Payızda arıxana işləri necə təşkil olunmalıdır? - Fermerlərə tövsiyə
2021-09-29 00:00:00
Respublikanın füsunkar təbiəti, iqlim şəraiti, təmiz havası və digər amillər arıçılığın daha da inkişafına geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edən arıçılar keyfiyyətli bal məhsulu əldə edirlər.
Qeyd edək ki, payız fəslinin gəlməsi ilə əlaqədar olaraq arıçılar qışa hazırlıq işlərinə başlamalıdırlar. Bu dövrdə arıçılar nə etməlidirlər? Hansı tədbirlər həyata keçirilməlidir ki, arı ailələri qışdan salamat çıxsın və bol məhsul istehsalına nail olunsun?
Arıların qışdan sağlam çıxması və yazda sürətli inkişafı onların payız dövründə bəslənməsindən daha çox asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdir. Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün kifayət qədər keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Payızda arıçılar əsas hazırlıq işləri ilə məşğul olmalıdırlar. Bu məqsədlə aşağıdakı şərtlərə mütləq əməl olunmalıdır: əksəriyyəti payızda yetişmiş cavan, qüvvəli arı ailələrini qışa saxlamalı, qış üçün hər ailəyə gücünə görə kifayət qədər keyfiyyətli bal saxlamalı və yuvalar yandan və üstdən istiləşdirilməlidir. Axırıncı bal toplanışının əsas dövrü qurtaran kimi arıxanada arı ailələri yoxlanılmalıdır. Keçən yay məhsulu və arıxananın gəliri analiz edilib növbəti il üçün hazırlıqlar həyata keçirilməlidir.
Qışlamaya qədər arı ailələrini qüvvətləndirmək və cavan arıların sayını artırmaq vacibdir. Bu məqsədlə payız çiçəklərindən şirə çəkə bilən cavan arıların fəaliyyətindən səmərəli istifadə edilməlidir.
Arıların qışlamadan yaxşı çıxması və yazda sürətli inkişafı onların payızda yetişdirilməsindən çox asılıdır. Payızda arıçının əsas vəzifəsi qışlamaya güclü (9-10 çərçivədən az olmayaraq), çoxlu cavan arıları və kifayət qədər yemi olan ailə yetişdirməkdən ibarətdir.
Payızda ailənin güclənməsinin əsas şərtlərindən biri də ananın yumurtaqoyma qabiliyyətinin yüksək olmasıdır. Qoca və nöqsanlı ananı cavan ana ilə əsas gəlir dövründə dəyişmək məsləhətdir. Çünki həmin vaxt ananın yumurta qoymasında fasilə yaranır. Bu isə ailənin məhsuldarlığının nəinki azaltmır, əksinə, bal toplanmasına müsbət təsir göstərir.
Arı ailəsinin payızda qüvvətləndirilməsinin başlıca şərtlərindən biri də təbiətdə saxlayıcı gəlirin olmasıdır. Nəzarət pətəyində gündəlik gəlir 100-200 q olduqda gəlir olmayan dövrə nisbətən ananın yumurta qoyması 50 %, şəkər şərbəti verdikdə isə 30 % artır.
Ana arının yumurta qoymasını sürətləndirmək tədbirlərindən biri də ailəyə az ballı şanlı çərçivələrin verilməsidir. Bu məqsədlə şanın möhürünü açıb arakəsmənin arxasına qoyurlar. Gündəlik saxlayıcı gəlirdən əlavə yuvada ehtiyat bal və güləm olmalıdır.
Qışlamaya əlavə cavan arılar yetişdirmək üçün təcrübəli arıçılar gəlirin axırına yaxın müvəqqəti ayırma beçələr yetişdirirlər. Payızda həmin ayırma beçələr əsas arı ailələri ilə birləşdirilir, qoca ana isə çıxdaş edilir. Müvəqqəti ayırma beçələrin yetişdirilməsi, payızda arı ailələrinin qüvvətləndirilməsi erkən yazda balverən çiçəklik üçün xüsusilə əlverişlidir. Belə hallarda arı ailələri yazda daha sürətlə inkişaf edir və bağları səmərəli tozlandırırlar.
Payızda yuvada güləmin olmaması zülal aclığına, arı orqanizminin müqavimətinin zəifləməsinə, normal qışlamasına və yazda inkişafına mənfi təsir edir.
Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında və düzgün aparsalar, arı ailələrini qışlamadan sağlam çıxarar, onların sayını artırar və bol məhsul istehsal etmiş olarlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır