Yaylaqlarda heyvanların saxlanılması -Mütəxəssis tövsiyəsi
2021-07-14 00:00:00
Yay mövsümünün gəlməsi ilə əlaqədar heyvanların yaylaqlarda saxlanması və bəslənməsi zərurəti yaranır. Odur ki, yaylaq üçün seçilən yerin baytarlıq-sanitariya tələblərinə uyğun gəlməsinin də əhəmiyyəti böyükdür. Buna görə də yaylaqlara köçməzdən əvvəl ərazinin sanitariya vəziyyətinin yoxlanılması zamanı baytar həkiminin də iştirakı təmin edilməlidir. Ətrafda olan peyin təmizlənməli, bataqlıq yerlər qurudulmalı, heyvan saxlanılan yerlər ətrafı dezinfeksiya edilməlidir. Yaylaqlarda su təchizatına xüsusi diqqət verilməlidir. Su mənbələrinin kənarları sanitar-gigiyenik vəziyyətə gətirilməlidir. Heyvanların suvarılması üçün nəzərdə tutulan yerlər suvarılma avadanlıqları ilə təmin olunmalıdır. Otarma sahəsi ilə suvarma mənbələri arasındakı məsafə çox olmamalıdır. Bu məsafənin çox olması heyvanların yorğunluğuna, məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Heyvanların otlaqlarda otarılması yemlərə olan tələbatının ödənilməsi ilə yanaşı, onlardan alınan məhsulların öz dadına, keyfiyyətinə görə fərqlənməsi və ucuz başa gəlməsi ilə nəticələnir. Bu cəhətdən heyvanların yaylaq şəraitində saxlanılmasının böyük əhəmiyyəti vardır. Heyvanların yaylaqda, açıq və təmiz havada saxlanılması orqanizmin fizioloji funksiyalarına yaxşı təsir göstərir. Orqanizmdə maddələr mübadiləsini artırır, cavan heyvanların boy artımına və inkişafına köməklik edir.
Yaylaqda heyvanların asan həzm olunan zülallarla, vitaminlərlə, mineral maddələrlə və mikroelementlərlə zəngin olan yemlərlə qidalanması təmin olunur. Uzunmüddətli hərəkət nəticəsində əzələlər, vətərlər, bağlar və oynaqlar inkişaf edir, möhkəmlənir, qan dövranı yaxşılaşır, köks qəfəsi inkişaf edir, ağciyərlərin tutumu, oksigenin mənimsənilməsi və karbon qazının ixracı artır, ürəyin işi yaxşılaşır, heyvanlar təmiz hava və günün ultrabənövşəyi şüaları ilə təmin olunur. Dərinin rezistentliyi, istilik nizamlama prosesi, sinir və damarların, həmçinin, vəzilərin funksiyasını yaxşılaşdırır. Bütün bunların nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyəti artır, xəstəliklərə və iqlim amillərinin təsirinə dözümlü olur, məhsuldarlıq yüksəlir. Heyvanların yaylaq şəraitində saxlanılması orqanizmin çoxalma üzvlərinə də yaxşı təsir göstərir. Dişilərdə mayalanma qabiliyyəti artır, doğum prosesi asanlaşır, balavermə qabiliyyəti yüksək olur. Erkəklərdə isə toxum hasilatı artır və keyfiyyəti yüksəlir ki, nəticədə uzun müddət törədici kimi istifadə edilir. Yaylaq şəraitinin effektivliyi otlaqlarda yaşıl yemlərin nə dərəcədə olmasından asılıdır. Pis, əlverişli olmayan otlaqlarda heyvanların saxlanılması onları narahat edir, xəstəliklərə qarşı davamlılığı zəiflədir, məhsuldarlığı aşağı düşür. Məhsuldarlığı yüksəltmək və sağlamlığı qorumaq üçün otlaq sahələri bir sıra gigiyenik tələbləri ödəməlidir. Qoyun və keçilər üçün quru, tozsuz, alçaqboylu, kiçik və müxtəlif bitkiləri olan otlaqlar ayrılmalıdır. Rütubətli, bataqlıq və aran otlaqları qoyunlar üçün əlverişli deyildir, çünki, belə otlaqlar çox zaman invazion xəstəliklərin mənbəyi sayılır və qoyunlar dırnaq xəstəliklərinə tez-tez tutulurlar. Otlaqlardan qaydasız istifadə etmək istər təsərrüfat, istərsə də sanitar-gigiyenik cəhətdən əlverişli deyildir. Çünki belə otarmada yüksək süd məhsulu almaq, heyvanların diri çəkisini artırmaq mümkün olmur. Buna görə də otlaqlardan səmərəli istifadə edilməsi və xəstəliklərə qarşı mübarizə tədbiri kimi növbəli otarma sistemi tətbiq edilməlidir. Növbəli otarma qaydasız otarmadan fərqli olaraq, otlağın məhsuldarlığının artmasını təmin edir, nəticədə heyvandarlıq məhsullarının artmasına səbəb olur. Sübut olunmuşdur ki, növbəli otarma sistemində heyvanların məhsuldarlığı 25-30 % artıq təşkil edir.
Sahibkarlara məsləhətimiz ondan ibarətdir ki, yaylaq mövsümü ərzində otlaqlardan düzgün istifadə etsinlər və heyvanların sağlamlığının qorunması qayğısına qalsınlar.
İsti havalarda istər yaylaqlarda, istərsə də otlaq-pəyə şəraitində saxlanan qoyunları səhər tezdən və axşam tərəfi otlağa aparmaq məsləhətdir. Qoyunları istivurmadan və günvurmadan qorumaq üçün yayın isti və bürkülü günlərində otlağa aparılmamalıdır. Belə vaxtlarda qoyunlar kölgəli, mehəsən, külək tutan, ağac və qaya kölgəsi olan yerlərdə saxlanmalıdır. Heyvanlar yay dövründə həm yaylaq, həm də otlaq-pəyə şəraitində saat 11-17 arasında kölgəli sahələrdə saxlanılmalı və təmiz bol su ilə təmin edilməlidir.
İsti havalarda qoyunların topa halında yığılmasına yol verilməməlidir, çünki onların yan-yana sıx durması istivurmaya səbəb olur.
Yayda günəş şüalarının qoyunun gözünə və başına düşməsinin qarşısını almaq üçün otarılma elə təşkil edilməlidir ki, günəşin şüaları onların üstünə arxadan, ya da yandan düşsün. Belə ki, çobanlar günəş şüalarının düşmə və küləyin əsmə istiqamətini müəyyən etməlidirlər.
İsti havalarda qoyunlar sərin yerlərdə dincəlməli, sonra isə suvarılmalıdır. Belə halda qoyunlar həvəslə otlayırlar. Eləcə də qoyunlar vaxtaşırı baytarlıq müayinəsindən keçirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır