Yağlı turp bitkisinin növbəli əkin sisteminə daxil edilməsinin üstünlükləri – mütəxəssis məsləhəti
2021-12-22 00:00:00
Uzun müddət ərzində elm adamları tərəfindən aparılan tədqiqat işləri kənd təsərrüfatı əkinlərinin alaq otlarından mühafizəsi və onların tam məhv edilməsi məqsədilə kompleks tədbirlərin işlənib hazırlanmasına yönlənmişdir. Lakin müasir mərhələdə elmi əkinçiliyin inkişaf etdiyi bir dövrdə əsas məqsəd alaq otlarının tamamilə məhv edilməsi deyil, onların aqrofitosenozlarda idarə olunmasından ibarətdir. Burada prioritet istiqamət kimi alaq otlarına tənzimləyici təsir edən bioloji və qeyri kimyəvi metodlardan istifadə əsas götürülür.
Aqrofitosenozların əsas komponentləri olaraq mədəni bitkilər və alaq otları vahid sistem təşkil edirlər. Burada alaq otları daha yaxşı inkişaf etməklə mədəni bitkilərin inkişafına əhəmiyyətli dərəcədə mane olurlar. Aqrosenozda alaq otlarının miqdarının ümumi aqrosenozun biokütləsinin 20%-i qədər olması iqtisadi ziyanlı hədd hesab olunur.
Əkinlərdə alaq otlarının mədəni bitkilərin inkişafına mane olmasının qarşısının alınması üçün mümkün olan bütün üsullardan istifadə olunmalıdır. Bu üsullara əkinlərin növbələşdirilməsi, əkin üsulu, əkin müddəti və toxumun əkilmə dərinliyinin düzgün müəyyənləşdirilməsi, cücərtilərin əmələ gəlməsinin sürətləndirilməsi tədbirləri, torpaq mühitinin reaksiyasının optimallaşdırılması, həmçinin qidalanma və inkişaf şəraitinin yaxşılaşdırılması aid edilir.
Əkinlərdə alaq otlarının yayılmasının qarşısının alınması, həmçinin torpaqda alaq otları toxumları ehtiyatının azaldılması məqsədilə növbəli əkin sistemində tezböyüyən aralıq bitkilərdən istifadə olunması səmərəli üsul kimi son dövrlər geniş şəkildə istifadə olunmaqdadır. Elmi tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, tezböyüyən bitkilər sürətli inkişaf sayəsində su, qida, istilik və işığın mənimsənilməsi sahəsində alaq otları ilə uğurlu rəqabət apardıqlarından onların inkişafını zəiflədir və ya tamamilə məhv olmasına şərait yaratmış olur.
Belə bitkilərdən biri də Yağlı turp (Raphanus raphanistrum L.var.oleifera Metzg.) bitkisidir. Yağlı turp kələmkimilər (Brassicaceae) fəsiləsinə aid olan birillik ot bitkisidir. Avropa və Rusiyada XIX əsrin axırlarından becərilir. Hazırda Rusiyada xüsusən də qeyri qara torpaq bölgələrdə perspektivli yem bitkisi hesab olunur. Həmçinin yaxşı bal verən bitkidir.
Müəyyən edilmişdir ki, torpaq nəmliyi normal olan şəraitdə Yağlı turp bitkisi əkindən 4-5 gün sonra cücərməyə başlamaqla əksər alaq otlarını 2-6 gün qabaqlayırlar. Sürətli inkişaf sayəsində artıq 30 gündən sonra mümkün yaşıl kütlə məhsulunun 28-35%-ini, 50-55 gündən sonra isə maksimal kütləsini yığa bilir. Bunun nəticəsi olaraq o, torpaqda olan qida maddələri və suyun əhəmiyyətli hissəsini mənimsəməklə, həmçinin kölgələnmə yaratdığından günəş şüalarının aşağı yaruslara çatmasını əngəlləməklə alaqların inkişafını ləngitmiş olur. Yağlı turp bitkisi əkinlərində yaşıl kütlə məhsulu artıqca həmin sahələrdə alaqların miqdarı azalmış və inkişafı zəifləmiş olur. Bu şəraitdə alaq otlarında toxuməmələgətirmə qabiliyyəti də əsasən itirilmiş olur.
Növbəli əkin sistemində aralıq bitki kimi Yağlı turp bitkisindən istifadə olunmasının bir sıra digər üstünlükləri də vardır. Bunlara aşağıdakıları aid etmək olar:
- bitkinin bütün hissələrində xarakterik iyə malik efir yağlarının olması torpaqda olan zərərvericilərin –nematodların, məftil qurdlarının çoxalmasının və göbələk xəstəliklərinin inkişafının qarşısını alır;
- torpaqda yağış qurdlarının və faydalı mikroorqanizmlərin sayının artmasına şərait yaranır;
- siderat kimi torpağın humusunu artırır;
- ağır və gilli torpaqlarda becərilməsi mümkündür;
- soyuğa, quraqlığa və yüksək nəmliyə dözümlüdür;
- torpağı su və külək eroziyasından qoruyur;
- stabil məhsul verir.
Sortundan asılı olaraq bitkinin boyu 1,2-2,0 metr arasında dəyişir. Kökləri milşəkillidir və torpağın 0,8-1,0 m dərinliyinə işləyə bilir. İnkişaf etmiş güclü kök sistemi və köklərin torpağın dərinliyə işləməsi torpağın dərin qatlarında olan qida maddələrinin torpağın üst qatına çıxarılmasına, münbitliyinin artmasına şərait yaradır ki, bu da bitkinin siderat kimi əhəmiyyətini artırmış olur. Vegetasiya müddəti 90-100 gün arasında dəyişir. 50-60 gün ərzində 30,0-40,0 ton və daha çox yaşıl kütlə verə bilir. Bu xüsusiyyəti onun tez yığılan bitkilərdən sonra ikinci məhsul almaq üçün təkrar əkilməsinə imkan verir. Bioloji olaraq regenerasiya xüsusiyyətinə malikdir. Qönçələmə-çiçəkləmə fazasında biçildikdə təkrar böyüməsi yaxşı gedir və optimal becərmə şəraitində 3 dəfə biçin aparmaq mümkün olur. Yaşıl kütləsindən yaşıl yem və silos kimi istifadə edilir. Tərkibində zülal çox olduğu üçün (25-26%) silos hazırlanarkən digər bitkilərlə qarışdırılmalıdır.
Qidalılıq dəyəri yüksəkdir. Bir yem vahidində həzmolunan proteinin miqdarı 170-200 qram (zootexniki norma 105-115 q) təşkil edir. Yaş kütləsinin qidalılıq keyfiyyəti yonca və xaşaya yaxındır. Heyvandarlıq müəssisələrini yaşıl yemlə təmin edilməsi məqsədilə konveyer üsulu ilə yem istehsalında əvəzolunmaz bitki hesab olunur.
Qeyd olunan keyfiyyətlərini (əvəzolunmaz yem bitkisi, yaxşı siderat, alaq otları və digər zərərli orqanizmlərə qarşı təbii mühafizə vasitəsi və s.) nəzərə alaraq Yağlı turp bitkisinin kənd təsəsrrüfatı məhsulu istehsalçıları tərəfindən növbəli əkin sisteminə daxil edilməsi tövsiyə olunur. Həmçinin işğaldan azad olunmuş rayonların ərazilərində əkin sahələrinin uzun müddət istifadə olunmaması səbəbindən alaq otları və digər zərərli orqanizmlərlə sirayətləndiyini nəzərə alaraq, bu ərazilərdə əkin strukturuna daxil ediləcək suvarılan torpaqlarda ilkin olaraq Yağlı turp bitkisinin əkilməsi məqsədəuyğun olardı.
Şükür Əhmədov, Aqrar Xidmətlər Agentliyi, baş məsləhətçi,
biologiya elmləri üzrə fəlsəfə doktoru.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır