Pambıq sahəsinin yığıma hazırlanması- mütəxəssis məsləhəti
2023-09-12 00:00:00
Pambığın maşınla yığılması məhsulun tez və itkisiz yığılmasına və həmin sahədə payızlıq əkinlər üçün aparılacaq aqrotexniki tədbirlərin (payız şumu və d.) vaxtında yerinə yetirilməsinə əlverişli şərait yaradır. İstər maşınla, istərsə də əllə pambıq yığımının səmərəliliyini yaxşılaşdırmaq üçün tarlada bir çox hazırlıq işləri yerinə yetirilməlidir. Sahə alaqlı və kol üzərində yarpaqlar çox olduqda kombaynın cərgəaralarında hərəkəti çətinləşir və yığılmış məhsul zibilli olur.
Məhsulun tez və itkisiz yığılması, həmçinin yığılacaq pambığın keyfiyyətinin və təmizliyinin qorunması üçün pambıq əkinlərində defolyasiya və desikasiya tədbirləri həyata keçirilir. Defolyasiya üçün istifadə olunan kimyəvi maddələrə defoliantlar, desikasiya üçün istifadə olunan maddələrə isə desikantlar deyilir.
Defoliantlar bitkidə yarpaqların qocalması və təbii tökülməsi prosesinə təsir göstərirlər. Defoliantların təsirindən yarpaqlarda xlorofilin miqdarı azalır, fotosintez zəifləyir, üzvi maddələrin əmələ gəlmə prosesi pozulur və digər fizoloji proseslər nəticəsində yarpaqlar saplağından qoparaq tökülürlər. Defolyasiya zamanı yüksək təzyiqlə dərman çilənməsinə imkan verən yerüstü çiləyici aqreqatlarından istifadə olunması yüksək səmərə verir.
Defolyasiyanın səmərəliliyi sahədə bitkilərin sıxlığından və bərabər qaydada inkişafından da çox asılıdır. Normal bitki sıxlığı və bitkiləri bir boyda olan sahələrdə defolyasiya tədbirləri zamanı bitkinin bütün yarpaqlarının defolyantlarla təması təmin olunur ki, buda bütün yarpaqların eyni zamanda tökülməsinə şərait yaratmış olur.
Defolyasiya tədbirlərinə başlanma vaxtının müəyyən edilməsi üçün bitkilərdə yetişmiş qozaların sayına diqqət etmək lazımdır. Zəif inkişaf etmiş sahələrdə hər bitkidə 2-3 ədəd, yaxşı inkişaf etmiş sahələrdə isə 3-4 qoza açdıqda defolyasiyaya başlamaq olar. Defolyasiya tarla nəmliyinin 65-70%-ə qədər və orta sutkalıq temperatur 17oC-dən aşağı olmadığı halda yaxşı nəticə verir.
8-10 gün ərzində yarpaqların tökülməsinin 75%-dən az olduğu hallarda təkrar defolyasiya aparılmalıdır. Bu zaman defoliantların məsarif norması bitkilərin mövcud vəziyyətinə və havanın temperaturuna görə hər bir tarla üçün fərdi qaydada müəyyən edilməlidir.
Məhsulu maşınla yığılacaq sahələrdə defolyasiya işlərini məhsulun yığılmasına iki həftə qalmış qurtarmaq lazımdır.
Defolyasiyadan fərqli olaraq desikasiya zamanı isə bitkinin gövdə və yarpaqlarının birlikdə tam quruması və açılmamış qozaların açılması baş verir. Payız yağışlarının tez başlaması ilə əlaqədar inkişafca geri qalmış, çoxlu açılmamış qozaları olan pambıq sahələrində ikinci, bəzi hallarda isə birinci yığımdan sonra desikasiya (bitkilərin qurudulması) tədbirlərinin aparılması məsləhət görülür. Desikasiya zamanı defoliantlardan istifadə oluna bilər. Lakin bu zaman preparatın norması artıq (təlimata uyğun) götürülməlidir.
Defolyasiya və desikasiya tədbirləri zamanı istifadə olunan preparatların yüksək toksikliyi nəzərə alınmalı və proses pestisidlərlə iş zamanı təhlükəsizlik qaydalarına əməl olunmaqla, ixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir.
Yığım
Pambıq yığımı avqustun sonu, sentyabrın əvvəllərində başlayır və noyabr ayının sonuna qədər davam edir. Qozaların hamsının eyni vaxtda açmaması yığım prosesini mürəkkəbləşdirir. Maşınla yığım məhsulun tez və az itkiylə yığımına imkan verir. Maşınla birinci yığıma qozaların 55-60%-i açıldıqda, ikinci yığıma əlavə olaraq qozaların 20-30%-i açıldıqda başlamaq tövsiyə olunur. Əks halda yetişməmiş qozaların əzilməsi, yerə tökülməsi və nəticədə xeyli məhsul itkisinə səbəb olur.
Əl ilə yığıma isə hər kolda ən azı 4 qoza açıldıqda başlamaq lazımdır. Əl ilə yığımı qısa müddətə, yəni 50-60 günə başa çatdırmaq üçün hesablanmış işçi qüvvəsi ilə təmin olunma diqqətdə saxlanılmalıdır.
B.e.ü.f.d. Şükür Əhmədov
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır