Meyvə bağlarında mövsümi tədbirlər
2022-01-05 00:00:00
Meyvə bağlarından davamlı olaraq bol və keyfiyyətli məhsulun əldə olunması üçün mövsümə uyğun olaraq lazımı aqrotexniki və bitki mühafizə tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bitkilərin nisbi sükünət dövründə belə aqrotexniki və bitki mühafizə işləri davam etdirilməlidir.
Hazırda respublikanın əksər bölgələrində havaların mülayim keçməsi meyvə bağlarında qışa hazırlıqla bağlı tədbirlərin davam etdirilməsinə imkan verir.
Bu fürsətdən istifadə edərək meyvə ağaclarının budanması, diblərinin bellənərək yumşaldılması, yemləndirilməsi (gübrələrin verilməsi), gənc fidanların əkilməsi, dondurma suyunun verilməsi, bitki mühafizəsi və digər zəruri tədbirlərinin həyata keçirilməsi başa çatdırılmalıdır.
Mineral gübrələrin tətbiqi
Bağbanlar çox vaxt yetkin meyvə ağaclarının qidalanmasına laqeyd yanaşırlar. Ən yaxşı halda həmin ağaclar vaxtaşırı budanırlar. Ona görə də bu ağacların verdiyi məhsul da göstərilmiş qulluğa uyğun olur.
Meyvə tumurcuqları payızda meydana gəldiyindən, onların sayı ağacın həmin dövrdə qidalanmasından çox asılı olur. Payız mövsümündə ağac və kol bitkiləri tərkibində yüksək miqdarda fosfor və kalium olan kompleks gübrələrə ehtiyac duyur.
Ağacların və giləmeyvə kollarının payız qidalanması üçün kompozisiya müstəqil olaraq seçilə bilər. Kül - kalium, kalsium, az miqdarda fosfor və müxtəlif mikroelementlərin üzvi mənbəyidir. Külü bir sıra mineral gübrələrlə yaxşılaşdırsanız, əla payız gübrəsini əldə etmək olar.
Ağacların əsas sorucu kökləri çətirin proyeksiyası boyunca yerləşdiyindən gübrələr gövdədən 80-90 sm məsafədə qazılmış arxlara tökülərək üstü torpaqla örtülməli, yaxud gövdənin ətrafında dayaz bir çuxur qazıb içinə gübrə səpib bol-bol sulamaq lazımdır.
Payız gübrələməsi zamanı superfosfat və kalium sulfat qarışığından istifadə olunmalıdır. Hər kvadrat metr sahəyə təxminən 40-50 q superfosfat və 10-15 q kalium sulfat qarışığı tətbiq edilə bilər. Yazda ağacların böyüməyə tez başlaması üçün bu qarışığa ammonium sulfat da əlavə etmək olar. Bunlarla yanaşı üzvi gübrələrin tətbiqi də diqqətdə saxlanılmalıdır.
Ağacların altında gövdəyə yaxın dairələr heç vaxt qazılmırsa və bağ çəməndirsə, nöqtəli gübrələmə tətbiq edilə bilər. Belə hallarda lomun köməyi ilə gövdənin diametri boyunca 10 yerdə təxminən 15-20 sm dərinlikdə çuxur açılır, Hər çuxura gübrə qarışığı tökülür.
Tinglərin seçilməsi
Bir çox meyvə ağaclarının meyvə verməsi dövri xarakterli olur. Beləki, bir il bol məhsul verən ağac növbəti ildə demək olar ki heç məhsul vermir. Bunu nəzərə alaraq təzə bağların salınması üçün ting seçimi edərkən aşağıdakıların diqqətə alınması tövsiyə olunur.
Adətən toxumdan çıxmış calaqaltıya peyvənd edilmiş ağacların meyvəverməsində dövrilik müşahidə olunur. Ancaq alma, armud və digər meyvə ağaclarının müasir qısaboylu, klon calaqaltılara peyvənd edilmiş tinglərindən istifadə olunması bu ağacların daha tez meyvəyə düşməsinə və hər il məhsul verməsinə imkan verir. Bu ağaclar yığcam çətirə malik olmaqla hündürlükləri 3-4 metrdən artıq olmur.
Ağaclarının budanması
Meyvə ağaclarının budanması payızda və ya yazda, şirə axını başlamazdan əvvəl həyata keçirilə bilər. Yazda bağda işlərin çox olmasını nəzərə alaraq hava şəraiti imkan verərsə budama işlərini payızda aparılması daha məqsədəuyğundur.
Budama, ağacın növündən və necə böyüdüyündən asılı olaraq bir qədər dəyişir. Alma və armud ağacları mərkəzi gövdə ətrafında düzgün çətir halına gətirilir, çəyirdəkli meyvələr üçün: - gavalı, albalı, ərik, mərkəzi gövdə saxlamadan şar formalı çətir yaratmaq daha yaxşıdır. Yetkin ağaclarda bütün qırılmış budaqlar kəsilməlidir və kəsilmiş yerlər 3%-li göydaş (mis kuporosu) məhlulu ilə dezinfeksiya edilməli və üzərinə bağ məlhəmi sürtülməlidir. Kəsik ətrafından çıxmış pöhrələr yay aylarında kəsilə bilər. Ancaq bu edilmədikdə, payızda onlar da kəsilməlidir. Çətirin daxilində əmələ gəlmiş budaqlar çətiri əhəmiyyətli dərəcədə sıxlaşdırdığından həmin budaqlar da kəsilməlidir. Yan tumurcuqlardan çıxan paralel budaqlar, həmçinin çarpaz budaqların da birinin kəsilməsi tövsiyə olunur. Çünki, ağac böyüdükcə budaqların diametri artır və bir-birinə sürtünmə nəticəsində qırılması qaçılmaz olur.
Bitki mühafizəsi tədbirləri
Nisbi sükunət dövrünə daxil olmuş bitkilərin kök, gövdə və zoğlarında, eləcə də torpağa tökülmüş bitki qalıqlarında sahib bitkiyə məxsus xəstəlik və zərərvericilərin qışlayan mərhələləri bitkilərin gələcək inkişafı və məhsuldarlığı üçün ciddi risk-təhdid mənbəyidir.
Bütün bunları nəzərə alaraq, bu təhdid mənbələrinin aradan qaldırılması üçün lazımı və ən uyğun olan – aqrotexniki, mexaniki və ya kimyəvi mübarizə üsullarından istifadə olunmalıdır. Burada aqrotexniki mübarizə üsulu xüsusi qeyd olunmalıdır.
Bu mübarizə tədbirlərinə, yerə tökülmüş infeksiya mənbəyi olan meyvələrin, yarpaqların, həmçinin bitki qalıqlarının sahədən kənarlaşdırılması, yaxud kompost hazırlanması üçün bir yerə yığılıb basdırılması, bitki diblərinin və cərgəaralarının dərin (25-30 sm) şumlanması, ağacların qurumuş budaqlardan, köhnə qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, gövdələrin əhənglə ağardılması və s. aiddir.
Havanın temperaturu çiləmə aparıması üçün optimal olduqda, xəstəliklərə qarşı profilaktiki tədbir olaraq 3%-li Bordo mayesi və ya digər mis tərkibli preparatlarla çiləmə aparılması tövsiyyə olunur. Bu xüsusən çəyirdəkli meyvələrə-gavalı, gilas, albalı, şaftalı və s. aid edilir. Tumlu meyvə bitkilərində-alma, armud, heyva və s. bu tədbirlər hava şəraitindən aslı olaraq tumurcuqlar açılana kimi aparıla bilər.
Son illər meyvə bağlarında karantin zərərvericilərə aid olan müxtəlif növ yastıcalar geniş yayılmışdır. Yastıcalar təhlükəli zərərvericilərdir, onunla mübarizə hər zaman çətin və uzun müddətlidir. Ağac və kollarda düzgün və vaxtında aparılmış fitosanitar tədbirlər, zərərvericinin 90%-ə qədər məhv edilməsinə səbəb olur.
Yastıcalarla ən səmərəli mübarizə qışda və erkən yazda, bitkilərin tumurcuqları açılana qədər olan dövrdə bu zərərvericilərin qışlayan fazalarını məhv etmək məqsədilə tərkibində insektisidlər olan mineral yağ emulsiyaları ilə meyvə ağaclarının çılpaq çətirinin çilənməsidir.
Bağlarda, həyətyanı sahələrdə payız-qış aylarında aqrotexniki tədbirlərin düzgün yerinə yetirilməsi xəstəlik və zərərvericilərə qarşı preventiv (qabaqlayıcı) tədbirlərin həyata keçirilməsi sağlam, keyfiyyətli və bol məhsulun yetişdirilməsinə zəmin yaratmış olur.
Şükür Əhmədov - Aqrar Xidmətlər Agentliyi, baş məsləhətçi,
biologiya elmləri üzrə fəlsəfə doktoru
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır