Qoyunların qırxılma və çimizdirilmə qaydalarına dair tövsiyələrə əməl edilməlidir
2022-06-06 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, baytarlıq-sanitariya qaydalarına uyğun olaraq yazda qoyunlar yaylaq şəraitinə keçirilməzdən əvvəl qırxılmalı, qoturluq və digər dəri xəstəliklərinə qarşı profilaktik tədbir məqsədilə çimizdirilməlidir. Heyvan sahibləri və heyvana baxanlar, xüsusilə çobanlar ilk növbədə zərif, yarımzərif və yarımqaba yunlu qoyunları otlağa keçirməzdən əvvəl onların quyruq hissəsi, ayaqlarının yanı, yelin ətrafı, ayaq və baş nahiyələrin qırxılmasına diqqət yetirməlidirlər. Heyvandan uzun yun almaq məqsədi ilə ildə bir dəfə (yayda) əsas qırxım aparılır. Qabayunlu qoyunlarla, zərifyunlu qoyunların mələzi ildə iki dəfə -yazda və payızda qırxılır. Zərif və yarımzərif yunlu qoyunlar bir yaşında da (yazda) qırxılır. Qabayunlu qoyunların quzuları doğulduğu mövsümdən asılı olaraq 1-2 dəfə, qışda doğulan quzular 5-6 aylığında, yazın axırında və ya yayda (avqustdan gec olmayaraq) qırxılır.
Yaz qırxımı iqlim şəraitindən asılı olaraq aprel ayından başlayaraq iyunun 15-nə, payız qırxımı isə sentyabrın 1-dən başlayaraq oktyabrın 1-nə qədər davam edir.
Romanov cinsli qoyunlar ildə üç dəfə yazda (mart, aprel ), yayda (iyul) və payızda (sentyabr ayının ikinci yarısı) qırxılır. Quzular isə 2 dəfə (5-6 aylıqda) yayda və payızda qırxılır. Payızda ətliyə verilən qoyunlar qırxılmamalıdır. Qırxım isti, küləksiz və quru havalarda xüsusi binalarda, çardaq altında və ya pəyədə təşkil edilməlidir. Qırxım yeri işıqlı və təmiz, həmçinin yerin döşəməsi taxtadan olmalıdır. Çox isti və soyuq binalarda qırxım aparılmasına yol verilməməlidir. Eləcə də çox çirklənmış qoyunlar qırxımdan bir həftə qabaq çimizdirlir. Qırxım yerində bir qoyuna 1 kvadratmetr sahə düşməlidir.
Qırxılacaq qoyun sürüsünə axşamdan su və yem verilməməlidir, çünki su və yem verilmiş qoyunları qırxarkən (ayaqlarını bağlayıb yerə yıxdıqda) onlarda mədə-bağırsağın peristaltikası pozulur, timpaniya baş verir. Bundan başqa, onlar məcburi nəcis və sidik ifraz edirlər ki, bu da yunun çirklənməsinə səbəb olur. Yağışdan və şehdən islanmış qoyunların yunu quruduqdan sonra qırxılır. Qırxımdan əvvəl sürü baytarlıq müayinəsindən keçirilməlidir. Qırxım zamanı əvvəlcə sağlam, sonra xəstə qoyunlar qırxılmalıdır. Xəstə (qotur, dəmrovlu və s. qoyunların qırxılması xüsusi ayrılmış qapalı yerlərdə aparılır. Belə qoyunların yunu ayrıca yığılır. Xəstə qoyunlar qırxıldıqdan sonra qırxım alətləri, döşəmə, paltar və s. avadanlıqlar dezinfeksiya edilməlidir. Qırxım qayçı ilə və ya elektromexaniki (maşın) üsullarla aparıla bilər. Maşınla qırxımın üstünlüyü çoxdur, çünki bu üsulda qırxım dərinin hər yerində bərabər gedir, yun daha uzun qırxılır, əmək məhsuldarlığı xeyli artır, yun az çirklənir və s. Qoyunlar qırxımdan sonra yoxlanır, onların bədənində olan kəsiklər dezinfeksiya edilir.
Respublikanın 12 rayonunda (Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəki, Şəmkir, Tovuz) müasir standartlara uyğun qırxım məntəqələri quraşdırılıb ki, burada da qoyunların təhlükəsiz qaydada qırxımı və çimizdirilməsi mütəxəssis nəzarəti altında həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi (AXA) fermerlərə həmin rayonlarda saxlanılan qoyunların yaylağa qaldırılmamışdan əvvəl qeyd olunan məntəqələrdə qırxılmasını və çimizdirilməsini tövsiyyə edir.
Qoyunun əvvəl sağ tərəfi-arxa və qabaq ayaqları, sonra isə qarın nahiyəsi, sağ tərəfdə qırxım qurtardıqdan sonra onu sol tərəfinə çevirərək qalan hissəsi, axırda baş və quyruq nahiyələri qırxılır. Son zamanlar Orenburq qırxım metodundan istifadə edilir. Bu metodla qırxımda qoyun bağlanmır, əlavə işçi qüvvəsinə ehtiyac olmur. Qırxım sürətlə aparılmalı və qısa vaxtda qurtarmalıdır. Qırxımdan sonra qoyunlar çardaqlara və binaya salınır, quzusu olan qoyunlar isə quzunun yanına salınır ki, quzu anasını tanısın. Qırxılmış sürü 10 gün binanın yaxınlığında otarılmalıdır ki, yağışlı və soyuq havalarda sürünü tez bir zamanda tövləyə salmaq mümkün olsun. Cənub rayonlarında qırxılmış sürü, qızmar günəş şüasından və yüksək temperaturdan qorunmalıdır. Eləcə də qırxım aparılan yer dezinfeksiya olunmalıdır.
Qeyd edək ki, qırxımdan sonra mütləq qaydada heyvanlar baytar həkiminin göstərişi əsasında xüsusi hazırlanmış məhlulda çimizdirilməli və kölgədə quruması təmin olunmalıdır. Heyvanların qırxım işləri təsərrüfat sahibinin hesabına aparılır.
AXA bildirir ki, qoyunlarda qırxım aparılan zaman heyvanlar arasında mədə-bağırsağın peristaltikası pozulur, timpaniya əmələ gəlir, bəzən isə ölüm halları baş verir. Bunu nəzərə alaraq heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda qırxım aparılan zaman baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməklə, tədbirdə baytar həkiminin iştirakı təmin edilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır