Amerika ağ kəpənəyi təhlükəli karantin zərərvericisidir
2021-05-05 00:00:00
May ayının əvvəllərindən etibarən Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən respublika ərazisində karantin zərərvericisi olan Amerika ağ kəpənəyinin yayılma ehtimalı yüksək olan Bakı-Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara və digər bölgələrində müşahidə işlərinə başlanılmışdır.
Zərərvericinin kəpənəkləri ağ rəngli olub, bədən uzunluğu 9-15 mm-dir. Sonuncu yaşda olan tırtılları 30-40 mm uzunluğunda olub, sıx tükcüklərlə örtülüdür. Tırtılların bel hissəsində iki cərgə qara rəngdə, yan tərəflərində isə iki cərgə açıq sarı ziyillər yerləşir. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının, yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Havanın temperaturası 13oC-dən aşağı düşdükdə kəpənəklərin pupdan uçması dayanır. Dişilər yumurtaları, əsasən ağac çətirlərinin kənarında yarpaqların alt səthinə bir təbəqədə topa halında qoyurlar. Yumurtadan çıxdıqdan 1-2 saat sonra tırtıllar qidalanmağa və tor yuva qurmağa başlayırlar. I –II yaşlarda yuva torla hörülmüş 1-2 yarpaqdan ibarət olur. V yaşın sonlarına yaxın yuva 1-1,5 m ölçüyə qədər çatır. Bu yaşda tırtıllar tor yuvanı tərk edərək, bütün bitki boyu yayılırlar. Tırtıllar 7 yaş keçirirlər. Zərərverici pup mərhələsində qışlayır. Amerika ağ kəpənəyi Azərbaycanda 2 nəsil verir. Polifaq zərərverici olmaqla 230-a qədər ağac-kol və ot bitkiləri ilə qidalanır. Həşəratın ikinci nəsli daha ziyanlıdır. Amerika ağ kəpənəyinin tırtılları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Tırtılların tükcükləri insanlarda allergiya yarada bilər.
Mübarizə tədbirləri:
Təhlükəli karantin obyekti olan Amerika ağ kəpənəyi əleyhinə qabaqlayıcı mübarizə tədbirlərini sistem şəklində tətbiq etmək məqsədəuyğundur:
Amerika ağ kəpənəyinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər nəslin inkişafı dövründə üç dəfə (7 gündən bir) başdan-başa, uyğunlaşması mümkün olan rayonlarda isə aşkarlanması ehtimal olunan yerlərdə sistematik müşahidələr aparılmalıdır;
baxış zamanı yük və nəqliyyat vasitələrinə ciddi nəzarət edilməli, Amerika ağ kəpənəyi aşkar olunduqda yük və nəqliyyat vasitəsi zərərsizləşdirilməlidir. Bu məqsədlə fosfin və metil-yodid istifadə oluna bilər (həşəratın yumurta, tırtıl və pupları məhv edilir);
zərərverici ilk dəfə aşkar olunduqda karantin məntəqələrinə və ya bitki mühafizə mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir;
ştamb və skelet budaqlar məhv olmuş qabıqdan təmizlənməli, bitki qalıqları toplanmalı və onlar məhv edilməli, gövdələr əhənglənməlidir;
kəpənəyin yumurta qoyduğu büzülmüş və tutqunlaşmış “inkubator-yarpaqlar” toplanaraq, mexaniki üsulla zərərsizləşdirilməlidir;
kiçik bağlarda torpağa puplaşmağa gedən tırtılları tutmaq üçün qurşaqlardan istifadə edilməlidir;
birinçi nəslin kütləvi puplaşması dövründə meyvə bağları və həyətyanı sahələrdə ağac çətirləri altında torpaq bellənməli və şumlanmalıdır;
karantin zərərverici azsaylı olduqda belə, pretroid, fosfor üzvi və neonikotinoid birləşmələri ilə vaxtında dərmanlamalar aparılmalıdır;
zərərvericinin hər nəslinə qarşı insektisidərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir;
kimyəvi mübarizə zamanı yaşayış məntəqələri və dərmanlanan sahələr arasındakı sanitar zona 300 m-dən az olmamalıdır. Pestisidlərin tətbiqi yolverilməz olan yerlərdə bitkilər bioloji və ya hormonal preparatlarla çilənməlıdir.
Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlərdən diflubenzuron 0.3 l/ha, fastoks (0,2-0,3 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. istifadə olunması tövsiyə olunur.
Beləliklə, Amerika ağ kəpənəyi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə yüksək səmərə əldə etmək olar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarlara təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Aqrar Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə məlumat verilməsini tövsiyə edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır