Heyvanlar üçün döşənək materiallarına dair mütəxəssis tövsiyələri
2019-11-05 00:00:00
Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri bütün fəsillərdə heyvanların yatdığı yerlərin quru, təmiz və yumşaq olmasını tövsiyə edərək bildirirlər ki, bunun üçün bölmələrdə, bordaqlarda, şöbələrdə və qəfəslərdə ayaqaltına döşənək səpilməlidir. Döşənək çirkləndikdə və nəmləndikdə təmizlənməli və yenisi ilə əvəz edilməlidir.
Döşənək yatmış heyvanla döşəmə arasında mühafizəedici qatdır. Bu qat orqanizmdən istiliyin döşəməyə keçməsinin qarşısını alır və onun istilik itirməsinə yol vermir.
Döşənək üçün istiliyi pis keçirən, istilik, nəmlik tutumu çox və hiqroskopikliyi yüksək olan, yumşaq, möhkəm və tez ovxalanmayan material seçilməlidir. Döşənək materialının əsas müsbət xüsusiyyətlərindən biri onlarda nəmlik tutumunun çox olmasıdır. Ən çox nəmlik tutumu olan döşənək torf (1000—1210%), taxta kəpəyi (490—520%) və samandır (370—450%).
Döşənək materialı heyvanın tükünə və dərisinə yapışmamalıdır, tozlu və zəhərli bitkilərdən olmamalı, xəstəlik törədicilərinə görə sağlam olmalıdır. Ən yaxşı döşənək materialı yuxarıda göstərilən xüsusiyyətlərə malik olmaqla, gübrəlik keyfiyyəti olan, pis qazları absorbsiya (udan) edən və mikrobları məhv edən bilən materiallardır. Bu döşənək materiallarının əlverişlisi və geniş istifadə ediləni saman və torfdur. Saman döşənəyi isti, quru, təmiz və nəmlik tutumu çox olub, istiliyi itirmir, heyvanın dərisini çirkləndirmir. Bundan başqa, saman peyinə qarışaraq onun miqdarını artırır və gübrəlik keyfiyyətini yaxşılaşdırır. Saman döşənək üçün 10-15 sm uzunluğunda doğranmalıdır, xırda doğrandıqda nəmlik tutumu azalır və heyvanın dərisini çirkləndirir. Saman döşəməyə çox səpilməməlidir, çünki peyin samanlı olduqda mikroblar onu parçalaya bilmir, onun gübrəlik keyfiyyəti aşağı düşür, torpaqda denitrifikasiya (bakteriyalarının köməyi ilə gedən geniş proses) prosesi gedir, parçalanmış azotdan mikroblar istifadə edir, bu da peyində azot itkisinə səbəb olur.
Torfda döşənək materialları üçün göstərilən bütün tələbat vardır. Onun yüksək qaruduculuq xassəsi və nəmlik tutumu olmaqla bərabər, bakteriostatik və bakterisid təsirləri də var. Bakterisid təsiri onun turş reaksiyalı olması ilə izah edilir.
Torfun istilik keçirməmə və qaz udma xassəsi samandan yüksəkdir. Məsələn, samana görə torf istiliyi 1,5 dəfə pis keçirir, saman ammonyak qazını 0,1-0,6% udduğu halda, torf 1,5-2,5% udur. Torfda (xüsusilə nəmli torfda) azot itkisi ammonyak halında çox az olur.
Torf döşənək materialı kimi istifadə edildikdə, sidiyin fəal azotu ilə ammonyak və mikroblar çoxalır. Bu mikroblar torfdakı azotu parçalayır.
Torpağa verilmiş adi torf öz gübrəlik xassəsini torpağa çox zəif keçirir.
Torfda paratif bakteriyaları 3, toyuqların tif xəstəliyini törədən bakteriyalar 7, bağırsaq çöpləri 8 günə öz inkişafını dayandırır.
Torf iki məqsədlə-döşəmə və döşənək materialı kimi istifadə olunur. Döşəmə kimi işlədildikdə yerə kip döşənir və möhkəm tapdalanır. Üzəri çirkləndikdə isə təzələnir. Heyvanın dərisinin çirklənməməsi və rənglənməməsi üçün torfun üzərinə azca saman səpmək lazımdır.
Peyinin keyfiyyətini yaxşılaşdırmaq, quruduculuq xassəsini artırmaq üçün samana və torfa superfosfat, daş yonqarı və gips qatılır. Hər 25 kq döşənək materialına 1 kq superfosfat norma sayılır, çünki super fosfatda sərbəst sulfat turşusu var, bu da ammonyakla reaksiyaya girir. Bu reaksiya nəticəsində superfosfat ammonizasiyaya uğrayır.
Heyvanların növündən, döşəmənin və döşənəyin keyfiyyətindən, ilin fəslindən, heyvanların pəyə şəraitində saxlanma vaxtından asılı olaraq bir baş heyvan üçün sərf edilən gündəlik döşənək materialının miqdarı müxtəlif olur (cədvəl 1).
Cədvəl 1.
Bir gündə hər baş heyvan üçün sərf edilən döşənək materialının miqdarı
Heyvanın növü |
Saman (kq-la) |
Torf (kq-la) |
Damazlıq atlar üçün |
1,8-2,0 |
2,5—4 |
İş atları
|
2,5-3,0 |
— |
İnəklər
|
2,5-3,0 |
— |
Cavan heyvanlar
|
1,5-2,0 |
3—6 |
Donuzlar
|
1,5-2,0 |
— |
Qoyunlar |
0,2 |
— |
Torf və saman döşənək materiallarından sonra nisbətən yaxşı, quru və təmiz döşənək taxta kəpəyi sayılır. Taxta kəpəyinin nəmlik tutumu yüksəkdir, istiliyi yaxşı saxlayır və yumşaqdır, lakin islandıqda sidiyi və nəmliyi hopdurma xassəsi azalır, soyuq olur və heyvanın dərisini çirkləndirir. Taxta kəpəyindən ən çox donuz və qaramal saxlanan binalarda istifadə edilir. Uzun tüklü heyvanlar (xüsusilə qoyunlar) üçün əlverişli deyildir. Şam və zeytun ağacının kəpəyi ən yaxşı kəpək sayılır. Tərkibində qatran olan ağacların (xüsusilə saqqız ağacının) kəpəyi əlverişli deyildir, çünki heyvanların dərisinə tez yapışır və onların həzm orqanlarına düşdükdə sancı əmələ gətirir, bundan başqa, dırnaq xəstəliklərinin də əmələ gəlməsinə səbəb olur. Nəm kəpək atın dırnaqlarını çox yumşaldır, quru kəpək isə qurudur, atın dırnaqları arasına dolduqda çürümə əmələ gətirir. At tövlələrində döşənək materialı kimi taxta kəpəyi işlədildikdə atın dırnaqları tez-tez yoxlanmalıdır. Taxta kəpəyinin samanla qarışıq işlədilməsi daha əlverişli sayılır. Taxta kəpəyi peyinin gübrəlik keyfiyyətini aşağı salır.
Meşəlik zonalarda ağac yarpaqlarından, zərif bitkilərdən və onların budaqlarından hazırlanmış materiallardan, habelə təmiz və quru meşə zibilindən (ağacın dibinə tökülmüş yarpaq, nazik budaqlar, onların qırıntıları, qurumuş alaq otlarının qalıqları və s.) döşənək materialı kimi istifadə edilir. Bu materialların nəmlik tutumu yüksəkdir, onlar yumşaqdır, təsərrüfat üçün ucuz başa gəlir. Lakin döşəmə islandıqda heyvanın dərisini çirkləndirir, buna görə də döşənək tez-tez təzələnməlidir.
Bataqlıq yerlərdə bitən bitkilərdən (cildən, qamışdan) hazırlanan döşənək materialı kobuddur, nəmlik tutumu azdır, istiliyi zəif saxlayır. İynəyarpaqlı, paxlalı və süpürgə bitkilərindən olan döşənək materialları az yararlıdır. Bu döşənək materialı sərt olur, tez ovxalanır, dərini çirkləndirir və qıcıqlandırır, qoyunların yununu xarab edir, nəmlik tutumu azdır, istiliyi pis saxlayır, nəcis ilə pis qarışır, gec parçalanır (peyinin gübrəlik keyfiyyətini aşağı salır). Samanla qarışıq işlədildikdə göstərilən nöqsanlar bir qədər azalır.
Mamırdan hazırlanan döşənək isti və yumşaq olur, nəmlik tutumu yüksək, lakin pis parçalandığına görə gübrəlik keyfiyyəti aşağı olur.
Bəzən uzunluğu 0,5 sm-dən artıq olmayan ağac yonqarı döşənək kimi istifadə edilir. Bu döşənək isti, quru, təmiz və yumşaq olmaqla, nəmlik tutumu da yüksəkdir. Lakin pis parçalanır, gübrəlik keyfiyyəti aşağıdır.
Döşənək materialları binanın təmizlənmə vaxtından asılı olaraq əsasən üç üsulda işlədilir: birinci üsulda səpilmiş döşənək hər gün təzələnir. Bu üsuldan qaramal, donuz, at və qoyun saxlanan binalarda istifadə edilir. İkinci üsulda döşənək materialının çirklənmiş hissəsi həftədə bir dəfə götürülür. Bəzən isə döşənəyin çirklənmiş qatı hər gün götürülüb, yenisi ilə əvəz edilir. Bundan başqa, döşənəyin orta qatı çirkləndikdə vaxtaşırı götürülür, aşağı qatı tapdalanır, üzərinə isə təzə döşənək səpilir. Götürülmüş üst qat orta qatın yerinə qoyularaq tapdalanır, köhnə orta qat isə çıxarılıb, üstündən təzə döşənək səpilir. Bu üsuldan ən çox bağlama sistemində buzovlar və atlar saxlanan tövlələrdə istifadə edilir. Bu məqsədlə at tövlələrində əsasən torf işlədilir.
Üçüncü üsulda hər gün köhnə döşənəyin üzərinə yenisi səpilir. Heyvanları pəyə şəraitində saxladıqda döşənək gündə 2-3 dəfə təzələnir. Buna, heyvanların peyin və ya qalın döşənək üzərində saxlanması deyilir. Bu üsul ancaq yaşlı qaramal və qoyunlar, az hallarda isə sağmal inəklər (bağsız sistemdə) saxlanan binalarda tətbiq edilir.
Qalın döşənək üzərində saxlama quşçuluqda da geniş tətbiq edilir.
Heyvanları yumşaq döşənək və peyin üzərində saxladıqda döşəmə isti, peyinin keyfiyyəti isə yaxşı olur. Döşəmənin isti olmasına səbəb peyində və yumşaq döşənəkdə biotermik proseslərin getməsidir.
Peyinin keyfiyyətli saxlanmasına onun daima sidiklə islanması və ayaq altında tapdalanması səbəb olur. Belə ki, tapdalanma nəticəsində peyin hissəcikləri arasındakı boşluqlar ləğv edilir, hava çıxarılır, anaerob şərait yaranır və peyinin parçalanmasının qarşısı alınır. Lakin heyvanların daima döşənək üzərində saxlanması onların dərisini və südünü çirkləndirir, habelə infeksion və invazion xəstəliklərin törədicilərinə qarşı mübarizəni çətinləşdirir.
Döşənəksiz saxlama üsulu qoyunçuluqda çox tətbiq edilir. Bu isə onların nəcisinin quru və sidiyinin az olması ilə əlaqədardır.
Aqrar Xidmətlər Agentliyi onu da tövsiyə edir ki, imkan olduqda qoyunların altına da döşənək materialının səpilməsi məsləhətdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır