Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri– Fermerlərə tövsiyə
2023-07-03 00:00:00
Pambıq bitkisi üzərində 200 növdən çox müxtəlif növ ziyanlı orqanizmlər - həşərat, gənə, xəstəlik törədən mikroorqanizmlər və digərləri yaşayır və çoxalırlar. Pambıq aqrosenozunda onun zərərvericilərini məhv edən 50-dən çox yırtıcı və parazitlərə də rast gəlinir.
Pambıq sovkası (Helicoverpa armigera Hb.), hörümcək gənəciyi (Tetranychus urticae Koch.), tütün tripsi (Thrips tabaci Lind.) və mənənələr (yonca və ya akasiya - Aphis craccivora Koch., pambıq və ya bostan - Aphis gossypii Glov. və böyük pambıq mənənəsi - Acyrthosiphon gossypii Mordv.) Azərbaycanda pambıq bitkisinin əsas zərərvericiləridir. Pambıq bitkisi vegetasiyası dövründə cücərti fazasından tam yetişməyə qədər müxtəlif orqanizmlər tərəfindən zədələnir.
Mənənələr :Yonca (və ya akasiya), bostan (və ya pambıq) və böyük pambıq mənənələri bitkinin ən zərif hissələrində - budağın təpə hissəsində və cavan yarpaqlarında məskunlaşaraq, xortumu ilə onları deşib şirə sorur və toxumalara tüpürcək vəzlərinin ifrazatını yeridirlər. Nəticədə toxumalar dağılır, cücərti zədələndikdə təpə tumurcuq məhv olur. Bir qədər sonra zədələnmiş yarpaqlar burulur, qırışır və bir qismi tökülürlər. Generarativ orqanların formalaşdığı dövrdə mənənə ilə zədələnmə qönçə və qoza başlanğıclarının tökülməsinə səbəb olur, tökülməyən qozalar isə az məhsuldar olurlar. İtki əksər hallarda 20%-dən yuxarı olur. Qozaların açdığı dövrdə mənənə ifrazatı ilə pambıq mahlıcını çirkləndirir. İfrazat üzərində inkişaf edən qurum göbələkləri pambıq liflərinin qaralmasına və xarab olmasına səbəb olurlar.
Quru və isti rayonlarda mənənələr çoxsaylı olmurlar, bu səbəbdən Azərbaycanın pambıqçılıq rayonlarında mənənələr vegetasiyanın əvvəlində və sonunda pambığa təsərrüfat əhəmiyyətli ziyan vururlar. Əlverişli şərait olduqda may-iyun aylarında onlar kütləvi sürətdə çoxalırlar.İyunun sonu və iyulun əvvəllərində yırtıcı və parazitlərin fəaliyyətinin artması, eləcə də əlverişsiz meteoroloji şərait pambıq sahələrində mənənələrin miqdarının kəskin azalmasına gətirib çıxarır.
Mübarizə tədbirləri : Mədəni bitkilərin vegetasiyaları arasındakı dövrdə bostan mənənəsi alaq otları üzərində yaşayır və qidalanirlar. Bu səbəbdən alaq otları tam məhv edilməlidir.
Mənənə ilə bioloji mübarizədə yırtıcı afidimiza, Aphidiidae fəsiləsindən olan parazitlıərdən və qismən Cycloneda limbifer, Micromus angulatus, Chrysopa spp., Leis dimidiate sürfələrindən istifadə edilməklə mübarizə aparılır.
Pambıq bitkisinin 100 yarpağı üzərində mənənələr 50-dən çox olarsa, sorucu zərərverici əleyhinə təsiredici maddəsi 40%-li Dimethoate (1,5-2,5 l/ha), 20%-li Asetamiprid (0,2 kq/ha) və ya 25%-li Methomyl (0,8 kq/ha) olan pestisidlərin biri ilə dərmanlama aparılmalıdır.
Tütün tripsi: Tütün tripsi bütün Azərbaycan ərazisində yayılıb və 400-ə qədər bitkini zədələyir.
Martın sonu-aprelin əvvəllərində onlar qışlama yerlərindən çıxaraq, alaq otları və yonca ilə qidalanırlar, cücərtilərinin görünməsi ilə pambığa keçir və payıza qədər pambıq üzərində yaşayırlar. Yaşlı trips və sürfələri yarpaq, ləçək və digər orqanların toxumalarındakı şirə ilə qidalanırlar. Zədələnmiş toxumalar saralır, quruyur, qönçələr isə açılmırlar.
Mübarizə tədbirləriTütün tripsi əleyhinə aqrotexniki, bioloji və kimyəvi üsullarla mübarizə aparılır.
Aqrotexniki üsul. Tütün tripsi quraq yerlərdə bitən bitkilərlə qidalanmağa üstünlük verir, bu səbəbdən düzgün suvarma və havadakı yüksək rütubətliliyi təmin edən aqrotexniki tədbirlərdən istifadə olunmalıdır. Torpaq dərin şumlanmalı, əkin dövriyəsinə əməl edilməli, yığımdan sonra bitki qalıqları məhv edilməlidir. Tripsin qidalandığı alaq otlarına qarşı mübarizə aparılmalıdır.
Bioloji üsul. Trips sürfələri əleyhinə fitoseid gənələrdən (Neoseyulus) istifadə olunmalıdır. Yüz bitkiyə 300-500 fərd tətbiq olunur. Orius bağacığı və Antokoris də tripsə qarşı səmərəli bioloji agentlərdir.
Kimyəvi mübarizə. Azərbaycanda tütün tripsi əleyhinə Asetamiprid (0,2 kq/ha) və Methomyl tərkiblı (0,8 kq/ha) insektisidləri geniş tətbiq edilir.
Hörümcək gənəciyi: Şəraitdən və ərazinin coğrafi vəziyyətindən asılı olaraq hörümcək (tor) gənəciyi ildə orta hesabla 10-15 nəsil verir. Havanın kəskin soyuması güclü yağışlarla müşahidə olunduqda gənəciyin miqdarı əhəmiyyətli dərəcədə azalır, 7-10 gündən sonra gənə miqdarca yenidən artmağa başlayır. Pambıqda gənələr yarpaqların alt tərəfində (adətən damar boyunca) və çiçək altlığında toplaşırlar, çox vaxt yüzlərlə fərddən ibarət koloniyalar əmələ gətirirlər.. Zədələnmiş yarpaqların üst tərəfində qırmızi ləkələr əmələ gəlir, ləkələr sonradan birləşirlər. Yarpaqlar qızarır, sonra qonurlaşır və tökülürlər. Əkində pambıq bitkilərinin 5%-i sirayətləndikdə və ya seçmə üsulu ilə götürülmüş 100 yarpaqda 150 və daha çox gənə qeydə alındıqda, hörümcək gənəciyi əleyhinə kimyəvi mübarizə tətbq olunur. Sahədə pambıq bitkiləri hörümcək gənəciyi ilə güclü sirayətləndikdə və ona qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmədikdə pambıq məhsulunun (mahlıcın) 35-50%-nin itkisi baş verir.
Mübarizə tədbirləri: Erkən yazda (mart-aprel) sahənin və arxların kənarlarında alaq otları üzərində qidalanan sorucu hörümcək gənəciyinə qarşı ilk dərmanlama 1 m2 sahədə 20 fərddən yuxarı gənəcik müşahidə edildikdə aparılır.
40%-li Dimethoate (1,5-2,5 l/ha) tərkibli preparat ilə sahə dərmanlanmalıdır. Hörümcək gənəciyinə qarşı həmçinin 0,15-0,16 l/ha məsarif normasında Abamektin 40 gr/l + spirodiklofen 240 gr/l və 0,4 l/ha məsarif normasında 18 qr/l Abamektin çox səmərəlidir. Pambıq sovkası: Pambıq sovkası (Helicoverpa armigera Hb.) Azərbaycanda pambığın ən qorxulu zərərvericisi olmaqla bir sıra bitkilərə, o cümlədən qarğıdalıya, pomidora, noxuda, tütünə və diğər mədəni bitkilərə zərər vurur. O, polifaq zərərverici olub, Azərbaycanda 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır. Zərərverici Azərbaycanda bütün pambıqçılıq rayonlarında geniş yayılmışdır.
Pambıq sovkası, əsasən qenerativ orqanlara - qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Əksər hallarda qönçələrin daxili yeyilir ki, zədələnmiş belə qöncələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir. Qozaların içərisində isə tırtıl onun daxilini toxumla bərabər yeyir. Zədələnmiş qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanin yalnız zədələnməmiş qanadları açılır. Zədələnmiş qozalarda lifin keyfiyyəti pisləşir. Bir tırtıl həyatı boyu 2-3 qoza da daxil olmaqla, 20-dək bar orqanını zədələyə bilir. Vegetasiyanın sonunda pambıq sovkasının vurduğu ziyan daha böyük olur, bu zaman yenidən əmələ gələn qozalar məhsul verə bilmirlər.
Pambıq sovkasını aşkar etməkdən ötrü feromonlu tələlərdən istifadə edilir. Sovka kəpənəklərinin uçuşa başlamalarına 7-10 gün qalanda hər 10 ha pambıq əkini sahəsinə 1 ədəd feromonlu tələ asılır. İlk kəpənək tutulduqdan sonra tələlərin miqdarı artırılır və 2 hektara bir tələ asılır. Tutulmuş kəpənəklərin miqdarı əsasında zərərvericinin populyasiya sıxlığını və tırtılların çıxma vaxtlarını proqnozlaşdırmaq olar.
Mübarizə tədbirləri: Aqrotexniki və bioloji: Tırtıl və kəpənəklərin qidalanma şəraitlərini pisləşdirmək üçün alaq otları məhv edilməlidir;
Pupları məhv etmək üçün dərin dondurma şumu aparmaq, cərgə aralarını becərmək və qış suvarmaları aparmaq çox səmərəlidir;
Pambıq bitkisində ucvurma əməliyyatından sonra bitki qalıqları sahədən çıxarılmalıdır;
Pambığ bitkisinin sovkaya davamlı formalarından istifadə olunmalıdır;
Hər dəfədə hektara 60-70 min fərd olmaqla, pambıq sahəsinə hər nəslə qarşı 3-4 dəfə trixoqramma buraxmaq lazımdır;
Zərərvericinin hər nəslinə qarşı üç dəfə habrobrakon buraxılmalıdır (cəmi 0,5-2,0 min fərd/ hektara).
Kimyəvi: Kimyəvi mübarizənin tırtılların insektisidlərə həssas olduğu kiçik yaşlarında aparılması, yüksək bioloji səmərəni təmin edir. Nəzərə almaq lazımdır ki, yaşlı tırtılları məhv etmək, praktiki olaraq çətin olur, onlar zəhərlərə çox davamlı olurlar.
Bioloji səmərəliliyi yüksəltmək və süni davamlılığı ləngitmək məqsədi ilə müxtəlif təsir mexanizminə malik insektisidlərin pambıq sovkasına qarşı birgə tətbiqi tövsiyə edilir. Zərurət yaranarsa, müxtəlif biotoplarda, şəraitdən asılı olaraq, fərqli insektisid kombinasiyalarından istifadə etmək olar:
Hər iki nəslə qarşı birinci dərmanlamaları Lyamda-siqalotrin (0,1 l/ha) + Primifos-metil (0,8l/ha) qarışığı ilə, ikinci çiləməni Lyamda-siqalotrin (0,1 l/ha) + Lyufeniron (0,3 l/ha) və s. ilə aparmaq səmərəlidir;
Dərmanlamada Methomyl (0,2kq/ha) və Emamektin-benzoat (0,4 kq/ha); Thiametoksam (0,2 kq/ha) və İndoksakarb (0,3 l/ha); yaxud Emamektin-benzoat (0,4 kq/ha) və Sypermetrin (0,5 l/ha) tərkibli preparatları qarışdırmaqla birgə tətbiq etmək də yaxşı nəticə verir.
Təsir mexanizmi fərqli insektisidlərin pambıq sovkasına qarşı birgə tətbiqinin arzuolunmaz tərəfləri də vardır; bu zaman hektara düşən pestisid yükü artır, istehsal olunan məhsulun maya dəyəri yüksəlir. Pambıq sovkasına ikili təsir göstərən, tərkibində iki kimyəvi sinfə aid təsiredici maddə olan (Lyufenuron 30 qr/l + fenocsikarb 75 qr/l və ya Beta-sypermetrin 40 qr/l + dimethoate 300 qr/l) preparatların tətbiqi daha məqsədəuyğundur.
İnteqrir mühafizə: İnteqrir mübarizə sistemində aqrotexniki, mexaniki, kimyəvi və bioloji mübarizə üsullarının müvafiq elementləri kompleks şəklində tətbiq edilir. Alaq otları bütün il boyu məhv edilir, tez qoncə verən sortlar əkilir, əsas və əlavə gübrələrin verilməsi, torpağın becərilməsi və suvarılması vaxtında və düzgün həyata keçirilir. Aqrotexniki tədbir olaraq, pambıq altından çıxmış sahələr mart ayına qədər dərin şumlanmalı, payız-qış suvarmaları aparılmalı, veqetasiya ərzində kultivasiya işləri həyata keçirilməlidir. Bu tədbirlər torpaqda olan yetkin tırtıl və puplara olduqca pis təsir edir. Kütləvi yumurta qoyuluşunun sonunda pambıqda dərin ucvurma aparılmalı, yaşıl kütlə kənara çıxarılıb məhv edilməlidir. Ucvurma, zərərverici populyasiyasının 30-50% azalmasını təmin edir.
Pambıq sahələrinin mikrobioloji preparatlarlarin (Dendrobasilin, Bitoksibasilin, Endobakterin və s.) 2%-li suspenziyası ilə dərmanlanması pambıq sovkasının kiçik və orta yaşlı tırtıllarının 55-60% ölümünə səbəb olur. Bioloji agentlərdən trixoqramma, habrobrakon və s. kimi faydalı həşaratlardan istifadə olunur. İnteqrir mühafizə sistemində miqdar tənzimləyici kimyəvi mübarizə tədbirləri, yalnız zərəverici ilə sirayətlənmiş lokal ərazilərdə aparılmalıdır ki, faydalı həşaratları qorumaq imkanı olsun. Kimyəvi tədbirlər zamanı selektiv preparatlardan istifadə olunmalı, zərurət yaranarsa digər kimyəvi preparatlardan (sovkanın iqtisadi ziyanlı həddi və entomofaqların səmərəli miqdarı nəzərə alınmaqla ) istifadə olunmalıdır.
Aparılan çoxillik tədqiqatlar nəticəsində aydın olmuşdur ki, sovkanın birinci nəslinin inkişafı dövründə 100 pambıq bitkisində faydalı həşəratların miqdarı 145-150 ədəd, ikinci və sonrakı nəsillərdə 250 və daha çox olduqda, zərərverici əleyhinə insektisidlərin istifadəsinə ehtiyac qalmır. Əkinlərin zərərli orqanizmlərdən mühafizəsinin inteqrir əsaslarla təşkili həm iqtisadi, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Biologiya elmləri üzrə fəlsəfə doktoru Şükür Əhmədov
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır