Kartof gövdə nematodu və ona qarşı mübarizə tədbirləri
2023-04-18 00:00:00
Kartof gövdə nematoduna (Ditylenchiis destructor Thorne) kartof becərilən bütün bölgələrdə rast gəlmək olar. 2022-ci ildən Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına daxil edilmişdir. Polifaq zərərvericidir və kartofla yanaşı bir çox bitkilərə (yerkökü, pomidor, balqabaq, şəkər çuğunduru, yonca, buğda, dekorativ bitkilər və s.) zərər vurur. Yüksək zərərvurma xüsusiyyətinə malik zərərvericidir. Dəyirmi qurdlar tipinə aiddir və ölçüləri (0,75-1,44 mm) həddən artıq kiçik olduğundan adi gözlə çətinliklə görmək olur. Nematodun yayılmasının əsas mənbəyi yoluxmuş əkin materialı hesab olunur. Zərərverici, həmçinin bitki qalıqlarında, torpaqda, alaq otlarında və torpaqda qalmış kök yumrularında da saxlanaraq yoluxmaya səbəb olur. Kartof, nematoda əsasən vegetasiya dövründə torpaqda yoluxur. Yeni kartof yumrularının vegetasiya zamanı yoluxması, torpaqda mövcud olan sirayətlənmiş ana yumrudan başlanğıc alır. Belə ki, kartof yumrularının formalaşdığı dövrdə nematod bitkinin gövdəsinin yeraltı hissəsi (stolona) vasitəsilə, həmçinin digər zərərvericilər tərəfindən zədələnmiş hissələrindən də yeni yaranmış kartof yumrularına daxil ola bilir. İnkişafının istənilən mərhələsində (yumurta, sürfə, imaqo) sahib bitkini yoluxdura bilir. Yağıntının çox olduğu illər, zərərvericinin inkişafı və yayılması üçün əlverişli hesab olunur. İnkişafı üçün optimal temperatur +20-250C-dir. Bir nəslin inkişaf dövrü, temperaturdan asılı olaraq 20-45 gün arasında dəyişir. İqlim şəraitindən asılı olaraq ildə bir neçə nəsil verə bilir. Parazitin zərərli təsirindən kartof istehsalının əmtəəlik səviyyəsi 30-40%, bəzən isə 70-80%-ə qədər aşağı düşə bilir.
Simtomları:
Nematod, qida maddələrinin torpaqdan bitkinin köklərinə keçməsinə maneçilik yaratdığından bitkinin inkişafdan qalmasına, qısa boyluluğa, gövdənin qalınlaşıb həddindən çox budaqlanmasına, yarpaqların inkişaf etməyib bükülməsinə, rənginin dəyişməsinə və tökülməsinə, çiçəkləmənin gecikməsinə və nəticədə bitkinin yığımdan xeyli əvvəl məhv olmasına səbəb olur. Bitkinin yerüstü hissələrində yoluxma az hallarda aşkar olunur. Kök yumrularının səthində isə ləkələr əmələ gəlir. Ləkələr olan yerdə bir qədər batıqlıq müşahidə olunur və quru çürüməyə bənzəyir. Ləkələrin rəngi qabığın rəngindən daha tünddür (bəzən qurğuşun rəngində) və yoluxmamış sahə ilə aydın bir sərhədlə ayrılır. Saxlama zamanı ləkələr böyüyür, nəticədə çatlar əmələ gəlir. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə baş verir ki, bu da, anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır.
Mübarizə tədbirləri:
- növbəli əkinin tətbiq edilməsi,
- payızda sahənin şumlanması, sahəyə karbamid və üzvi gübrələrin verilməsi,
- həyətyanı sahələrdə sahəyə küllə qarışdırılmış çürümüş peyinin verilməsi, kartof əkinindən dərhal sonra sahənin toyuq peyini həlledilmiş su ilə suvarılması,
- kartof yumruları saxlanılan anbarlarda temperatur və rütubət rejiminə ciddi əməl olunması,
- əkindən qabaq sirayətlənmiş yumruların seçilərək çıxdaş edilməsi, sağlam əkin materialından istifadə olunması,
- yumruların əkinqabağı dərmanlanması,
- nematoda davamlı sortlardan istifadə olunması,
- sahənin alaq otlarından təmizlənməsi,
- sirayətlənmiş bitkilərin çıxarılaraq yandırılması,
sirayətlənmiş sahəyə ən tezi 4-5 ildən sonra təkrar kartofun əkilməsi və s. kimi aqrotexniki və profilaktik tədbirlərin həyata keçirilməsi kartof gövdə nematodunun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.
Zərərvericiyə qarşı təsiredici maddəsi Ethoprophos və ya Fenamiphos və d. olan nematisid və fumiqant nematisidlərdən istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparıla bilər. Zərərvericinin torpaq zərərvericisi olduğunu nəzərə alaraq, əkindən 1-2 gün əvvəl və ya dərhal sonra qeyd olunan tərkibli nematisidlərin biri ilə məsarif norması gözlənilməklə torpaq dərmanlanmalıdır. Dərmanlamadan dərhal sonra (həmin gün) torpaq becərilməli, dərmanın 15-20 sm dərinliyə qarışması təmin edilməlidir.
Kimyəvi mübarizə tədbirləri sahə üzrə mütəxəssislərin nəzarəti altında və pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla həyata keçirilməlidir.
B.e.ü.f.d. Şükür Əhmədov
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır