Qaramalın teyleriozu- Mütəxəssis tövsiyəsi
2021-07-17 00:00:00
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, havaların isti keçməsi və heyvanların otlaq şəraitinə keçirilməsi ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan teyleriozu törədən gənələrin aktivləşməsi baş verir. Teylerioz iribuynuzlu heyvanlarda ağır və iti formada gedən qan-parazitar xəstəliyi olmaqla, heyvanlar arasında geniş yayılıb. Teylerioz xəstəliyinin və onun törədicisinin qarşısını almaq üçün fermer və sahibkarlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, heyvanlarında baş verə bilən xəstəliyin qarşısını almış olarlar.
Qeyd edək ki, teylerioz respublikanın aran rayonlarında, əsasən, aprelin ikinci yarısından oktyabrın axırına, dağətəyi rayonlarda isə mayın ikinci yarısından sentyabrın birinci ongünlüyünə qədər baş verə bilir. Xəstəlik ən çox yay aylarında müşahidə edilir.
Respublikada teyleriozun geniş yayılmasının səbəbi, xəstəliyin törədicisini keçirən Hyalomma cinsindən olan gənələrin növ etibarilə çoxluğu, hər bir gənənin özünə xas bioloji-ekoloji xüsusiyyətlərə malik olması və respublikamızın təbii iqlim şəraitinin bu gənələrin yaşayıb artması üçün əlverişli olmasıdır.
Xəstəlik tipindən asılı olaraq kəskin formada 6-25 gün davam edir. Ölkəmizdə teylerioz kəskin və xroniki formalarda müşahidə edilir. Xəstəlik kəskin formada 20-25 gün, gənə ilə yoluxduqda inkubasiya dövrü 9-19, invazion qanla yoluxduqda isə 12-21 gün davam edir.
Xəstəliyin ilk əlaməti dərialtı limfa düyünlərinin (kürəkönü, dizönü və yelinəsası vəziləri) asimmetrik böyüməsi, heyvanın hərarətinin yüksəlməsi (41-42°C-yə qədər yüksəlir), tükünün pırpızlaşması və əvvəlki parlaqlığını itirməsi, inəklərdə südün azalması, bəzən heyvanın tamam süddən kəsilməsi müşahidə edilir. Heyvan əzginləşir, iştahası pozulur, selik təbəqələri hiperemiyalaşır, gözün konyuktivası şişir və ondan yaş, burun boşluğundan selik axır.
Heyvanlarda iştahanın pozulması, mədə önlüklərinin atoniyası halları baş verir, ürək və ağciyərin fəaliyyəti pozulur.
Xəstəliyin başlanğıcında tənəffüs sürətlənir (38-40 dəqiqədə), ritmik olur, həzm orqanları ciddi pozğunluğa uğrayır. Heyvan yemdən qaldıqca bağırsaqların peristaltikası zəifləyir, gövşəmə kəsilir. Mədə önlüklərində və bağırsaqlarda atoniya müşahidə olunur. Heyvanın kalının rəngi tündləşir. Qəbizlik və ishal bir-birini əvəz edir. Əksər hallarda kitabça quruyur. Nəticədə xəstə heyvan zəifləyir və arıqlayır. Ətraf və bədən əzələlərində əsmələr müşahidə olunur. Əzələlər haldan düşdükdən sonra isə heyvan yerdən qalxa bilmir.
Ümumiyyətlə, xəstəliyin iti forması 6-8 gün davam edir və heyvanın ölümü ilə nəticələnir.
Teylerioza qarşı profilaktiki mübarizədə əsas məqsəd piroplazmoz üçlük (keçirici kənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji «zənciri» qırmaqdan ibarətdir.
Ən sadə və əlverişli üsul teyleriozu keçirən gənələrin, heyvan üzərində, heyvandarlıq binalarında və otlaqlarda məhv edilməsidir. Heyvan üzərindəki gənələr mexaniki (əl ilə) olaraq ilin bütün fəsillərində toplamaqla və xüsusi akarisid maddələr işlətməklə məhv edilir.
Gənənin növü və yoluxmanın intensivliyindən asılı olaraq preparatlar ayda 1-2 dəfə tətbiq edilməlidir.
Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilməlidir. Heyvanların gəzinti sahələrinin dezakarizasiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Ona görə də binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aparılmalıdır.
Gənələrlə mübarizədə aqromeliorativ tədbirlər və növbəli otarma da mühüm rol oynayır.
Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Teylerioza qarşı aparılan müalicə və profilaktik tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.
Fermerlərin və təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən teylerioza qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır