Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri həyata keçirilir
2021-03-14 00:00:00
Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən cari ilin məhsulu üçün taxıl əkinlərində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Belə ki, ötən ilin sentyabr ayından bu günədək Respublika ərazisində siçanabənzər gəmiriçilərə qarşı ümumilikdə, 425622 hektar ərazidə müşahidələr aparılıb, mütəxəssislərin məsləhət və tövsiyələri əsasında 187174 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilib. Eyni zamanda taxıl böcəyinə qarşı 42489 hektar ərazidə müşahidələr aparılıb, 17504 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilib. Taxıl sahələrində alaq otlarına qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin aparılması yüksək və keyfiyyətli məhsul istehsalına zəmin yaradır. Belə ki, alaq otlarına qarşı 64704,74 hektar sahədə müşahidələr aparılıb və 6421,2 hektar sirayətlənmiş sahədə mübarizə tədbirləri həyata keçirilib.
Bitkilərin çıxışından öncə turpəng, yabanı vələmir, qanqal, yabanı turp və.s kimi alaqlara qarşı pendi-metalin (2,3-6,0 l\ha)və ya promethrin (1.5-3 l/ha) tərkibli təsiredici maddəli herbisidlərdən istifadə olunmalı, bitkilərin inkişaf dövründə eyni alaqlara qarşı dikamba + xlorsulfuron (0,14-0,2 l/ha), triasulfuron (180 qr/ha), birillik taxıl fəsiləsinə aid olan alaq otlarına qarşı isə fenoxaprop-p-ethyl (04,-1,0 l\ha) təsiredici maddəli herbisidlər tətbiq edilməli, yabanı vələmirə və tülküquyruğuna qarşı təsiredici maddəsi pinoxaden (1,0 l/ha) olan preparatdan istifadə olunması tövsiyə olunur.
Bildiririk ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların yayılma arealını müəyyən etməklə aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25oC-dir. Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, suvarılan əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır. Zərərvericinin sıxlığı iqtisadi ziyanlı həddə çatarsa kimyəvi mübarizə üsulundan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən Sink-fosfid preparatı tətbiq olunur.
Taxıl böcəyinin sürfələri əkin sahələrinə həm payızda, həm də yazda ziyan vurur. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır. Sürfələr müsbət 1°C-də inkişaf edə və qidalana bilir. Sürfələr bitkinin yarpaqları, yetkin böcəklər isə “sütül” dənləri ilə qidalanırlar. Bir böcək imagianal həyatı dövründə 40-60, orta hesabla 55 dən yeyə bilir. Mübarizə tədbirləri aparılmazsa məhsul itkisi 20-30%, hətta 70-80%-ə çata bilər.
Bu zərərvericiyə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə payızda bitkilərin kollanması dövrünə qədər 1m2-də sürfələrin sayı 1-2 ədəd, yazda bitkilərin boyatma dövründə isə 3-4 ədəd olarsa təsiredici maddəsi imidokloprid 150q/l+lambda siqalotrin 50q/l olan preparatlardan (0.08-0.1 l/ha) və ya təsiredici maddəsi deltametrin 25q/l olan preparatlardan (0.25 l/ha) istifadə etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.
Fermerlərə zərərli orqanizmilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə zərərvericilərin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.
Respublikanın payızlıq taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda Agentliyin yerli qurumları tərəfindən fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır