəqələrinə və ya baytarlıq idarələrinə müraciət etsinlər.
Qeyd etmək lazımdır ki, heyvanlarda dəmrov xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi fermerlərin bir daha nəzərinə çatdırır ki, heyvanları xəstəliklərdən qorumaq, məhsuldarlığın yüksəltmək, onların baş sayını artırmaq üçün ilk növbədə düzgün yemləmə və saxlanma şəraitini təmin etməli və baytarlıq-sanitariya tədbirlərini vaxtı-vaxtında həyata keçirməlidirlər. Həmçinin heyvanlarda xəstəliklərə qarşı aparılan müalicə və profilaktika işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır