Karbamid gübrəsini necə düzgün istifadə etməli? - FERMERLƏRƏ TÖVSİYƏ
2023-02-13 00:00:00
Payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam edir. Hazırda təsərrüfatlarda taxıl sahələrinə yemləmə gübrələrinin verilməsinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə birlikdə payızlıq əkinlərdə yemləmə gübrəsindən düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinə başlayıb. Maarifləndirmə prosesində ölkəmizdə yemləmə gübrəsi kimi daha çox tətbiq olunan karbamid gübrəsindən düzgün istifadə qaydaları izah edilir.
Karbamid dünyada mövcud olan azotlu gübrələrin içərisində ən geniş istifadə olunan gübrədir. Ağ rəngdə olan bu gübrə suda asanlıqla həll oluna bilir. Tərkibində təsiredici maddə hesabı ilə 46%-ə qədər azot elementi olan karbamid gübrəsi hiqroskopik olmaqla havada olan nəmliyi sürətlə özünə çəkmək qabiliyyətinə malikdir.
Adətən karbamid gübrəsi taxıl sahələrində yemləmə gübrəsi kimi istifadə edilir. Amma gübrə torpağın səthində qalarsa, parçalanaraq buxarlanır və nəticədə itkiyə səbəb olur. Ona görə də karbamid gübrəsindən istifadə edərkən fermerlər bir neçə məsələni diqqətdə saxlamalıdırlar.
Bundan başqa karbamid gübrəsi torpağın normal nəmlik və temperatur +150C-dən yuxarı olduqda bakteriyaların köməyi ilə kimyəvi çevrilmələrə uğrayaraq ammonium və nitrat ionları formasında bitkilərin kökləri tərəfindən mənimsənilir.
Torpaqda ilkin yazda temperatur aşağı olur ki, bu dövr taxıl bitkilərinin azota ən çox ehtiyac duyduqları (kollanma və boruya çıxma fazaları) dövrdür. Bu həm bitkilərin xarici mühit amillərinə qarşı müqavimətini azaldır, həm kollanma əmsalını aşağı salır və nəticədə bitkinin ümumi inkişafını ləngidir. Buna görə də karbamid gübrəsinin tətbiqi zamanı ümumi tövsiyə olunan azot dozasının 20-30 faizinin ammonium nitratla əvəzlənməsi məqsədəuyğundur. Belə ki, bitkinin inkişafının ilkin mərhələlərində bu gübrənin tərkibində olan ammonium və nitrat ionları bitkinin qidalanmasını təmin edir və bitkilər yuxarıda qeyd olunan azot çatışmazlığını hiss etmir.
Bu gübrə torpaq reaksiyasının turşuluğunu artırır. Buna görə də bu gübrə turş olmayan torpaqlar üçün məsləhət görülür.
Bundan əlavə karbamid gübrəsi suda həll edilərək, kökdənkənar yemləmə gübrəsi kimi də tətbiq edilə bilər. Bu tətbiq üçün ən effektiv konsentrasiya 10 %-li karbamid məhlulu hazırlamaqdır. Kökdənkənar yemləmə gübrəsi məhsuldarlığın və dənin keyfiyyət göstəricilərinin yüksəlməsi ilə yanaşı, eyni zamanda qələvi mühit yaradır ki, bu da göbələklərin inkişafını ləngidməklə funqisid təsirə malikdir.
Qeyd edək ki, karbamid gübrəsi asanlıqla parçalana bilir. Bu baxımdan karbamid kisələrinin günəş düşən nəmli yerdə saxlanılması tövsiyə edilmir. Karbamid gübrəsindən istifadə edərkən dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq lazımdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır