Qırmızıdöş zəlicəyə (Oulema melanopus) qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
2022-05-24 00:00:00
Qırmızıdöş zəlicəyə (Oulema melanopus) qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
Qırmızıdöş zəlicə yarpaqyeyən böcəklər fəsiləsinə aid olub dənli bitkilərin əsas zərərvericilərindən biridir. Oliqofaq növdür. Demək olar ki bütün yabanı və mədəni dənli bitkilərlə qidalanır. Daha çox bərk buğda, darı, qarğıdalı, yulaf və arpaya zərər verir.
Qərbi Avropa və Şimali Afrikada ən çox yayılmış zərərvericilər.
Təsviri
Zərərvericilərin rəngi yaşılımtıl-mavi, uzunluğu 4-5 mm arasında dəyişir, ona görə də əkinlərdə az sayda böcəyi görmək çətindir. Zərərvericinin ayaqları sarımtıl-qırmızı, bığcıqları və ayaqucları isə qara rəngdədir.
Dişilər qanadüstlüyündə geniş və düz boşluqların olması ilə erkəklərdən fərqlənirlər.
Çoxalması və həyat tərzi
Böcəklər zəncir şəklində yumurta qoyaraq çoxalırlar. Adətən, dişilərin nəsil artırmaq üçün yumurtaqoyması bir aydan çox vaxt aparır.
Bu müddət ərzində o, 120 -300 arasında yumurta qoyur. Yumurtaqoyma prosesi havanın temperaturu 10 dərəcədən yuxarı olduqda baş verir. Yumurtalar əvvəlcə yarpaqların üzərinə qoyulur, 14 gündən sonra isə artıq sürfələr görünürlər.
İlk 3 həftə ərzində sürfələr yarpaqların şirəsi və epidermisi ilə qidalanır və sonra torpağın altına 2-3 sm dərinliyə gedirlər. Burada pupların inkişafı baş verir. Bu, təxminən 14 gün davam edir. Bundan sonra gənc nəsil böcəklər bitkilərin üzərinə qayıdırlar və yenidən qidalanmağa başlayırlar və soyuqlar düşənə kimi bu davam edir.
Böcəklər yetkin formada torpağın 2-5 sm dərinliyində qışlayır və yazın başlaması ilə yenidən səthə çıxırlar. İl ərzində yalnız bir nəsil verir.
Zərəri
Böcəklər əsasən yarpaqlarla qidalanırlar. Onlar epidermisi yeyirlər, lakin damarlara toxunmurlar. Zədələnmiş yarpaqlar əvvəlcə quruyur, sonra tutqun ağımtıl rəng alırlar.
Böcəklər, vegetasiyanın əvvəlində bitkinin kök sisteminin qidalanmasında mühüm rol oynayan ilk aşağı yarpaqlarını (flaq yarpaqları) zədələdiyi halda bitkiyə daha çox zərər vermiş olur.
Yağıntıların olmaması və ya zəif suvarma səbəbindən əkinlərdə torpaq nəmliyi çatışmırsa, böcəklər tərəfindən yarpaqlara zərər verdikdən sonra bitkinin özünübərpası çətinləşir.
Sahədə zərərvericilərin sayının çox olması dənin çəkisinin azalması və məhsuldarlığın 50% -ə qədər aşağı düşməsi təhlükəsini yaradır.
Mübarizə tədbirləri
Aqrotexniki
Zərəverici ilə sirayətlənmiş ərazilərin üzlənməsi və qara herik şəklində dincə qoyulması
Əkin əvvəlcədən işlənərək hazırlanmış sahələrdə aparılmalı
Əkinlər sirayətlənmiş ərazilərdən kənarda aparılmalı
Tezyetişən sortlara üstünlük verilməli
Kimyəvi
Kimyəvi preparatların istifadəsi, yalnız böcəklərin sayı iqtisadi ziyanlı həddən (İZH) artıq olduqda məsləhət görülür: Buğda əkinlərində İZH 1 kv.m-ə 10-15 fərd, yulafda isə 40-50 fərd hesab olunur.
Kimyəvi mübarizə zamanı təsiredici maddəsi Deltametrin 100qr/l (0,05 l/ha), (Lyamda- cyhalotrin 50qr/l (0,15 l/ha), Dimethoate 400qr/l (1,0 l/ha), Alfa-cypermetrin 100qr/l (0,1 l/ha), Lyamda- cyhalotrin 106 qr/l = Thiamethoxam 141 qr/l (0,5 l/ha), Cypermetrin 250 qr/l (0,2 l/ha) olan preparatların biri ilə çiləmə aparılmalıdır.
Zərərverici tərəfindən istifadə olunan preparata qarşı dözümlülük (rezistentlik) yaranmasın deyə bitkinin vegetasiyası dövründə preparatların növbələşdirilməsi tövsiyə olunur. Sahənin təkrar işlənməsi ehtiyacı yalnız yarpaqda 1-dən çox sürfə olduqda yaranır.
Sahənin dərmanlanması zamanı aşağıdakı qaydalara əməl olunmalıdır:
Çiləmə, zərərvericilərin ən həssas olduğu erkən yazda həyata keçirilməli;
Çiləmə yalnız axşam saatlarında aparılmalı;
Çiləmə quru və sakit (küləksiz) havada aparılmalıdır.
Qırmızıdöş zəlicə böcəyinin əkin sahələrində yayılmasının və vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə taxılıın becərilməsi zamanı aqrotexniki qaydalara düzgün əməl edilməli və zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə mübarizə tədbirlərinə dair müvafiq məsləhət və tövsiyələrin alınması üçün Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzlərinə müraciət edilməsi tövsiyə olunur.
Baş məsləhətçi,
biologiya elmləri üzrə fəlsəfə doktoru
Şükür Əhmədov
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır