Dezinfeksiya əhəmiyyətli mübarizə vasitəsidir-fermerlərə tövsiyə
2021-12-21 00:00:00
Heyvandarlıqda profilaktik tədbirlərin vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir. Bu işdə isə dezinfeksiyanın rolu böyükdür.
Heyvandarlıq obyektlərinin zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş dezifeksiya vasitələri müxtəlif maddələrdən hazırlanmış məhluldur. Hər bir dezinfeksiya maddələri isə müəyyən tələblərə cavab verməlidir. Belə ki, işlədiləcək maddə kifayət qədər bakteriosid (mikrobları öldürmək) xassəsinə malik olmalı, dezinfeksiya edilən əşyaları xarab etməməli, sularda yaxşı həll olmalı, ucuz və daşınması sərfəli olmalıdır.
Qeyd etmək lazımdır ki, istifadə ediləcək dezinfeksiya maddəsini seçmək üçün aşağıdakıları nəzərə almaq məqsədəuyğundur:
- xəstəliyin növü və onu əmələ gətirən amilin davamlılığı;
- dezinfeksiya ediləcək sahənin xüsusiyyəti-heyvandarlıq binası, onun ətraf sahəsi, torpaq, peyin, su mənbələri, heyvanlara qulluq məqsədilə istifadə edilən əşya və ləvazimatlar və s.;
- dezinfeksiya aparılacaq yerlərin sahəsi;
- dezinfeksiya maddəsinin daşınması və işlədilməsi imkanı;
- dezinfeksiya ediləcək materialların davamlılığı;
- dezinfeksiya vasitəsinin heyvanlara təsiri.
Dezinfeksiya maddəsinin mikroblara öldürücü təsir qüvvəsi və bu baxımdan zərərsizləşdirmənin effektliyi bir sıra səbəblərdən asılıdır. Bunlara əsasən mikrobların bioloji xüsusiyyəti, kimyəvi maddənin bakterisid xassəsi, mikrobların təmasda olduğu mühitin xususiyyəti, məhlulun işlədilmə hərarəti, qatılığı, miqdarı, onun təsir etmə müddəti və dezinfeksiyanın aparılma üsulları aiddirlər.
Mikroblar kultural, biokimyəvi və morfoloji quruluşuna görə olduqca müxtəlifdir. Hər bir mikrob mürəkkəb orqanizm olub tənəffüs, qidalanma, çoxalma, zülal və nuklein turşularının sintezi, lazım olmayan maddələrin ixracı və s. xüsuyyətinə malikdir. Adətən, onun quruluşunda divar, sitoplazmatik membran, sitoplazma və nukleoid hissələri vardır.
Sübut edilmişdir ki, bakteriyaların divarı 20000-ə qədər atmosfer təzyiqə davam gətirir, onların bəzi növlərində hüceyrə daxili osmotik təzyiq 15-20 atmosferə çatır.
Bir sıra mikroorqanizmlər öz inkişaf mərhələlərində spor əmələ gətirir ki, bu da onların xarici mühitdə yüksək davamlılığına səbəb olur.
Kənd təsərrüfatı heyvanların və quşların infeksion xəstəliklərinin törədiciləri kimyəvi dezinfeksiya maddələrinə davamlılığına görə 4 qrupa bölünür: az davamlılar, davamlılar, yüksək davamlılar və daha çox davamlılar.
Az davamlılar (1-ci qrup) mikroorqanizmlərə aşağıdakı xəstəliklərin amilləri aiddir: leykoz, bruselyoz, kolibakterioz, leptospiroz, pasterelyoz, salmonelyoz, tripanozomoz, qızıl yel, kampilobakterioz, toksoplazmoz, viruslu diareya, aqalaktiya və s.
Davamlı (2-ci qrup) mikroorqanizmlərə aşağıda adları göstərilən xəstəlikləri əmələ gətirən törədicilər daxildir: dabaq, çiçək, diplokokkoz, stafılokokkoz, streptokokkoz, quduzluq, nekrobakterioz, aspergilyoz, kandidomikoz, dəmrov, quşlarda infeksion bronxit, larinqotraxeit, taun və başqaları.
Yüksək davamlı (3-cü qrup) törədicilərə qaramal və quşlarda vərəm xəstəliyini əmələ gətirən mikroblar, həmçinin paratuberkulyozlu enterit amili aiddir.
Daha çox davamlı (4-cü qrup) mikroorqanizmlərə qarayara, quzuların dizenteriyası, çoşqaların enterotoksemiyası, emkar, koksidioz və s. xəstəliklərin törədiciləri daxildir.
Dezinfeksiyanın keyfiyyəti aparılacaq sahənin xüsusiyyətindən də çox asılıdır. Belə ki, dezinfeksiya aparılacaq sahədə olan müxtəlif üzvü maddələr və duzlar onun keyfiyyətinə təsir edir. Məsələn, torpaq, peyin və peyin şirəsində olan küllü miqdarda üzvü maddələr dezinfeksiya vasitəsi ilə mikrobların təmasda olmasına maneçilik törədir və dezinfeksiyanın keyfiyyətini aşağı salır. Elə buna görə də dezinfeksiyadan qabaq mexaniki təmizləmənin ciddi aparılması vacibdir.
Dezinfeksiyanın keyfıyyətli aparılması üçün işlədiləcək məhlulun hərarətinə də fikir vermək lazımdır. Məhlulun hərarəti aşağı olduqda onun dissosiyası azalır və mikrobla təması çətinləşir. Sübut edilmişdir ki, 0oC hərarətdə əksər dezinfeksiya vasitəsi öz xassəsini itirir, hərarətin 10oC-yə qədər yüksəldilməsi onun təsirini 2-3 dəfə artırır. Bu səbəbdən istifadə olunan dezinfeksiya məhlulları adətən 70-80oC qədər qızdırılıb işlədilməlidir. Bu zaman qələvi məhlullar daha fəal olurlar.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi təsərrüfatlarda dezinfeksiya məqsədilə DUK avtomaşının qızdırıcı sistemi istifadəsiz qalır və məhlul ancaq soyuq şəkildə çilənir. Təbii olaraq belə üsulla dezinfeksiya aparıldıqda lazımi nəticə əldə olunmur. Ona görə DUK qurğusunun qızdırıcı qazanından mütləq şəkildə istifadə edilməlidir.
Qeyd etmək lazımdır ki, xlor tərkibli maddələrin məhlullarını isə qızdırılmadan işlətmək məsləhətdir.
Dezinfeksiya aparan zaman məhlulun qatılığına nəzarət edilməli və bu barədə mövcud təlimata ciddi əməl olunmalıdır.
Dezinfeksiya prosesində işlədiləcək məhlulu miqdarına da diqqət yetirilməlidir. Bu baxımdan divar, tavan və döşəmənin hər bir kvadrat metr sahəsinə 1 litr miqdarında dezinfeksiya məhlulu işlədilir. Bəzən belə sahələrin hər bir kvadrat metrinə təlimata müvafiq olaraq 0,5 litr dezinfeksiya məhlulu da kifayət edir. Köhnə heyvandarlıq binaların zərərsizləşdirilməsi məqsədilə hər bir kvadrat metrə 2 litr, torpağın dezinfeksiyası üçün isə 5-10 litr və hətta, daha çox məhlul işlətmək lazım gəlir.
Dezinfeksiya aparılandan sonra nə qədər vaxt lazım olması işlədilən maddənin qatılığı və bakterisid xassəsindən asılıdır. Çalışmaq lazımdır ki, dezinfeksiyadan sonra tələb olunan vaxt az olsun. Xüsusilə qış dövründə, havalar soyuq olduqda dezinfeksiya müddəti qısaldılmalıdır ki, heyvanlar açıq havada az olsun. Dezinfeksiya etmə müddəti əksərən 30 dəqiqədən 3 saata qədər olur.
Dezinfeksiya işində məhlulun çilənmə üsulu da əsas şərtdir. Divar və tavanı zərərsizləşdirmək məqsədilə çalışmaq lazımdır ki, bütün sahələr məhlulla isladılsın. Bunun üçün isladılma və aerozol üsulları tətbiq edilir.
Hazırda profilaktik dezinfeksiya tədbirləri “Almerdehyde”, “Ektosan”, “Qan”, “Super killer”, “Blanidas” və ya 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və ya avtomatik səyyar çiləyiçilərlə səpilir.
Əgər yuxarıda qeyd edilən dezinfeksiya rejimlərinə və şərtlərinə ciddi əməl edilərsə, onda kənd təsərrüfatı heyvanlarının və ev quşlarının infeksion xəstəliklərinə qarşı mübarizə tədbirləri daha səmərəli olar.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, dezinfeksiya tədbirlər yalnız baytar həkiminin təyinatı (məhlulun qatılığının təyini və aparılan sahənin ölçüsünün müəyyən edilməsi və s.) və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır