Kolorado kartof böcəyinə qarşı mübarizə tədbirləri- fermerlərə tövsiyə
2022-05-31 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının apardıqları müşahidələrin nəticələrinə görə kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında daha geniş yayılmışdır. Zərərvericiyə kartof becərilən digər rayonlarda da təsadüf olunmaqla əkinlərə ciddi ziyan vurur.
Kolorado kartof böcəyi quş üzümü fəsiləsinə mənsub olan kartof, tütün, pomidor, bibər, badımcan və digər mədəni bitkilərlə qidalanmaqla bərabər, eyni zamanda bənənotu, xamotu, dəlibəng, quşüzümü və sair yabanı bitkilərlə də qidalanır. Zərərverici günün bütün vaxtlarında, dişi fərdlər isə gecə vaxtlarında daha çox qidalanır. Zərərverici bitkilərin qönçələmə, çiçəkləmə vaxtlarında daha çox ziyan vurur.
İqlim və torpaq şəraitindən asılı olaraq, zərərvericinin axırıncı nəsil böcəkləri torpağın 18-70 sm dərinliyində qışlayırlar. Yazda temperatur 14-15 dərəcəyə çatdıqda onlar torpaq üzərinə çıxır. Respublikamızda bu hal təqribən aprel ayının ortaları, may ayının əvvəllərində müşahidə olunur. Ayrı-ayrı fərdlərin torpağı tərk etməsi may ayının sonlarına qədər davam edir. Yağışlı və sərin vaxtlarda böcəklərin qış yuxusundan ayılması və torpaq üzərinə çıxması nisbətən uzanır. Böcəklər bir aya qədər qidalanmadan yaşaya bilərlər.
Təbiətdə kolorado kartof böcəyinin artıb çoxalmasının qarşısını bir sıra faydalı həşəratlar, gənələr, hörümçəklər və s. canlılar alır. Yırtıcı karabid böcəklərindən gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. sahələrdə zərərvericinin yumurta, sürfə, pup və hətta yenicə əmələ gəlmiş böcəkləri ilə qidalanır.
Mübarizə tədbirləri:
Kolorado kartof böcəyinin yayılmasının qarşısını almaq və onu məhv etmək məqsədilə mübarizə tədbirləri sistemi həyata keçirilməlidir:
zərərvericiyə yoluxan zonalardan əkin və ərzaq məqsədilə kartof yumrularının daşınması qadağandır;
daxili karantin sertifikatı olmadan karantin qoyulmuş zonadan kolorado kartof böcəyindən azad zonaya kartofun ərzaq məhsulu kimi gətirilməsi, bazarlarda və digər iaşə obyektlərində satışı qadağan olunmalıdır. Respublikamızda kartofun bir rayondan digərinə göndərilməsi daxili karantin fitosanitar sertifikatı əsasında həyata keçirilməlidir;
məhsul yığıldıqdan sonra sahədə kultivasiya aparılaraq, torpağın üst qatına düşən yumrular toplanmalıdır. Bu tədbir sahələrdə lazımsız kartof kollarının əmələ gəlməsinin qarşısını almaqla böcəklərin yem ehtiyatını azaldır;
kartof kollarının zərərvericiyə qarşı davamlılığını artırmaq məqsədilə sahələr vaxtında gübrələnməli, yumşaldılmalı və bitkilərin dibi yaxşı doldurulmalıdır. Dibdoldurma eyni zamanda zərərvericinin aşağı yaruslarda qoyduğu yumurtalarının, torpaqdakı puplarının və əlverişsiz şərait nəticəsində gizlənən böcəklərinin məhvinə səbəb olur;
məhsul yığımından 7-10 gün əvvəl kartof kolları biçilib sahədən çıxarılmalıdır. Bu tədbir qışlamaya hazırlaşan böcəklərin qidadan məhrum olmasına və müəyyən hissəsinin məhv olmasına şərait yaradır;
zərərvericinin torpaqda qışlayan yetkin böcəklərini məhv etmək məqsədilə quşüzümü fəsiləsinə mənsub olan bitkilər altından çıxan sahələrdə payız-qış dövründə dərin şum aparılmalıdır;
zərərvericinin fərdi təsərrüfatlarda azalmasında bitkilər üzərində görünən yumurtaların əl ilə əzilməsi, sürfə və böcəklərin isə toplanıb içərisində ağ neft və ya formalin olan qablara tökülməsi böyük əhəmiyyət kəsb edir. Bu mexaniki tədbir quşüzümü fəsiləsinə mənsub olan alaq otları (xamotu, bənəkotu, dəlibəng, quşüzümü və s.) üzərində də aparılmalıdır;
kimyəvi mübarizədə istifadə olunan preparatların əksəriyyəti günün qızmar vaxtlarında yaxşı nəticə verir, çünki zərərvericinin istər sürfələri, istərsə də yetkin fərdləri həmin vaxt bitkilərin orta və yuxarı yaruslarına daha çox toplaşır və intensiv qidalanır;
zərərvericiyə qarşı aşağıdakı pestisidlərin birindən istifadə olunması məsləhət görülür:
bioloji mübarizədə, biopestisidlər: Aversektin–C (Fitoverm), Bacillus Thuringiensis (Bitokcibasillin) tərkibli;
kimyəvi mübarizədə: Thiametoksam, Asetamiprid, İmidakloprid, Lyambda-çiqalotrin tərkibli preparatlardan istifadə olunması tövsiyə olunur. Mübarizənin I və II yaşlı sürfələrə qarşı aparılması daha səmərəlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır