Bildirçin haqqında nə bilirik?
2019-11-22 00:00:00
Respublikamızda bildirçin quşlarının saxlanılması və ətinin istehsalı ilə məşğul olan sahibkarların sayı ilbəil artır. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirçinlərin öyrənilməsi və saxlanılması barədə əhaliyə, sahibkar və fermerlərə dolğun məlumat verməyi vacib hesab edir. Bildiririk ki, ölkəmizdə bildrçinlərin öyrənilməsi və saxlanılmasına hələ SSRİ dövründə (1964-cü ildə) keçmiş Yuqoslaviyadan gətirilmiş quşlarla başlanılıb. Bunun üçün “Yapon” bildirçinlərinin ən incə və xırda quş növlərindən istifadə olunub.
Bildirçinlərin öyrənilməsinə və istifadəsinə maraq onun ətinin və yumurtasının yüksək qidalılıq dəyərinə malik olmasıdır. Hal-hazırda bildirçinlərin saxlanılması və yetişdirilməsi bir çox həyətyanı təsərrüfat sahələrində də həyata keçirilir. Bildirçinlərin öyrənilməsi prosesində məlum olub ki, onlar qanadlanıb uçmaq və özlərinə yuva qurmaq kimi qabiliyyətlərini itiriblər. “Yapon” bildirçinləri yumurtlamağa çox erkən yaşlardan başlayır (35-40 gün), diri çəkiləri 90-100 q təşkil edir. İl ərzində onlardan 250-300 ədəd yumurta alınır.
Nəzərə alsaq ki, bildirçin yumurtasının çəkisi böyük olmasa da (10-11qr) ümumi yumurta kütləsi bildirçinin diri çəkisindən 20 dəfə çoxdur. Belə ki, yumurtanın tərkibinin 35,5%-i sarı maddə, 37,1%-i yumurta zülalı (ağ maddə) və 4,9%-ni qabıq təşkil edir. Toyuqlarda isə bu 1:8 nisbətini təşkil edir. Bunun müqabilində 1 kq yumurta kütləsinin istehsalına 2,8 kq qarışıq yem sərf edirlər. Əsasən bildirçin yumurtalarının rəngi dəyişərək ağ rəngdən açıq-qonur, xırda çilli və ya qəhvəyi-qonur rəngdə olur. 3 aylıq yaşda dişi bildirçinlərin diri çəkisi 130-135 q, erkəklərinki isə 120-125 q-a çatır. Artıq 2 aylıq yaşlarında onların çəkisi 110-120 qram təşkil etməklə satışa yararlı hesab olunurlar.
Dişi bildirçinlər yumurtlamağa günorta və günortadan sonra, bəzən gecə vaxtı, arada 30 saat interval olmaqla yumurtlayırlar. Toyuqlarda isə bu proses 24 saatdır.
Bildirçinlərin yetişdirilməsinə və geniş surətdə yayılmasına maraq təsadüfü yaranmayıb. Bu quşların yumurtası qidalılıq dəyərinə görə, ümumi götürdükdə, toyuq yumurtasının tərkibi ilə müqayisədə yüksəkdir. Belə ki, 5 ədəd bildirçin yumurtasının ümumi kütləsini 1 ədəd toyuq yumurtası ilə eyni götürsək, bildirçin yumurtasının tərkibində 5 dəfə fosfor, 7,5 dəfə dəmir, 6 dəfə vitamin B1, 15 dəfə isə B2 vitamini miqdarına görə çoxdur. Bundan başqa bildirçin yumurtası lizin, metionin, nikatin aspargin və qlutamin turşuları kimi aminturşularla, həmçinin xolosterinlə zəngindir. Bildirçin yumurtasında enerji 158 kkal-ə bərabərdir. Tərkibi 74,6% sudan, 13,1% proteindən, 11,2% yağlardan və 1,1% küldən ibarətdir.
Bildirçin yumurtası çox nazik qabığa (0,22mm) və aşağı sıxlığa malik olmaqla, qabıq altı pərdəsi kifayət qədər möhkəm olur. Bir sıra xəstəliklərə qarşı davamlı olan bildirçinlərin embrionlarından peyvənd hazırlanmasında xammal kimi geniş istifadə olunur. Laboratoriyada elmi təcrübələrin (fiziologiya, embriolorgiya, genetika, yemləmə və s.) aparılmasında bildirçinlər çox əlverişli tədqiqat obyekti sayılırlar. Əldə olunan məlumatlara görə, bildirçin yumurtası asma, hipertoniya, mədə yarası, allergiya və bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Bildirçin əti və yumurtası yüksək dad keyfiyyətinə malik olmaqla, zərif konsistensiyası, şirəliliyi və xoş ətri ilə fərqlənirlər, onlar həmçinin körpə uşaqların qidalanmasında da çox qiymətli ərzaq hesab olunurlar. Bildirçin əti isə ov quşlarının spesifik dadına malik olmaqla tərkibində yağların miqdarı çoxluq təşkil edir. Bildirçin əti və yumurtasının istehsalı dünyanın bir çox ölkələrində geniş yayılmışdır (Yaponiya, ABŞ, İtaliya, Fransa, İngiltərə, Almaniya, Polşa, Bolqarıstan və s.). Hətta, 60-cı illərdə Yaponiyada gündəlik bildirçin yumurtası istehsalı 150 milyon ədəddən çox olmaqla məktəblərdə şagirdlərin səhər yeməyinin əsasını təşkil edirdi.
Hal-hazırda bildirçin əti və yumurtasının, sənaye əsasında istehsalı ilə ixtisaslaşdırılmış təsərrüfatlarda intensiv üsullardan istifadə etməklə məşğul olurlar. Belə ki, həm cavan, həm də yaşlı quşlar tamamilə qəfəs şəraitində saxlanılırlar. Bildirçinlər yetişdirilən qəfəslərin demək olar ki, havası çox yaxşı surətdə təmizlənməli, dəyişilməli və qızdırılmalıdır. 1 kq diri çəkiyə binadaxilində hava axını qış aylarında 1,5 m3/saat mütləq lazımdır, yay aylarında isə əksinə, binadaxilində hava axını 5 m3/saat olmalıdır. Normativlərə görə quşlar 1m2 sahəyə 80-120 baş yerləşdirilməlidir. Təmiz havanın içəri daxil olduğu zaman kəskin havanın (soyuq yelin) ötürülməsinə yol verilməməlidir, belə ki, bildirçinlər soyuq hava şəraitinə dözmək xüsusiyyətlərinə malik deyillər, kəskin hava içəri daxil olarsa, bildirçinlərin tükləri tökülə bilər. Bu zaman bildirçinlər lüt qalır, yumurtavermə qabiliyyəti aşağı düşür və məhv olması çoxalar. Nəzərə almaq lazımdır ki, bildirçin quşları stress faktorlara qarşı çox həssasdırlar.
Binadaxilində havanın temperaturu, nəmliyi, işıq rejimi normativlərə uyğun olmadıqda, məhsuldarlıq aşağı düşür, boy və inkişaf zəifləyir. Bu faktorlara diqqətlə yanaşmaq lazımdır. Aqrar Xidmətlər Agentliyi bildirir ki, son zamanlar respublikamızda quşçuluğun bu sahəsinə maraq xeyli artıb. Bunu nəzərə alaraq bildirçin quşlarının yetişdirilməsi və onların bioloji-təsərrüfat xüsusiyyətləri elmi surətdə araşdırılmalı və bildirçin quşları ilə məşğul olmaq istəyən fermerlər həmin quşların cins müxtəlifliyinə, saxlanma və baxım texnologiyasına aid normativlərə diqqətlə yanaşmalıdırlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır