Taxılçılıqda səpinin vaxtında və keyfiyyətlə aparılması bol məhsulun əsasıdır
2021-09-30 00:00:00
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Bunun qarşısını almaq məqsədilə vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi nəticələrdən geniş istifadə olunması ön plana çəkilməlidir.Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. İlk növbədə bölgənin torpaq–iqlim xüsusiyyətlərinə uyğün sortlar seçilməli, sertifikatlı toxumdan istifadə olunmalıdır.
Becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun 50 %-i deməkdir. Respublikamızda taxıl bitkisi əsasən 2 torpaq-iqlim şəraitində suvarma və dəmyədə becərilir. Suvarma şəraitində taxıllar əsasən yonca, şəkər çuğunduru, pambıq, bostan, tərəvəz və qarğıdalı bitkilərindən sonra səpilir.
Sələf bitkisi yığıldıqdan sonra taxıl səpininə az vaxt qalmışdırsa, bu zaman sahəni dərindən deyil, səthi becərmək məqsədəuyğun hesab olunur. Suvarma şəraitində səpinin həddən artıq erkən aparılması taxılların vaxtından əvvəl boruya çıxması ilə müşayiət olunur. Həddən artıq gecikmiş səpinlərdə isə normal çıxış alınmayaraq vahid sahədə cücərtilərin sayı azalır ki, bunlar da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Suvarılan aran rayonlarında taxılın optimal səpin müddəti oktyabrın 25-i ilə noyabrın 10-u arası hesab olunur. Bu şəraitdə taxıllar əsasən cərgə arası 15 sm olmaqla adi cərgəvi üsulla səpilir. Aparılan təcrübələr göstərir ki, payızlıq taxılların tirəli səpin üsulu ilə səpilməsi daha yaxşı nəticə verir. Bu üsulla aparılmış səpinlərdə dən məhsuldarlığı adi cərgəvi səpinlərə nisbətən sortlardan asılı olaraq 5-8 s/ha arasında yüksəlir.
Bu səpin üsulunda hektara səpin norması azalmaqla toxum materialına qənaət olunur. Eyni zamanda hektara suvarma norması 30-40 % azalır ki, bu da suvarma suyu çatışmayan bölgələr üçün mühüm əhəmiyyətə malikdir. Payızlıq taxılların yüksək dən məhsulu verməsi üçün tarlada optimal bitki sıxlığı yaradılmalıdır. Bunu nəzərə alaraq tədqiqatlar yolu ilə optimal səpin norması müəyyənləşdirilmişdir. Belə ki, adi cərgəvi səpinlərdə payızlıq buğdanın optimal səpin norması hektara 3.5-4.0 milyon, tirəli səpinlərdə isə 2.5-3.0 milyon ədəd cücərən dən hesab olunur. Arpanın səpin norması adi cərgəvi səpinlərdə hektara 3.0-3.5 milyon, tirəli səpinlərdə isə 2.0-2.5 milyon ədəd cücərən dən hesab olunur.
Taxılların səpin norması əkinçilik mədəniyyətinin səviyyəsindən asılıdır. Əkinçilik mədəniyyətinin yüksək olduğu təsərrüfatlarda fermerlər taxılı nisbətən aşağı səpin normasında səpməklə toxum materialına xeyli qənaət etməyə nail olurlar.
Yağmurla təmin olunmuş dəmyə bölgələrdə payızlıq taxıllar əsasən bostan, tərəvəz, qarğıdalı, tütün, yonca və s. bitkilərdən sonra səpilir. Bu bölgələrdə cərgəarası becərilən sələflərin (qarğıdalı, tütün) məhsulu yığıldıqdan sonra sahə bitki qalıqlarından təmizlənərək 20-25 sm dərinlikdə şumlanır. Təsərrüfatlarda bitki qalıqlarını xırdalayan alət varsa, həmin qalıqların xırdalanaraq sahədə saxlanması məsləhət bilinir ki, bu da torpaq münbitliyinin yüksəlməsinə səbəb olur. Şumdan sonra sahə ağır diskli mala ilə diskləndikdən sonra səpin aparılır. Cərgəarası becərilən bitkilərdən sonra sahə alaqlardan təmiz və yumşaq vəziyyətdə qalmışdırsa, onda belə sahələrdə torpağı payızlıq buğda üçün üzdən minimal becərmək daha yaxşı nəticə verir. Nəmliklə təmin olunmuş dəmyə şəraitində taxılların səpini oktyabrın 15-dən başlayaraq noyabrın 5-nə qədər başa çatdırılmalıdır. Səpin adi cərgəvi üsulla aparılmaqla hektara səpin norması buğda üçün 4.0-4.5 milyon ədəd, arpa üçün isə 3.5-4.0 milyon ədəd cücərən dən hesab olunur.
Respublikamızın az yağmurlu quraq dəmyə bölgələrində payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən ən başlıcası yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağmurları başlayana qədər başa çatdırılmalıdır. Quraq dəmyə şəraitində payızlıq taxıllar əsasən taxıldan, qara, faraş və bitkili heriklərdən sonra səpilir. Payızda sentyabr ayında qara və faraş herik sistemi ilə becərilmiş sahələr malalanaraq səpinə hazırlanır. Əgər sələf bitkiləri payızlıq taxıl və dən üçün noxuddursa, onda bu sələflərdən sonra torpağı taxıl üçün üzdən (səthi) becərmək lazımdır. Bu zaman sahə diskili mala ilə 10-12 sm dərinlikdə bir-birinin əksi istiqamətində 2 dəfə becərilir və birbaşa səpin aparılır. Quraq dəmyə şəraitində payızlıq taxılların səpini sentyabrın 20-dən oktyabrın 10-na qədər olan müddət ərzində başa çatmalıdır.
Hektara səpin norması buğda üçün 4.0-4.5 milyon, arpa üçün isə 3.0-3.5 milyon ədəd cücərən dən götürülür. Səpin adi cərgəvi üsullarla (cərgəarası 7.5 və 15 sm ) aparılır.
Quraq dəmyə şəraitdə taxıl səpininin şırım üsulu ilə aparılması bitkilərin nəmliklə təmin olunması baxımından yaxşı nəticə verir. Bu səpin üsulunda toxumlar şırımın dibinə səpilir. Yağış yağan zaman şırımın kənarına düşən yağmurlar axaraq şırımın dibinə tökülməklə orada nəmliyin miqdarını artırır. Nəticədə şırımın dibinə səpilmiş toxumlar normal nəmlənməklə vaxtında cücərir və sonrakı mərhələlərdə bitkilər yaxşı böyüyüb inkişaf edirlər.
Beləliklə, fermerlər taxıl səpinini vaxtında və göstərilən aqrotexniki qaydalarda aparmaqla yüksək məhsul üçün zəmin yarada bilərlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır