Anbar zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
2022-12-06 00:00:00
Məhsul saxlanılan anbarlarda müşahidə edilən zərəvericilərə qarşı vaxtında müvafiq mübarizə tədbirlərinin aparılmaması kifayət qədər məhsul itkisinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Bu baxımdan məhsul saxlanılan anbarlarda zərərli orqanizmlərə qarşı düzgün müalicə üsulunun seçilməsi və vaxtında mübarizə tədbirlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Taxıl anbarlarında müşahidə edilən və saxlanılan məhsula ən çox ziyan vura bilən zərərvericilərdən - Un gənəsi (Acarus siro), Anbar uzunburnu (Caulophilus latinasus (Say)), Dənyeyən (Rhyzopertha domonika) (Zernovoy toçilşik), Taxıl güvəsi (Sitotroga cerealella) və gəmiriciləri (adi siçan, siçovul, çöl siçanı) göstərmək olar.
Un gənəsi təbii şəraitdə müxtəlif bitki qalıqlarında yaşayır, təzə yığılmış taxıl ilə taxıl anbarına daxil ola bilirlər. Dənli, yağlı və paxlalı bitkilərin dənlərinə zərər vura bilir. Dənin rüşeymi və rüşeymətrafı endospermlə qidalandığından toxumluq dən üçün daha çox təhlükə yaradır. Dənin nəmliyinin yüksək olduğu hallarda daha çox ziyan vurur. Gənələrin aktivliyi nəticəsində məhsulun kütləsi azalır və keyfiyyəti aşağı düşür ki, bu da məhsulun qida və heyvan yemi kimi istifadəyə yararsız hala düşməsinə səbəb olur.
Anbar uzunburnu müxtəlif dənlərə və onların emal məhsullarına zərər vurur. Bir dişi fərd yaşadığı müddət ərzində hər dənin üzərinə bir ədəd olmaqla 50-300 ədəd yumurta qoya bilir. Dənin daxilində inkişaf edən sürfələri dənin endospermi ilə qidalanırlar. Adətən işıqdan qaçırlar və dən kütləsinin üst qatının bir metr hissəsində toplanırlar. Dənlərin zədələməsi nəticəsində dən öz çəkisinin 32%-ni itirir və keyfiyyəti aşağı düşür. Endospermi yeməsi səbəbindən dəndə zülalın miqdarı iki dəfə və daha çox aşağı düşür. Zədələnmiş dənlər məhsul kütləsində daxildən istilənməyə (qızışmaya) və məhsulun çürüməsinə səbəb olur.
Dənyeyən dənləri bütünlüklə zədələyə bilir. Bir fərd öz çəkisi qədər dəni məhv edə bilir. 550-600 ədədə qədər yumurta qoya bilir. Kütləvi artımı zamanı məhsul kütləsini tamamilə məhv edə bilər.
Taxıl güvəsinin dişi fərdi 150-yə qədər yumurta qoya bilir. Sürfələri daxildən dənin endospermi ilə qidalanırlar. Anbarda dən kütləsinin üst qatının 20 sm hissəsini zədələyir və həmin hissədə məhsulun daxildən istilənməsi (qızışması) və çürüməsi baş verir. Vaxtında mübarizə aparılmadığı halda anbarda saxlanılan dən məhsulunun 40%-ni məhv edə bilir.
Anbarda məhsulun zərərli orqanizmlərlə yoluxması müxtəlif yollarla baş verə bilər.
Zərərvericilər həm məhsulda, həm də anbarda ola bilər. Həşərat və gənələr gəmiricilər və quşlar vasitəsilə, həmçinin zərərli orqanizmlər olan digər anbarlardan gətirilmiş taralar, inventar və avadanlıqların üzərində anbara daxil ola bilərlər.
Həşəratlar və gənəyə qarşı profilaktik mübarizə tədbirləri kimi aşağıdakıları göstərmək olar:
Anbarın təmir olunması, avadanlıqların və binanın təmizlənməsi;
Anbarətrafı ərazinin alaq otlarından təmizlənməsi;
Saxlanmadan öncə taxılın qarışıqlardan və qırılmış dənlərdən təmizlənməsi;
Dən məhsulunun qurudulması və soyudulması.
Məhsulun zərərli orqanizmlərdən qorunmasında məhvedici dezinseksiya tədbirlərinin mühüm rolu vardır.
Dezinseksiya tədbirləri aşağıdakı üsullarla həyata keçirilə bilər:
Mexaniki üsul – binalarda, anbarlarda müntəzəm olaraq təmizlik işlərinin aparılması, yığışdırılması, yuyulması;
Fiziki üsul – bu metodda yüksək temperaturun verilməsi, isti par, ultrabənövşəyi şüalandırma və açıq oddan istifadə olunur;
Bioloji üsul – həşəratların bioloji düşmənlərindən məsələn quşlardan istifadə olunması;
Kimyəvi üsul – kimyəvi maddələrdən istifadə etməklə zərərli həşəratların məhv edilməsi və ya onların yaşaması üçün əlverişsiz mühitin yaradılması.
Anbarların dezinseksiyaya hazırlanması və kimyəvi məhvedici tədbirlər:
Dezinseksiyadan öncə anbarda qalan ehtiyat məhsul anbardan çıxarılmalı;
Anbar və anbarətrafı ərazi mexaniki təmizlənməli;
Lazımsız əşyalar (kisələr, işçi geyimləri və s.) anbardan kənarlaşdırılmalı;
Məhvedici dezinseksiya tədbirlərinə aiddir:
Fumiqasiya - alminium və maqnezium fosfid əsaslı fosfin qazı ilə işləmə
Aerozolla işləmə - Pestisid aerozol generatorları vasitəsilə çilənir. Generator zəhərli duman yaradır və ventilyator vasitəsilə yayılır.
Nəm işləmə - mühərrikli çiləyicilərlə pestisidlərin sulu məhlulunun çilənməsi. Bu metoddan hermetik olmayan anbarların, xarici divarlarının və ətraf ərazilərin zərərsizləşdirilməsi məqsədilə istifadə olunur.
Deratizasiya tədbirləri
Deratizasiya siçanabənzər gəmiricilərin məhv edilməsi tədbirləridir.
Deratizasiyanın növləri:
Profilaktik deratizasiya – gəmiricilərin yayılması üçün əlverişli şəraitin aradan qaldırılması (məs. Gəmiricilərin daxil olma yollarının qapadılması, qidaya çıxışının qarşısının alınması və s.)
Məhvedici deratizasiya –gəmiricilərin artıq müşahidə edildiyi hallarda onların müxtəlif yollarla məhv edilməsini nəzərdə tutur.
Məhvedici deratizasiyanın üsulları:
Mexaniki üsul – müxtəlif tələ və tutucuların quraşdırılması;
Kimyəvi üsul - zəhərli maddələrlə (rodentisitlərlə) işlənmiş aldadıcı yemlərdən istifadə olunması;
Bioloji üsul – gəmiricilərilə qidalanan ev heyvanlarından istifadə olunması (bu üsuldan müəssisələrdə istifadə qadağandır)
Qaz üsulu – bu üsuldan əsasən çöl şəraitində və böyük olmayan qapalı sahələrdə (gəmilərdə, qatarlarda, təyyarələrdə) istifadə olunur.
Məhsul saxlanılan anbarlarda zərərvericilərəi qarşı yüksək keyfiyyətli mübarizə tədbirlərinin aparılması üçün Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət olunması tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır