Bioloji mübarizə üsulu və üstünlükləri – fermerlərə məsləhət
2022-06-07 00:00:00
Bitki mühafizəsinin müasir konsepsiyası əsas zərərvericilərin populyasiyasının kompleks şəkildə idarə olunması prinsiplərinə əsaslanır. Burada məqsəd ayrı-ayrı zərərvericilərə qarşı mübarizə deyil, onların populyasiyalarının yol verilən hədd səviyyəsində davamlı saxlanılmasıdır. Təəssüf ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi üsuldan istifadə olunur. Kimyəvi üsul çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə kifayət qədər təhlükəsiz və çox perspektivli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının güclü inkişaf etdiyi ölkələrdə (ABŞ, Kanada, Avstraliya, Avropa İttifaqı ölkələri) zərərli orqanizmlərə qarşı mübarizədə bioloji mübarizə üsullarından geniş istifadə edilir və bu sahədə bioloji mübarizənin payı durmadan artırılır.
Bioloji mühafizənin mahiyyəti zərərli orqanizmlərə qarşı onların təbii düşmənlərindən və antaqonistlərindən [entomofaqlar və akarifaqlar (gənə ilə qidalanan həşəratlar), alaq otlarını yeyən fitofaqlar; alaq otlarının və bitki zərərvericilərinin xəstəliklərinə səbəb olan mikroorqanizmlər (bakteriyalar, göbələklər və s.) və viruslar] istifadə edilməsindən ibarətdir. Bütün canlılar kimi, zərərvericilər də xəstəliklərə həssasdırlar, yəni patogen orqanizmlər də onlara qarşı mübarizədə mühüm rola malikdir.
Bioloji mühafizə üsulunun əsas istiqamətləri
Faydalı faunanın qorunması
Bioloji mühafizə vasitələri, zərərvericilərin populyasiyasını tamamilə məhv etmək üçün deyil, yalnız vurulan zərəri minimuma endirmək üçün onun sıxlığını azaltmaq məqsədi daşıyır. Bu halda zərəvericinin iqtisadi zərərlilik səviyyəsinin həddindən artıq olmasının qarşısı tətbiq olunan agent tərəfindən alınmalıdır. Bioloji mühafizənin nəticəsi o halda uğurlu hesab edilir ki, zərərvericilərin populyasiyasının sıxlığının azaldılması və onun daha aşağı səviyyədə sabitləşdirilməsi mümkün olsun. Əkin, bağ, meşə və yaşıllıq sahələri çoxkomponentli formasiya olduğundan, kimyəvi mübarizə tədbirləri aparılan zaman orada məskunlaşan orqanizmlərin yalnız bir qrupuna təsir etmək mümkün deyildir. Bu səbəbdən istənilən ərazidə kimyəvi mübarizə tədbirləri aparılan zaman zərərli orqanizmlərlə yanaşı faydalı faunanın da məhv olması qaçılmaz olur.
Qeyd etmək lazımdır ki, hər hansı bir zərəvericinin bütün sahə boyu bərabər şəkildə paylanması mümkün deyildir. Bu baxımdan, kimyəvi mühafizə üsulundan istifadə zamanı, sahənin başdan-başa deyil zərərvericinin daha çox yayıldığı hissələrində, lokal ərazilərdə dərmanlamanın aparılması, çiləmə aparılmayan hissələrdə faydalı fauna nümayəndələrinin (zərəvericilərin üzərində parazitlik edənlər) populyasiyasının saxlanmasına və gələcəkdə çoxalaraq bütün sahəyə yayılmasına şərait yaratmış olur. Geniş spektrli pestisidlərdən tez-tez istifadə olunması da, zərərli orqanizmlərdən daha çox faydalı həşəratlara zərər vurmuş olur. Bunu nəzərə alaraq qeyd etməliyik ki, zərərvericilərə qarşı kimyəvi mübarizənin qaçılmaz olduğu hallarda selektiv (konkret bir zərərverici üçün təsirli olan) pestisidlərdən istifadə olunması da müəyyən qədər faydalı fauananın qorunmasını təmin etmiş olur. Bütün zərərvericilər zəhərlərə qarşı yüksək müqavimətə malikdir və hətta ən güclülərinə öyrəşirlər, bu da dozanın daim artırılması zərurətini yaradır və zaman keçdikcə kimyəvi preparatlar təsir etmək xüsusiyyətini tamamilə itirirlər. Həmçinin, kimyəvi maddələrin yüksək dozada və təkrar-təkrar istifadəsi təbii ki, istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə mənfi təsirini göstərmiş olur. Bu baxımdan, zərərli orqanizmlərə qarşı bioloji mühafizə vasitələrindən istifadənin əhəmiyyəti ön plana çıxmış olur.
Biopestisidlər
Dünyada bir çox elm mərkəzləri tərəfindən faydalı faunanın öyrənilməsi sahəsində tədqiqatlar aparılmış və onun nümayəndələrindən bitki zərərvericilərinə qarşı mübarizədə istifadə etmək imkanları qiymətləndirilmişdir. Faydalı həşəratların (entomofaqların) təbiətdəki rolu araşdırılmış, zərərvericilərin sayının tənzimlənməsi, parazitlərin yetişdirilməsi və onlardan tarla və istixana şəraitində istifadə üsulları işlənib hazırlanmışdır. Həmçinin, entomopatogen virusların, bakteriyaların və göbələklərin bioloji mübarizədə istifadəsinin fundamental prinsipləri işlənib hazırlanmış və son dövrlər bu orqanizmlər əsasında bioloji pestisidlərin istehsalına xüsusi önəm verilməkdədir.
Bioloji mühafizə vasitəsi kimi biopestisidlərdən istifadənin bir çox üstünlükləri vardır. Bunlara aşağıdakıları aid etmək olar:
Bütün bunlar nəzərə alınaraq, zərərvericilərə qarşı mübarizə zamanı bioloji vasitələrdən istifadə ən səmərəli üsul hesab edilir və bu səbəbdən mühüm bir komponent kimi inteqrir bitki mühafizəsi sisteminə daxil edilmişdir.
Ətraf mühit və insan sağlamlığının qorunmasının diqqətdə saxlanılması günün tələbi olduğundan bitki sağlamlığının qorunması zamanı bioloji mühafizə üsullarından istifadənin genişləndirilməsinin təbliğ və təşviq edilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır