Heyvanları ilansancmadan necə qorumalı? - Mütəxəssis tövsiyəsi
2021-06-25 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, yay fəslinin gəlməsi ilə əlaqədar heyvanlar arasında ilansancmaları baş verə bilir. İlansancma adətən, heyvanların çınqıllı otlaq sahələrdə, güneylərdə, qaya ətrafı, yarımsəhra (meşə, çöllük, daş karxanası və s.) ərazilərdə otarılması zamanı baş verir. Vaxtında baytarlıq yardımı göstərilməzsə heyvanın zəhərli ilansancmadan ölümü qaçılmazdır.
Heyvanda ilansancması zamanı toxumaların ödemi (şişməsi) və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) əlamətləri-hərarətin artması, zəiflik, süstlük halları müşahidə olunur.
Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman ilan sancan heyvanın yaşı, növü və s. faktorlar da əhəmiyyət kəsb edir. İlanvurmaya təkdırnaqlı heyvanlar daha həssas və dözümsüzdür.
Zəhər heyvan orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir:
- İlan çalma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik;
- Heyvanda koordinasiyanın pozulması;
- Nəbzin artması;
- Təngnəfəslik;
- Ümumi zəiflik, süstlük;
- Yemdən imtina;
- Gövşəmənin dayanması;
- Titrəmə, soyuq tər buraxması;
İlansancma arxa və ya ön ətraflarda olduğu halda, qısa zaman ərzində dişləmə yerindən yuxarı nahiyədən kəndir və ya kəmərlə sıxaraq qan işləməsinin qarşısı alınmalıdır. Eləcə də dərhal rayon (şəhər) baytarlıq idarəsinə məlumat verilməlidir.
Bütün aparılan tədbirlər aşağıda qeyd edilən ardıcıllıqla həyata keçirilməlidir:
-Heyvanın hərəkətsizliyi təmin edilməli,
-Yaranın antiseptik maddələrlə (yod, hidrogen-peroksid, kalium-permanqanat və s.) işlənməsi aparılmalıdır.
Antiseptik maddələr olmadığı halda heyvanın yarası (ilan və ya əqrəb sancdığı yer) təmiz su ilə yuyulmalıdır.
İlanvurmaya məruz qalmış heyvan dərhal otlaq sahədən çıxarılmalı, sakit və kölgəli yerə gətirilməli və qısa müddət ərzində heyvana ilan zəhəri əleyhinə zərdab(serum) vurulmalıdır.
Xatırladırıq ki, zərdab(serum) vurulana qədər aşağıdakılar həyata keçirməlidir:
- Maksimum dərəcədə heyvanın hərəkətsizliyi təmin edilməli;
- Yem qəbulu dayandırılmalı;
- Yara yandırılmamalı, kəsilməməli və deşilməməli;
- İsidicilərdən istifadə edilməməli;
- Qoyulmuş sarğılar çıxarılmamalıdır.
Əgər zərərçəkən heyvanda ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər müşahidə edilmirsə belə, yenə də heyvana zərdab vurulmalıdır.
Heyvanlar təhlükəli sahələrdə (meşə, çöllük, daş karxanası və s.), xüsusi ilə gecələr otarılmamalıdır.
Fermerlər yadda saxlamalıdırlar ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsikləri aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12-24 saat ərzində müşahidə altında saxlanmaqla ilan zəhəri əleyhinə zərdab vurulmalıdır. Əks halda heyvanın ölümü baş verə bilər.
İlansancmadan tələf olmuş heyvanın ətindən istifadə etmək qəti qadağandır!
Fermer profilaktik məqsədlə ilkin olaraq örüşdən qayıdan heyvanın arxa və ön ətraflarına, eləcə də yelininə, dodaqlarına və çənəaltı nahiyələrinə diqqət yetirməlidir. Çünki ilan ən çox heyvanı bu nahiyələrdən sanca bilir. Bütün bunları nəzər alaraq fermerlərin bir daha diqqətinə çatdırırıq ki, heyvanlar ilansancmalarına məruz qalığı halda dərhal ərazinin sahə baytarlıq məntəqəsinə və ya rayonun baytarlıq idarəsinə müraciət etsinlər!
Aqrar Xidmətlər Agentliyi bildirir ki, mövsümlə əlaqədar bütün rayon(şəhər) baytarlıq idarələri ilan zəhəri əleyhinə zərdabla(serumla) təmin ediliblər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır